ABŞ-ın Azərbaycandakı səfiri müstəqil mətbuatın formalaşmasında qadın jurnalistlərin mühüm rolunu qeyd edir
07.03.2009 "İnterfax"
Azərbaycanın qadın jurnalistləri müstəqil peşəkar mətbuatın yaranmasında mühüm rol oynaya bilərlər. ABŞ-ın Bakıdakı səfiri Enn Dersi belə hesab edir."Azərbaycanın qadın jurnalistləri müstəqil peşəkar mətbuatın yaranmasında mühüm, aparıcı rol oynaya bilər və bununla da siz Azərbaycanın demokratik gələcəyinin təmin olunmasına kömək edərsiniz", -deyə E.Dersi şənbə günü Azərbaycanın Qadın Jurnalistləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirdiyi tədbirdə bəyan edib.O, Azərbaycanda KİV-in mürəkkəb vəziyyətini qeyd edib. "Hazırda müstəqil jurnalistika nadir hadisədir. KİV daha çox hakimiyyətə, siyasi partiyalara və şəxsi maraqlara xidmət edən informasiya alətini xatırladır. Bu oyuncaq jurnalistikadır. Fərdi şəxslərin deyil, xalqın maraqlarına xidmət edən müstəqil jurnalistlərin olması vacibdir. Beləliklə, qadın hüquqları uğrunda mübarizədə mətbuatın maraqları ilə məşğul olan təşkilatların hüquqlarına da diqqət ayırmaq lazımdır", -deyə E.Dersi bildirib.
"Women’s Media Watch" qadın jurnalistlər üçün tədbir keçirəcək
2 Mart 2009
Bakı. Laçın Sultanova - APA. "Women’s Media Watch" (WMW) Azərbaycan Qadın Jurnalistlər Birliyi martın 7-də “Hyatt Park” otelində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirəcək. WMW-dan APA-ya verilən məlumata görə, tədbirdə BMT-nin Azərbaycandakı missiyasının rəhbəri Bruno Pueza, ATƏT-in Bakı Ofisinin təmsilçisi Aleksi Şahtaxtinski, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek, qadın səfirlər Kürolayn Braun (Böyük Briyaniya) və Ann Dersi( ABŞ) çıxış edəcəklər. Azərbaycanın dövlət və ictimai xadimləri, qadın liderlər və mətbuat nümayəndələrinin də qatılacağı tədbir tanınmış sənətçilərin ifası ilə davam edəcək.
Sevinc Osmanqızı, Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri: “Təşkilatımız yeni layihələrin sayını artırır”
“Vumens Media Voç” Azərbaycan Qadın Jurnalistlər Birliyinin təşkil etdiyi ilin planlaşdırılması tədbiri qadın jurnalistləri, siyasətçiləri, mədəniyyət nümayəndələrini bir araya gətirdi. Tədbirdə təşkilatın 1 il ərzində gördüyü işlərə yekun vuruldu və 2009-cu il üçün fəaliyyət planı açıqlandı. Tədbir barədə Birliyin sədri Sevinc Osmanqızı ilə söhbət etdik. Bu tədbiri keçirməkdə məqsədimiz il ərzində görülən işlərə yekun vurmaq, gələn il üçün nəzərdə tutulan fəaliyyət planımızı açıqlamaq idi. Öncədən demək olar ki, təşkilatımız reallaşdırmaq istədiyi yeni layihələrin sayını artırır. Tədbir, eyni zamanda Birliyin üzvü olan qadın jurnalistlərimizə göstərdikləri dəstəyə görə təşəkkür etmək imkanı verdi. Bu gün Birliyimiz yüzdən artıq qadın jurnalisti sıralarında birləşdirir, əsas iş yükü də könüllü surətdə fəaliyyət göstərən xanımlarımızın çiynindədir.
Qadın Jurnalistlər Birliyini yaratmaqda məqsəd nədir? Birliyin məqsədi müxtəlif mətbuat orqanlarında çalışan qadın jurnalistlərimizə öz peşə imkanlarını genişləndirmək, yeni sahələrdə özünü sınamaq, ixtisaslarını artırmaq imkanlarını yaratmaqdır. Məsələn, mədəniyyətdən yazan xanım jurnalistlərimiz siyasi mövzularda keçirilən mütəmadi müzakirələrdə iştirak edə bilir, maraq dairələrini genişləndirə bililrlər. Əksinə, siyasi-ictimai mövzularla məhdudlaşan xanımlarımız mədəniyyət xadimləri ilə ünsiyyətə girir, gender mövzusunu müzakirə edir, ictimaiyyət üçün xeyirli olan işlərə cəlb olunurlar. Biz Azərbaycan mətbuatında qadınların rolunun güclənməsi, keryerada inkişaf etməsi, qərarverən vəzifələrə çəkilməsinə çalışırıq. Mətbuat rəhbərliyində qadınların təmsil olunması Azərbaycan jurnalistikasının daha təmsilçi və peşəkar olmasına xidmət edir. Yalnız cəmiyyətin yarısının səsinin eşidildiyi mətbuat təmsilçi mətbuat sayıla bilər. Qadınların mətbuatda qərarverən vəzifələrdə çalışması jurnalistikamızda maarifləndirməni gücləndirər, sosial, mənəviyyat, gənc nəslin tərbiyəsi kimi məsələlərə diqqəti artırardı. Bu gün Azərbaycan mətbuatının problemlərindən biri həddindən artıq siyasiləşmə, maariflənmə elementinin zəif olmasıdır. Jurnalistikada qadınların rolunun güclənməsi bu problemin həllinə yardım edər, jurnalistikada insan faktorunu gücləndirərdi. Biz bütün mətbuat orqanlarında qərar verən vəzifələrdə qadınların çəkisinin və sayının artmasını görmək istəyirik.
Məgər bu gün Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş deyilmi?
Yox, şübhəsiz bu gün Azərbaycanda kifayət qədər jurnalistika ilə məşğul olan xanım var. Kameraların qarşısında bu xanımların sayı çoxdur, lakin kamera arxasında qərar verən vəzifələrdə və xəbər redaksiyalarının rəhbərliyində onları barmaqla saymaq olar. Biz xanım jurnalistlərimizin irəli aparılması, karyeralarında irəliləməsi üçün imkanlar yaratmağa həvəsləndiririk və çalışırıq.
2008-ci ilin sizin üçün əsas yekunları nə oldu?
Ötən bir il ərzində biz Azırbaycandakı, demək olar ki, bütün mətbuat orqanlarının rəhbərləri ilə fərdi görüşlər keçirmiş, orada xanım jurnalistlərimizin vəziyyətini müzakirə etmiş, Azərbaycanda etik və məsuliyyətli mətbuatın inkişafı üçün zəruri şərtləri müzakirə etmişik.
Sizcə, Azərbaycanda bu cür mətbuatın inkişafı üçün nə lazımdır?
Bundan ötrü Azərbaycanda azad və etik mətbuat prinsipləri aşılanmalı, jurnalistlər məsulliyyətli yazmağa, hakimiyyətdəkilər isə mətbuatın yazdıqlarına dözümlü yanaşmağa həvəsləndirilməlidirlər. Azadlıq başlanan yerdə məsuliyyət başlanır. Mətbuat azadlığı – informasiya azadlığıdır, dezinformasi azadlığı deyil. Təəssüf ki, bunu heç də həmişə nəzərə almırlar.
Əsas amillərdən biri də səriştəlilik, professionallıqdır. Bu sahədə bizim təşkil etdiyimiz təlim məşqləri və ixtisasartırma kursları jurnalistlərə öz peşə bacarığını artırmaq imkanı yaratmağa kömək edir.
Tədbirdə, həmçinin, “Azərbaycanı tanı” layihəsinin təqdimatı keçirildi. Bu layihənin məqsədi nədir?
“Azərbaycanı tanı” Aynur Talıbova ilə layihəsi Azərbaycanı Qərb auditoriyasına tanıtmaq məqsədi daşıyır. Azərbaycan, rus və ingilis dillərində olan bu kitabda Azərbaycanın görməli yerləri, mədəniyyəti, tarixi və s. barədə məqalələr əksini tapıb. Bu il kitabın qərb nəşriyyatlarından birində çapını planlaşdırırıq.
"Azərbaycanı tanı"
25 dekabr 2008
Gələn ilin əvvəllərində ölkənin nüfuzlu telekanallarının birində efirə çıxacaq yeni verilişlərdən biri belə adlanacaq. Layihə Azərbaycan Qadın Jurnalistləri Birliyinin uzunmüddətli yaradıcılıq axtarışları nəticəsində meydana gəlib. Birliyin rəhbəri, tanınmış telejurnalist Sevinc Osman qızı verilişin əsasən Qərb ölkələrinin tamaşaçıları üçün nəzərdə tutulduğunu deyir:
- Azərbaycanın qədim mədəniyyəti, memarlıq inciləri, əxlaqi-mənəvi dəyərləri, təbii sərvətləri, intellektual potensialı barədə bilgilərin Qərb tamaşaçı və dinləyicisinə dəqiq və bütün təfərrüatı ilə çatdırılması indi olduqca zəruridir. Ölkə telekanallarında bu yönümlü proqramlar kifayət qədərdir. Bizim məqsədimiz isə Azərbaycan həqiqətlərini min kilometrlərlə uzaqda yaşayan təəssübkeşlərimizə, ölkəmizlə maraqlananlara, taleyini qərib ellərə bağlamış soydaşlarımıza çatdırmaqdır. Layihə üzərində iş başa çatdırılıb, bəzi məqamlar da nəzərə alındıqdan sonra verilişin efir variantını təqdim edəcəyik. "Hyatt Regency" mehmanxanasında keçirilən təqdimat mərasimində jurnalistlərə proqramın məramı, əhatə dairəsi və digər yaradıcılıq məsələləri barədə ətraflı məlumat verilib. Proqramın aparıcılığı isə bu cür verilişlərdə zəngin təcrübə toplamış səriştəli telejurnalist Aynur Talıbovaya həvalə edilib.

Azərbaycan Qadın Jurnalistlər Birliyi “Azərbaycanı tanı” layihəsinin təqdimatını keçirib
23 Dekabr 2008
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Qadın Jurnalistlər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə kütləvi informasiya vasitələrində çalışan qadın jurnalistlər, tanınmış qadın siyasətçilər, ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak edib. Birliyin sədri Sevinc Osmanqızı iştirakçıları qurumun il ərzində gördüyü işlərin yekunları ilə tanış edib, 2009-cu il üçün nəzərdə tutulan yeni layihələr barədə danışıb. O, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilməsini bitməkdə olan ilin uğurlarından biri kimi göstərib. Tədbirdə birliyin yeni layihəsi - Azərbaycan və ingilis dillərində “Azərbaycanı tanı” (“Explore Azerbaijan”) layihəsinin təqdimatı da keçirilib.

Qadın Jurnalistlər Birliyi yeni layihələrini təqdim etdi
27 dekabr 2008
"Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramları ilə bağlı Hyatt Park mehmanxanasında tədbir keçirib. Tədbirdə kütləvi informasiya vasitələrində çalışan qadın jurnalistlər, tanınmış qadın siyasətçilər, ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak edib. Birliyin sədri Sevinc Osmanqızı iştirakçıları qurumun il ərzində gördüyü işlərin yekunları ilə tanış edib, 2009-cu il üçün nəzərdə tutulan yeni layihələr barədə danışıb. "Əgər 2009-cu ilə təşkilatın yeni televiziya layihəsi, yeniləşmiş saytda yeni rubrikalar, Azərbaycanın xaricdə tanınması üçün vacib töhfə olan kitab layihəsi ilə qədəm qoyuruqsa, deməli, il hədər getməyib." Sevinc Osmanqızı Azərbaycan jurnalistikasında informasiya ilə rəyin tez-tez qarışdırıldığını, əsaslandırılmış rəyin cəmiyyət üçün daha az əhəmiyyət kəsb etmədiyini deyib. O, yeni ildən Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələrinin rəy rubrikalarına başlayacağını deyib. "Bu gün tanınmış simaların intriqalar üçün istifadə olunması fonunda cəmiyyəti yaxşıya dəyişən bu cür rəy rubrikaları xüsusilə böyük əhəmiyyət kəsb edir.
"APA agentliyinin baş direktoru, Mətbuat Şurasının İdarə heyətinin ilk qadın üzvü Vüsalə Mahirqızı bu sayın azı 5-ə çatmasını arzulayıb. "Mənə qalarsa, jurnalistin qadını kişisi olmur. Azərbaycanın qadın jurnalistləri bunu öz işləri ilə həmişə sübut ediblər. Qadın jurnalistlər bəzi yerlərdə kişilərdən daha yaxşı işləyirlər. Şəxsən bu fikir üzərində durmaq və onu inkişaf etdirmək istəyirəm ki, Azərbaycanın xanım jurnalistləri qərarverici qurumlarda təmsil olunmalıdırlar və bu, bizim özümüzdən asılıdır. Biz aparmalıyıq mübarizəni. Çünki heç kim məmnuniyyətlə durub, öz yerini kiməsə verməyəcək. O yeri almaq lazımdır. Qadınlarımızda o istedad, bacarıq və cəsarət var. Sadəcə olaraq, xanımlarımız son dərəcədə güzəştə gedən olurlar. Ümumiyyətlə, Azərbaycan və Şərq qadınları fədakar olduqlarından, karyeralarında kişi həmkarlarından bir neçə addım geri qala bilirlər. Azərbaycan jurnalistikasında qadınlar nə qədər öndə olsalar, qərarverici qurumlarda təmsil olunsalar, sosial və digər problemlər də daha tez həll olunar."
"Azərpress" agentliyinin direktor müavini, eyni zamanda Qərbin aparıcı informasiya agentliyi olan "Associated Press"in Azərbaycan üzrə müxbiri Aida Sultanova qadın jurnalistlərin ən qaynar nöqtələrdə, çox vaxt ekstremal şəraitdə kişilərlə bərabər çalışdığını deyib. O, öz fəaliyyət dairəsini genişləndirməyə çalışan qadın jurnalistlərin təşkilatının olmasının vacibliyini vurğulayıb. "Hələ bir il öncə təsəvvür etmək çətin idi ki, yeni yaranmış Qadın Jurnalistlər Birliyi az vaxt ərzində belə aktiv fəaliyyət nümayiş etdirərək, böyük işlər görəcək. Bu müddətdə təşkilat tərəfindən iqtidar və müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti, xarici səfirlər, beynəlxalq qurumların nümayəndələri və sadəcə, maraqlı insanlarla çoxsaylı müzakirələr keçirildi. Müxtəlif mətbuat orqanlarında çalışan qadın jurnalistlərə bu müzakirələrə qatılaraq, maraq dairəsini genişləndirmək imkanı yaradıldı. 2008-ci il hamı üçün çətin oldu, çünki dünyada iqtisadi böhran yaşandı, geopolitik şərait dəyişdi. Ümid edirəm ki, biz birgə olarıqsa, neqativ halların təsiri altına düşmərik"
Yeni ildən başlanan rəy rubrikalarından birinin müəllifi, dizayner-modelyer Fəxriyyə Xələfova internet ünsiyyətinin əhəmiyətindən danışdı. "Bir müddət əvvəl bu təşkilatın qonağı oldum, ətraflı söhbət etdik. Bu görüşdən sonra gördüm ki, qadınlarla ünsiyyətim daha maraqlıdır. Bu təşkilatın daha çox tərəfdaşı olmalıdır. Ünsiyyətdə əsas olan faydalı informasiyanın paylaşdırılmasıdır. Jurnalist olmasam da, bir balaca araşdırma apardım. Məlum oldu ki, Azərbaycan qadınları, mənim yaşıdlarım, hətta məndən yaşlı adamlar Rusiyanın "Odnoklassniki" saytında daha çox vaxt keçirirlər. Buna çox üzüldüm. Çünki orada faydalı heç nə yoxdur. Fikirləşdim ki, nədən biz öz saytımızda qadınlarımızla ünsiyyətə girməyək və onları maraqlandıran sualları cavablandırmayaq? Düşünürəm ki, bu sahədə yeni ildən atacağımız addımlar uğurlu olacaq. Moda, əhval-ruhiyyə, psixologiyaya dair səhifəmə daxil olan xanımlarımızın bundan faydalanacağını və maraqlandıqları suallara cavab ala biləcəyini düşünürəm. Həmişə çalışmışam ki, etdiyim hərəkətlər az da olsa, həyatı gözəlləşdirsin.Düşünürəm ki, bu layihə vasitəsilə biz arzularımıza nail olacağıq." Qadın Jurnalistlər Birliyinin Yeni il tədbiri tanınmış müğənnilər, xalq artisti Flora Kərimova, Elmira Ələkbərzadə, Samirə, Təranə Mahmudova və digərlərinin ifası ilə davam edib.

ATƏT nümayəndələri Qadın Jurnalistlər Birliyində olublar
28 Noyabr 2008
Bakı. Laçın Sultanova - APA. ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Aleksis Şahtaxtinski və Demokratiya proqramlarının rəhbəri Julian Markard-Narten “Women’s Media Watch” (WMW) Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olublar. WMW-dan APA-ya verilən məlumata görə, birliyin sədri Sevinc Osmanqızı Azərbaycanda məsuliyyətli və azad mətbuatın güclənməsi istiqamətində gördükləri işlər barədə məlumat verib.
Birliyin üzvləri Azərbaycanda informasiyaya çıxış, din və əqidə azadlığı, qadınlara səlahiyyətlərin verilməsi sahəsində vəziyyət barədə qonaqlarla fikir mübadiləsi aparıblar.
«MTRŞ-nı qərarına yenidən baxmağa çağrırıq»
Bizim Yol qəzeti, 3 may 2008
Sevinc Osmanqızı: «Xarici radioların dayandırılması jurnalistikamıza da zərbə olar»
“Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyi radio və televiziya işçiləri günü münasibətilə bəyanat yayıb. Bəyanatda deyilir: «Azərbaycan Qadın Jurnalistlər Birliyi Azərbaycanda radio və televiziya işçiləri günü münasibətilə Prezidentin 5 noyabr tarixli sərəncamı ilə ölkənin bir qrup teleradio işçisinin mükafatlandırılmasını yüksək qiymətləndirir.
Eyni zamanda biz Milli Teleradio Şurasına müraciət edərək, Azərbaycanda yüksək jurnalistika prinsipləri ilə çalışan “Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiostansiyalarının Milli Teleradio tezliklərində yayımını dayandırmaq qərarını yenidən nəzərdən keçirməyə çağırırıq.
Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı deyib: “Yüksək peşəkarlıq keyfiyyətləri fərqlənən Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiostansiyaları Azərbaycan efirinə obyektiv məlumat, fikir plüralizmi, canlı debatlar gətirməklə, ictimaiyyətin məlumatlanması və mətbuatın inkişafı işinə müstəsna xidmət göstərirlər. Bu radiostansiyalar Azərbaycanda onlarla peşəkar jurnalist, o cümlədən qadın jurnalistlər yetişdirmişlər. Bu radioların yayımının dayandırılması Azərbaycanda azad və peşəkar jurnalistikanın inkişafına zərbə, bilmək hüququ olan Azərbaycan dinləyicisi üçün böyük itki olardı.”
"Mətbuat Şurasının 5-ci qurultayından çox şey gözləyirdim
Ans Press, 30 iyun 2008 
Sevda Güləhmədova: "Ən böyük istəyim MŞ İdarə Heyətində dəyərli qadın həmkarlarımı görmək idi"
«Women’s Media Watch» Azərbaycan Qadın Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ANS ÇM radiosunun «Qadın vaxti» verilişinin aparıcısı Sevda Güləhmədova ilə müsahibə:
- Mətbuat Şurasının 5-ci qurultayından razı qaldınızmı? - Açığı, MŞ-nin 5-ci qurultayından gözləntilərim çox idi. Ən böyük istəyim MŞ İdarə Heyətində dəyərli qadın həmkarlarımı görmək idi. Bilirsiniz ki, Azərbaycan mətbuatı ciddi şəkildə gender disproporsiyası problemini yaşayır. Xeyli sayda qadın jurnalistimiz olsa da, onların mətbuat orqanlarının rəhbərliyində yüksək pillə tutmaq imkanları çox məhduddur. Doğrudur, ANS Yayım və Media şirkətində işlədiyim 6 il ərzində belə bir ayrıseçkiliyin şahidi olmamışam. Əksinə, bu şirkətdə əksər başlıca vəzifələri qadınlar icra edilər. ANS-ÇM radiostansiyasının proqram direktoru qadındır, ANS-PRESS-də baş direktor qadındır, ANS TV-in «Xəbərlər» Departamentinin baş redaktoru da qadındır. Amma əfsuslar olsun ki, ümumilikdə Azərbaycan mətbuatında, ələlxüsus da televiziyalarda qadınlarımızın rəhbər vəzifələrə böyümə əmsalı heç də ürəkaçan deyil.
Mətbuat Şurasının 5-ci qurultayını əvvəlkiləri ilə müqayisədə irəli addım hesab etmək olar. Fəaliyyət göstərdiyi 5 ildən sonra, MŞ-nın İdarə Heyətində ilk qadın jurnalist yer alıb. Biz bu seçimi alğışlayırıq. Bu baxımdan Azərbaycan Qadın Jurnalistlər Birliyinin gender bərabərliyi naminə apardığı kampaniyanı uğurlu sayırıq. İndi biz MŞ-nın Əsasnaməsinə İdarə Heyətində qadınlar üçün kvota ayrılmasına çalışırıq. Bu əlavə qəbul olunarsa, biz üzümüzə gələn qurultaylarda qadınların təmsil olunmasında irəli sıçrayış əldə edə bilərik. Biz bu və digər məsələlərin həllinə nail olmaq üçün Mətbiat Şurasının təsdiq olunmuş yeni tərkibi ilə işbirliyini səbirsizliklə gözləyirik.
- Sizcə, MŞ-nın rəhbərliyinə seçilən xanım həmkarınız qadınlar üçün nə isə edə biləcəkmi? - Mən hesab etmirəm ki, İdarə Heyətinə üzv olan qadın və ya gələcəkdə seçiləcək xanımlar qadın məsələləri ilə məşğul olmalıdırlar. Xeyr, onların missiyası jurnalistlə vətəndaş, KİV ilə məmurlar arasında olan münaqişələri Mətbuat Şurası səviyyəsində həll etməkdir. Barışdırmaq, münaqişəni həll etmək, eləcə də etik jurnalistika məsələlərini dərindən bilmək, nəyin diffamasiya, nəyin əsaslı yazıldığına dair mühakimə yürütmək baxımından qadın jurnalistlərimiz böyük potensiala malikdirlər. Onlar Azərbaycan mətbuatında özünü-idarə sisteminin bərqərar olmasına böyük töhvə verə bilərlər. Digər tərəfdən, şikayətçilərin məsələlərinə baxılarkən də, gender təmsilçiliyi vacib faktordur. Hesab edirəm ki, MŞ-nın şikayətlərlə iş üzrə komissiyasinda qadınların təmsil olunması vacibdir.
Bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçən 3000-dən çox mətbu orqanda təsisçi və redaktor səviyyəsində olan qadın təmsilçilərimiz 1/8 təşkil edir. Bu, haqsızlıqdır. Qadınların məsul vəzifəyə çəkilməməsi üçün guya gec saatlaradək işləyə bilməməsi, ailə baqajı daşıması və s. kimi bəhanələr gətirilir. Mən şəxsən özüm gec saatlara qədər, hətta səhərədək redaksiyada çalışan xanımlar tanıyıram. Belə iradlar əsassızdır və bu münasibət dəyişməlidir.
Sevinc Osmanqızı: “Biz Mətbuat Şurasının yeni tərkibi ilə işbirliyini səbirsizliklə gözləyirik”
Lent.az , 27 iyun 2008 
“Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızının müsahibəsi
- Mətbuat Şurasının V qurultayından razı qaldınızmı? - Mətbuat Şurasının İdarə Heyətində 5 ildən sonra ilk dəfə olaraq, qadın jurnalistin seçilməsi bizi sevindirir. Vüsalə Mahirqızı Azərbaycan jurnalistikasının aparıcı mətbuat orqanlarından birinin baş direktorudur. Onun peşəkar jurnalist kimi Mətbuat Şurasının rəhbərliyində təmsil olunması bu orqanı təmsilçi etməklə yanaşı, etik jurnalistika sahəsində olan bilik və təcrübəsi ilə zənginləşdirəcək. Biz Vüsalə Mahirqızını Azərbaycan Qadın Jurnalistlər Birliyinin fəxri üzvü sayır və qurultay nümayəndələrinin bu seçimini alqışlayırıq. Struktur formalaşdırılarkən, biz onu Şikayətlər üzrə Komissiyaya üzv olmağa çağırırıq. Bu, şikayətlərə baxılmasında gender təmsilçiliyinə yardım etmiş olardı. Azərbaycan Qadın Jurnalistlər Birliyi olaraq, biz Vüsalə Mahirqızı ilə işləyərək, MŞ İdarə Heyətində qadınlar üçün kvota ayrılmasına çalışacağıq. Mətbuatda işləyənlərin əksəriyyətinin qadın olması belə kvotanın Əsasnamədə təsbit olunmasını zəruri edir.
- Sizcə, bir nümayəndənin olması qadın bərabərliyini həll edirmi? - Əlbəttə, biz İdarə Heyətində daha çox xanımın təmsil olunmasını görmək istərdik. Azərbaycan mətbuatında peşəkar, bacarıqlı, zəhmətkeş xanım jurnalistlərimiz çoxdur. Lakin gəlin unutmayaq ki, qurultayda 200-dən artıq iştirakçının 90 faizini kişilər təşkil edib. Odur ki, gender bərabərliyi hələ qurulyata nümayəndə seçimi zamanı, daha sonra isə Mətbuat Şurasının rəhbərliyinə səsvermə zamanı pozulub. Bu nə qədər təəssüf doğursa da, real gözləntilərdən danışmağa imkan verir.
- Qurultayın gedişi zamanı Sizin də sədr seçilməyiniz təklif edilib. Buna reaksiyanız necə oldu? - Xoş təəccüb. Bu etimad bizi, əlbəttə ki, sevindirir. Hərçənd Azərbaycan Qadın Jurnalistlər Birliyi adından Sevinc Osmanqızının və İlhamə Qasımlının namizədliyinin irəli sürülməsi cəmiyyətdə katalizator rolunu oynamaq və qadın jurnalistlərimizi fəal olmağa sövq etmək, gender bərabərliyini gündəmə gətirmək idi. Bu kampaniya nəticə verdi. Biz İdarə Heyətinin köhnə heyətindən, media rəhbərlərindən dəstək aldıq, hər bir mətbuat rəhbərini az da olsa, gender bərabərliyinə həssas yanaşmaq barədə düşünməyə vadar etdik. İndi İdarə Heyətində ilk qadın nümayəndəmiz var. Bu gün biz MŞ-nın rəhbərliyində qadınlar üçün kvota ayrılmasına həmişəkindən daha yaxınıq. Bu, hələ başlanğıcdır.
- Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər edilməsini necə dəyərləndirirsiniz? - Alman dövlət xadimi Bismarkın bir sözü vardı. ”Qanunların necə hazırlandığını nə qədər az görsək, onlara bir o qədər çox hörmət edərik”. Vacib olan nəticədir. Elə bilirəm ki, “demokrat” olub, tanımadığımıza səs verməkdənsə, işini bilən, böyük təcrübəsi olana dəstək vermək daha çox səmərə verir. Əflatun Amaşovun işi göz qabağındadır.
Eyni zamanda hesab edirik ki, bu qurultay daha demokratik keçirilə bilərdi. İdarə Heyətinə ən çox səs qazanmız namizədlər siyahısının son anadək elan olunmaması əsassız idi. Bu, siyahıda olan namizədləri kampaniya aparmaq, dəstək toplamaq imkanından məhrum etdi. Aşkarlıq və bərabər imkan naminə, bu siyahı əvvəlcədən elan olunmalıydı.
İkincisi, Nizamnaməyə dəyişikliklər və sədr seçilməsi kimi mühüm məsələlərdə açıq səsvermə özünü doğrultmur. Hər bur qurultay nümayəndəsinin öz seçki iradəsini gizli saxlamaq hüququ var. Onlar öz seçiminə görə təsir və ya təzyiqə məruz qalmamalıdırlar. Say komissyasının təşkili və səslərin toplanması prosesində də daha çox aşkarlıq tələb olunur.
Lakin bütün bunlar Bismarkın sözləri ilə desək, bizim, hər halda növbəti qurultayadək, bilmək istəmədiyimiz həqiqətlərdir. Bilmək istıədiyimiz isə, Mətbuat Şurasının yeni tərkibinin növbəti illər ərzində nə dərəcədə effektiv fəaliyyət göstərməsi olacaq. Əflatun Amaşov və yeni heyətin əsas vəzifəsi MŞ-na inananlardan qüvvə alaraq, ona hələ və ya artıq inanmayanların etimadını qazanmaq olacaq. Cünki unutmayaq ki, iqtisadi məsələlərin həlli nə qədər cəzbedici səslənsə də, MŞ-nın nüfuzu hökumətdən jurnalistlər üçün ev almaq deyil, yuxarıların müdaxiləsi olmadan, münaqişələri həll etmək bacarığındadır. Azərbaycan Qadın Jurnalistlər Birliyi olaraq, biz Mətbiat Şurasının təsdiq olunmuş yeni tərkibi ilə işbirliyimizi səbirsizliklə gözləyirik.

«WOMEN’S MEDIA WATCH» Jurnalistlər birliyi qadınların mətbuat şurasında zəif təmsilçiliyi ilə bağlı bəyanat verəcək
Media forum, 23 iyun 2008 Mətbuat Şurası İdarə Heyətində qadın jurnalistləri cəmi bir nəfər - «Azəri-Press» İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı təmsil edəcək. Jurnalistlərin iyunun 20-də keçirilən qurultayında isə İdarə Heyətinə namizədlər sırasında dörd nəfər təmsil olunmuşdu: Vüsalə Mahirqızı, Əminə Yusifqızı, Xoşqədəm Hidayətqızı və Sevinc Osmanqızı.
«Women’s Media Watch» Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı bir müddət əvvəl mediaya açıqlamasında İdarə Heyətində qadınların təmsil olunmamasını şuranın fəaliyyətinə mənfi təsir göstərən amil kimi qiymətləndirmiş, özünün və jurnalist İlhamə Qasımlının qurumun rəhbərliyində təmsil olunması üçün təbliğat aparılacağını demişdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu açıqlamanı dəyərləndirərkən İdarə Heyətinə ən azı iki qadının - biri jurnalistika sahəsindən, biri də ictimaiyyət arasından seçilməsini mümkün hesab etmişdi.
Amma qurultayda heç də proqnozlaşdırıldığı kimi olmadı. Yalnız V.Mahirqızı İdarə Heyətində yer ala bildi. S.Osmanqızı «Media forum» saytına açıqlamasında bildirib ki, İdarə Heyətində qadınların zəif təmsilçiliyindən narazı qalıblar və «Women’s Media Watch» bu həftə xüsusi bəyanatla çıxış edəcək.
İdarə Heyətinin 15 üzvündən 9-u jurnalist, 6-sı isə ictimaiyyət nümayəndəsidir:
“İstərdim Mətbuat Şurası İdarə Heyəti üzvlərinin yarıdan çoxu qadınlar olsun”
Media forum , 26 may 2008
Bu sözləri «525-ci qəzet»in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid şuranın yaxın vaxtda keçiriləcək qurultayında idarə heyətinə qadınların da seçilməsi təklifinə münasibət bildirərkən deyib.
«Media forum» saytına açıqlamasında R.Məcid bildirib ki, o, idarə heyətində xanımların sayının çox olmasına lobbiçilik edəcək.
Mətbuat Şurası İdarə Heyətinə xanımların seçilməsi təşəbbüsü ilə bugünlərdə «Women’s Media Watch» Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı və birliyin üzvü İlhamə Qasımlı çıxış edib. Onlar idarə heyəti üzvlüyünə öz namizədliklərini irəli sürüblər.
R.Məcid «Media forum»a açıqlamasında konkret olaraq S.Osmanqızı ilə İ.Qasımlının namizədliyi barədə bir söz deməsə də, qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda jurnalistika sahəsində çalışan fəal qadın çoxdur: «Konkret ad çəkə bilməsəm də, istərdim şuranın idarə heyətinə jurnalistikanı, peşə etikasını yaxşı bilən, ictimaiyyətlə qəzetlər arasında konflikt yarananda onu həll etməyi bacaran nüfuzlu xanımlar seçilsin. İstərdim qadınlarımız nəinki Mətbuat Şurasında, daha böyük kürsülərdə yer tutsun. Bunun üçün qadınlarımız daha da fəal olmalıdırlar».
Mətbuat Şurasının qurultayı iyun ayında keçiriləcək. Nizamnaməyə görə, idarə heyətinin 15 üzvündən 9-u jurnalist, 6-sı ictimaiyyət nümayəndələri arasından seçilir. Hazırda idarə heytin bütün üzvləri kişilərdir.
Azərbaycan Qadın Jurnalistləri Birliyi (Womens Media Watch) Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətiylə jurnalistlər üçün təsis etdiyi mükafatların təqdimetmə mərasimini keçirdi. Birliyin İdarə Heyətinin sədri Sevinc Osmanqızının sözlərinə görə, BMT-nin 1991- ci ildə elan etdiyi bu tarix artıq 10 ilə yaxındır ki, Azərbaycanda da qeyd olunur. “Mətbuat azadlığı sadə konsepsiya kimi görünə bilər. Lakin mətbuat azadlığının əhatəsi çox sınaqlara çəkilir. Bu 1 il ərzində həbsdə olan 5 jurnalist əfv olunub, təəssüflər olsun ki, bu gün hələ də həbsdə olan jurnalistlərimiz var, jurnalistlərə qarşı ayrl-ayrı məmurlar tərəfindən təzyiqlər olur, ümumilikdə jurnalistikanın vəziyyəti qənaətbəxş deyil. Bundan başqa, jurnalistlərin özlərinin də əksər hallarda əxlaq prinsiplərinə əməl etməməsi faktları var. Mətbuat azadlığı informasiya azadlığıdır, dezinformasya azadlığı deyil”. S.Osmanqızı birliyin bu günlərdə qadın jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə də toxundu, onların üzləşdiyi çətinliklərdən, problemlərdən danışdı. Sonda S.Osmanqızı qalibləri diplomla təltif edib.
“Jurnalistikada cəsarət” mükafatına “Zerkalo” qəzetinin redaktoru Rauf Mirqədirov, “jurnalistikanın inkişafına dəstək” mükafatına “Azərsell”-in mətbuat xidməti Rüfət Abbasov, “ictimai dialoqa xidmət” mükafatına “Azadlıq” radiosunun kollektivi, “jurnalistikaya sədaqət” mükafatına isə “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə layiq görülüblər. Onu da qeyd edək ki, tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero, Avropa Şurasının xüsusi nümayəndəsi Denis Bribosia, BMT-nin rezident-əlaqələndiricisi Bruno Pouezat iştirak ediblər.
Sevinc Osmanqızı: “Mətbuat Şurası üzvlərini qadın jurnalistlərimizə səs verməyə çağırırıq
Express.com.az , 21 may 2008 “Mətbuat Şurasının İdarə Heyətində bir nəfər də olsun qadının təmsil olunmaması Azərbaycanda təmsilçi mətbuatın yaranmasına çalışan birlik olaraq, bizi narahat edir. Biz Şurada qadınların təmsil olunmasını zəruri hesab edirik. Bu məqsədlə Azərbaycan Qadın Jurnalistlər Birliyi olaraq, mətbuat rəhbərlərini MŞ İdarə Heyətində təmsil olunmaq üçün qadın jurnalistlərin namizədlərini dəstəkləməyə çağırırıq”.
Bunu “Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı deyib. Onun sözlərinə görə, MŞ-nın İdarə Heyətində bir neçə xanımın təmsil olunması Mətbuat Şurasının özünü dəyişə bilər: “Mətbuat Şurasını mətbuat orqanları ilə olan münaqişələri məhkəməsiz, danışıqlar yolu ilə həll edə bilən, özünüidarə prosesinin fövqündə duran bir qurum kimi görmək istəyirik. Barışdırmaq, ortaq məxrəcə gətirmək işini qadından yaxşı kim görə bilər? Digər tərəfdən, təsəvvür edin ki, siz bir qadın şikayətçi olaraq, istər gender, istər qeyri-gender əsasında baş verən münaqişənin həlli üçün Mətbuat Şurasına müraciət edirsiniz. İdarə Heyəti üzvlərinin hamısının kişi olduğu bir qurumda siz özünüzü necə hiss edəcəksiniz? Azərbaycan mətbuatının yarısının qadın jurnalistlərdən ibarət olduğu halda, bir nəfər də olsun qadının qurumun rəhbərliyində təmsil olunmaması narahatedicidir”.
S. Osmanqızı “Namizədlərinizin dəstəklənəcəyinə inanırsınızmı?” sualına cavabında bu məsələnin Mətbuat Şurasının üzvü olan mətbuat rəhbərlərindən asılı olduğunu deyib: “Onlar da 95% kişilərdən ibarətdir. Bütün gender məsələlərinin həlli kişilərdən asılı olduğu kimi, bu məsələ də istisna deyil. Lakin elə bilirəm ki, bu məsələnin həlli vaxtının çatdığını onlar da hiss edirlər. Qadın jurnalistlər Mətbuat Şurasına özləri ilə peşəkarlıq, təcrübə və təmsilçilik gətirə bilərlər. Biz mətbuat rəhbərlərini bizim bilik və təcrübəmizdın faydalanmağa, Mətbuat Şurasını dünyanın aparıcı beynəlxalq təşkilatları ilə əməkdaşlıq edən quruma çevirməyə kömək etməyə çağırırıq”. Birliyin sədri deyib ki, onlar medianı jurnalistikanın problemlərini bilən, bu sahədə kömək edəcək qadın jurnalistlərə səs verməyə çağırır. S. Osmanqızı bildirib ki, birlik onun və İlhamə Qasımlının MŞ-nın rəhbərliyində təmsil olunmaları üçün təbliğat aparacaq. Xanım Osmanqızının sözlərinə görə, onlar təşkilatlarına üzv olmayan digər qadın jurnalistlərdən də MŞ rəhbərliyində təmsil olunacaq şəxslərlə gələcəkdə əməkdaşlıq etməyi düşünürlər və bu prosesi alqışlayırlar: “Mətbuat Şurasının rəhbərliyində qadın jurnalist nə qədər çox olarsa, Azərbaycanda qadınların səlahiyyətlənməsi, qərar verən vəzifələrdə təmsil olunması, cəmiyyətimizin bütün sahələrinin təmsilçi olması üçün bir o qədər kömək etmiş olar. Biz rəhbər vəzəfələrdə olan qadın jurnalistlərimizi, “buz tavanı” yarmağa nail olmuş qadınlarımızı öz uğurları ilə kifayətləməməyə, bizə qoşulamağa çağırırıq. Biz Mətbuat Şurası üzvlərini qadın jurnalistlərimizə səs verməyə çağırırıq”.
Mətbuat Şurasının ictimai gözləntilərin gerçəkləşdirmək sahəsində ilk, lakin vacib addımlar atdığını deyən birlik sədri deyib ki, məhkəməsiz, MŞ səviyyəsində həllini tapan qarşıdurma halları, heç şübhəsiz, bu qurumun doğru yolda olduğuna dəlalət edir: “ Lakin hesab edirəm ki, MŞ-ı yalnız qarşıdurma hallarını həll etməklə məşğul olmamalı, bu qarşıdurnmanın səbəblərini aradan qaldırmağa xidmət edən işlər də görməlidir. Münaqişələri azaltmağın ən doğru yolu – etik jurnalistika prinsiplərinin tətbiq olunmasına nail olmaqdır. “Women’s Media Watch” olaraq, biz hər bir mətbuat orqanını özünün fərdi Kodeksini yaratmağa və ona əməl etməyə çağırırıq. Bundan əlavə, biz hər bir mətbuat orqanında ombudsman vəzifəsini təsis etməyə çağırırıq. Ombudsman – hər bir qəzetin öz əməkdaşlarından seçilir və qəzet redaksiyası ilə auditoriya arasında körpü rolunu oynayır. Qərb mətbuatının təcrübəsi göstərir ki, ombudsman jurnalistikası qəzetlərdə məsuliyət, cavabdehlik hissini artırır, etik jurnalistika prinsiplərinin güclənməısinə kömək edir. Biz bu və digər mətbuat layihələrində MŞ-dan fəal rol görmək istərdik. Bu yaxınlarda birliyimiz Mətbuat Şurası ilə birgə Araşdırma Jurnalistlərinin Birinci Qurultayını keçirəcək. Elə bilirəm ki, bu, Azərbaycanda araşdırma jurnalistikasının inkişafına kömək edəcək. Biz MŞ-nın təkcə Azərbaycanda deyil, bütün dünyada özünüidarə modeli kimi formalaşmasını istərdik. Bundan ötrü MŞ-na beynəlxalq mətbuat təşkilatları ilə yaxından işləmək, birgə layihələrdə iştirak etmək lazımdır”.
Jurnalist qadınlara dəstək verilməlidir
Həftə içi qəzeti, 17 may 2008
Xose Luis Herrero: "Mətbuat azadlığı son dərəcə əhəmiyyətlidir"
Ötən gün Qadın Jurnalistlər Birliyi (QJB) Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı "dəyirmi masa" keçirdi. Həbsdə olan 5 jurnalistin azadlığa buraxılmasının yaxşı xəbər olduğunu bildirən təşkilat sədri Sevinc Osmanqızı Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunmamasından təəssüfləndi. Həmçinin diqqətə çatdırdı ki, bu da jurnalistlərin özü-özünü senzura etməsi deməkdir: "Qadın Jurnalistlər Birliyi hər bir mətbuat orqanını əxlaq kodeksi yaratmağa çağırır. Mətbuat orqanlarında, ələlxüsus televiziyalarda qadınlar irəli çəkilmir. Qurum adından mətbuat orqanlarının rəhbərlərini gender problemini qabartmağa çağırıram". Azad və təhlükəsiz mətbuatın demokratiyanın təməl prinsipləri olduğunu deyən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Puezo vurğuladı ki, dünyada jurnalistlərin hədəfə çevrilməsinin şahidi oluruq:
"Bütün cəmiyyəti jurnalistlərə qarşı hücum edənlərin məsuliyyətə cəlb olunmasına səy göstərməyə çağırıram". Söz azadlığının hamının istifadə etdiyi hüquq olduğunu deyən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirdi ki, mətbuat azadlığının məhdudlaşdırılması fikir azadlığının məhdudlaşdırılmasına bərabər tutula bilər: "Hər bir şəxs öz fərdi fikirlərini mətbuat vasitəsilə çatdırmaq imkanına malik olmalıdır. Plüralizm insan həyatının bütün sahələrində özünü göstərir. Mətbuat azadlığı son dərəcədə əhəmiyyətlidir və bunu şişirtmək qeyri-mümkündür. Tam plüralizm olduğu şəraitdə sosial, etnik qruplar, müxtəlif siyasi təbəqələr öz fikrini sərbəst şəkildə ifadə edə bilir". "Qadınların jurnalistika sənətində iştirakına dəstək verilməlidir" deyən Herreronun sözlərinə görə, onlar bu sahədə böyük karyera qura bilərlər. İspaniyanın şahzadəsi, gələcək kraliça vaxtilə jurnalist olub: "Jurnalistika həm də təhlükəli sahə ola bilər. Tədqiqat, araşdırma jurnalistikası ən təhlükəli formadır. Tədqiqat jurnalistikasından gələn xəbərləri çox sevir və maraqla qarşılayırıq. Belə xəbərləri böyük həvəslə oxuyan şəxslər kimi, biz bu cür təhlükəli sahəylə məşğul olan jurnalistlərlə həmrəy olmalı, onlara dəstək verməliyik". "Bizim işimiz həqiqəti işıqlandırmaqdan ibarətdir" deyən ANS-in vitse-prezidenti Mirşahin Ağayev bildirdi ki, media mənsubları cəmiyyət və qanun qarşısında məsuliyyyət daşımalıdırlar: "Həqiqət nə qədər eybəcər və ağrıdıcı olsa da, onu düzgün çatdırmaq daha gözəldir. Qanun hamımız üçündür. Bəzən parlamentin qəbul etdiyi qanunun qüvvəyə minməsindən danışırlar. Bu ifadə normaldır. Amma hərdən bəzi qüvvələr qanunu minir. Jurnalistlər həmin qüvvələrin qanunu minməsinə şərait yaratmamalı, buna qarşı çıxmalıdırlar".
Qadın jurnalistlər çox işləyib az qazanırlar
Azərbaycan gender informasiya mərkəzi, 4 may 2008
Gecə növbəsində çalışa bilmədikləri üçün vəzifədə onlar irəli çəkilmirlər
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Woman's Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyi 3 May Mətbuat Azadlığı Günü münasibəti ilə mükafatların təqdimatını keçirdi. Birliyin sədri Sevinc Muradova bildirdi ki, mətbuat azadlığı adi vətəndaşların ölkədə baş verənlər barəsində məlumat əldə etmək hüququdur.
Eynilə də vətəndaşların həyatına təsir edən proseslərdə insanların iştirak etməsidir. Azərbaycanda ümumi bir jurnalist kodeksinin mövcud olduğunu vurğulayan Muradova ölkədə fəaliyyət göstərən hər bir redaksiyanın özünün jurnalist prinsiplərini qoruyan əxlaq kodeksini yaratmağa çağırdı: "ANS telekanalı hələ 1995-ci ildə belə bir kodeks yaradıb və obyektiv, ədalətli və qərəzsiz olmağı öz jurnalistlərindən tələb edib, eləcə də ictimaiyyət qarşısında öhdəlik kimi üzərinə götürüb".
O qeyd etdi ki, ölkədə qadın jurnalistləri böyük irəliləyişlər əldə ediblər. Hazırda qadınların təkcə mədəniyyətdən deyil, eləcə də qaynar nöqtələrdən, siyasətdən, parlamentdən reportajlar hazırladıqlarını vurğulayan Muradovanın sözlərinə görə, zərif cinsin nümayəndələri səhiyyə, təhsil, sosial mühit kimi məsələləri gündəmə gətirirlər: "Bununla belə mikrofonun arxasında qərar verən vəzifələrdə qandınlar tək-tük haldadır. Yeri gəlmişkən deyim ki, birliyimizin 150 qadın jurnalisti arasında apardığı rəy sorğusu bir sıra problemləri üzə çıxarıb. Onlar çox işləyib az qazandıqlarını, gecə növbəsində çalışa bilmədikləri üçün vəzifədə irəli çəkilmədiklərini bildiriblər". Sonra mükafatçılardan danışan Muradovanın sözlərinə görə, qaliblər Azərbaycan mətbuatında mühüm işlər görmüş şəxslərdir.
"Bu 1 il ərzində həbsdə olan 5 jurnalist əfv olunub, 3 jurnalist mətbuatla əlaqəsi olmayan məsələ üzrə həbs edilib. Mətbuat azadlığı informasiya azadlığıdır, dezinformasya azadlığı deyil. Jurnalist daxili əmək kodeksinə riayət etməlidir". Sonra qaliblər təltif olundu. Mükafatçılar "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov, "Exo" qəzetinin əməkdaşı Dilbər Axundzadə və "Azadlıq" radiosunun kollektivi hesab olundu.

Qadın Jurnalistlər Birliyi mükafatların təqdim etdilər
Bizim Yol qəzeti, 3 may 2008
Diplomlara Rauf Mirqədirov, “Azadlıq” radiosunun kollektivi, «Azercell» Şirkəti və “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə layiq görülüblər.
“Woman’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyi Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə mükafatların təqdimatını keçirib.
Bu təşkilat Azərbaycan jurnalistikasında cəsarət, jurnalistikanın inkişafına dəstək, ictimai dialoqa xidmət və jurnalistikaya sədaqət mövzusunda yazan jurnalistləri diplomla təltif edib. Bu diploma “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, “Azadlıq” radiosunun kollektivi, Azercell Telecom Şirkəti və “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə layiq görülüblər.
Tədbirdə həmçinin ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero, Avropa Şurasının nümayəndəsi Denis Bribosia, BMT-nin rezident-əlaqələndiricisi Bruno Pouezat, Norveçin Azərbaycandakı səfiri Yon Ranberq də iştirak edib.
Norveç səfiri Yon Ranberq jurnalist təhqiqatının böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə jurnalistlərin təlimatlandırılmasının Azərbaycanda jurnalistikanın inkişafına böyük təsiri ola bilər.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero tam plüralizm olduğu bir şəraitdə istintaq jurnalistikasının ən təhlükəli olduğunu söyləyib.

Hüquq-müdafiəçiləri və beynəlxalq təşkilatların nümayndələri Azərbaycanda KİV sahəsində problemlərin olduğunu bildirdilər
İnterfaks, 2 may 2008
Hazırda Azərbaycanın müstəqil KİV-ə son dərəcə ehtiyacı var. Bu barədə Azərbaycan Qadın Jurnalistlər Birliyinin Idarə Heyətinin üzvü Sevinc Osmanqızı cümə günü Bakıda KİV-in beynəlxalq müstəqilliyi gününə həsr olunmuş tədbirdə bəyan edib.
“Ötən il prezident tərəfindən 5 jurnalist əfv olunub və bu, yaxşı xəbərdir. Bununla yanaşı 3 jurnalist peşə fəaliyyəti ilə bağlı olmayan maddələr üzrə həbsdədir. Azərbaycanda diffamasiya və böhtana görə hələ də cəza tətbiq olunur”, - deyə o bildirib.
S.Osmanqızı vurğulayıb ki, “KİV-in azadlığı bizim hamımızın azadlığıdır”. Onun sözlərinə görə, bəzi KİV rəhbərləri qəzetlərinin şöhrət qazanması və tirajının artması üçün öz fəaliyyətlərində informasiyanın təhrifinə yol verdiklərini etiraf ediblər. “Bu cür yanaşma yolverilməzdir. Ən yaxşı üsul mətbuatın işinin keyfiyyətinin dünya standartlarına uyğun olması üçün onun inkişafıdır”, - deyə o qeyd edib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza da respublikada jurnalistlərin həbsdə olması ilə bağlı narahatlığını bildirib. O, BMT baş katibi Pan Gi Mundan sitat gətirərək jurnalistlərə hücum edənlərin cəzalandırılması üçün hamını səy göstərməyə və KİV-in azadlığını dəstəkləməyə çağırıb. Öz növbəsində, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero qeyd edib ki, reallıqda KİV-in azadlığı fikir azadlığının ifadə formasıdır və buna görə də KİV-in azadlığının məhdudlaşdırılması fikir azadlığının məhdudlaşdırılmasına bərabərdir.
Azərbaycan Qadın Jurnalistlər Birliyi jurnalistləri mükafatlandırılıb
Ans Press, 02 may 2008
"Qaliblər Azərbaycan mətbuatında mühüm işlər görmüş şəxslərdir"
“Woman’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyi Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə mükafatların təqdimatını keçirib.
“Woman’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədr Sevinc Osmanqızı nominasiyalarla bağlı tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, qaliblər Azərbaycan mətbuatında mühüm işlər görmüş şəxslərdir. «Mətbuat azadlığı sadə konsepsiya kimi görünə bilər. Lakin mətbuat azadlığının əhatəsi çox sınaqlara çəkilir. Bu 1 il ərzində həbsdə olan 5 jurnalist əfv olunub, 3 jurnalist mətbuatla əlaqəsi olmayan məsələ üzrə həbs edilib. Mətbuat azadlığı informasiya azadlığıdır, dezinformasya azadlığı deyil. Jurnalist daxili əmək kodeksinə riayət etməlidir»-deyən Sevinc Osmanqızı yalnız
ANS Şirkətlər Qrupunun 1995-ci ildə belə bir kodeks hazırladığını xatırladıb. Qadın Jurnalistlər Birliyi hamını belə bir kodeks yaratmağa çağırıb.
Sonda S.Osmanqızı qalibləri diplomla təltif edib. Qaliblər «Zerkalo» qəzetinin əmkdaşı Rauf Mirqədirov, «Exo» qəzetinin əməkdaşı Dilbər Axundzadə və «Azadlıq» radiosunun kollektivi hesab olunub. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero, Avropa Şurasının xüsusi nümayəndəsi Denis Bribosia, BMT-nin rezident-əlaqələndiricisi Bruno Pouezat iştirak ediblər./ANS PRESS/
Jurnalistlər mükafatlandırıldı
Reportyorların azadlıq və təhlükəsizlik institutu, 2 may 2008
Bu gün (02 may) “Woman’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyi 3 may Beynəlxalq Mətbuat Azadlığı günü münasibəti ilə müxtəlif nominasiyalar üzrə mükafatların təqdimat mərasimini keçirdi.
Mərasimdə çıxış edən təşkilatın idarə heyətinin sədri Sevinc Osmanqızı ötən ilin Azərbaycan mətbuatı üçün ağır il olduğunu və hal-hazırda da jurnalistlərin həbs qaldığını xatırlatdı:
“Mətbuatın azadlığı günü-gündən daralmaqdadır. Amma nəhəng neft gəlirlərinin Azərbaycana axdığı bir vaxtda ölkəyə azad mətbuat lazımdır”, - deyə o bildirdi.
Mətbuatın azad olması ilə bağlı çağırışlara qoşulan ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero da mətbuat azadlığı ilə bağlı fikirlərini bölüşdü: ”Mətbuat azadlığı fikirin azad ifadə edilmə formasıdır. Fikir azadlığı bizim ümdə hüququmuzdur”, - deyə o vurğuladı.BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Bruno Pueza BMT-nin baş katibi Pan Gi Munun Mətbuat azadlığı ilə bağlı bəyanatından sitat gətirdi: “azad, təhlükəsiz və müstəqil mətbuat sülh və demokratiyanın təməllərindən biridir. Mətbuat azadlığına olan hücum beynəlxalq bəşəriyyətə, azadlığa və ümumiyyətlə BMT-nin təcəssüm etdiyi bütün dəyərlərə qarşı hücumdur”.
Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də çıxış edərək jurnalistikanın problemləri ilə bağlı fikirlərini söylədilər.
Sonda isə “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov “Jurnalistikada cəsarət” nominasiyası, “Azercell” Telekom şirkəti “Jurnalistikanın inkişafına dəstək” nominasiyası, “Azadlıq” radiosunun kollektivi “İctimai dialoqa xidmət” nominasiyası və “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə “Jurnalistikaya sədaqət” nominasiyası üzrə mükafatlandırıldılar.

"Təbii doğuş qeysər kəsiyi əməliyyatina qarşı
Ayna qəzeti, 24 noyabr 2007
Qadın Jurnalistləri Birliyi yeni kampaniyaya start verib. Azərbaycan Jurnalist Qadınlar Birliyi "Təbii doğuş qeysər kəsiyi əməliyyatına qarşı" kampaniyasına start verib. Birliyin sədri Sevinc Osmanqızı deyir ki, son illərdə ölkədə müşahidə edilən vəziyyət belə bir kampaniyaya başlamağa əsas verib. Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsaslanan birlik sədri qeyd etdi ki, təşkilatın sənədlərinə görə, qeysər kəsiyi əməliyyatları ilə təbii doğuşun nisbəti 15 faizdən artıq olmamalıdır. "Ancaq son illər Azərbaycanda, xüsusi ilə də Bakı şəhərində qeysər kəsiyi əməliyyatlarının sayı artıb. Rəsmi məlumatlarda bu nisbətin 13 faiz həcmində olduğu bildirilsə də, bu göstəricinin daha yüksək olduğu güman edilir", - deyə S.Osmanqızı əlavə edib.
Qeysər kəsiyi əməliyyatının nəticəsi ilə bağlı bir sıra məlumatlar açıqlayan birlik üzvü İlhamə Novruzova bildirdi ki, cərrahi müdaxilələr zamanı ana ölümü halları daha çox baş verir. O qeyd etdi ki, dünyada bu əməliyyatlar zamanı analar arasında ölüm hallarının nisbəti 1/2500-dirsə, təbii doğuş zamanı bu nisbət 1/10.000 olur. Planlaşdırılmış doğum tarixi ilə vaxtından əvvəl dünyaya gələn körpədə bəzi fəsadların yaranması ehtimalı, təbii doğuşla müqayisədə cərrahi müdaxilə zamanı anaya infeksiya ötürülməsi faizi də kifayət qədər çoxdur.
Zərifə 2 uşaq anasıdır. Dediyinə görə, birinci hamiləliyi zamanı hər şey normal olsa da, doğuşa az qalmış həkim doğuşun qeysər kəsiyi əməliyyatı ilə aparılacağını bildirib: "Demək olar ki, müayinəyə müntəzəm olaraq gedirdim və həkimim hər şeyin qaydasında olduğunu deyirdi. 8-ci ayda bəlli oldu ki, uşağın istiqamətini dəyişmək üçün müəyyən idman hərəkətləri etməyə ehtiyac var. Həkim məni inandırdı ki, bu prosesdən sonra uşağın istiqaməti uşaqlıq yoluna doğru dəyişəcək və bu, normal doğuşa imkan verəcək. Lakin son anda bəlli oldu ki, bu hərəkətlərin heç bir nəticəsi olmayıb və təbii doğuş uşağın həyatı üçün təhlükəli ola bilər. Biz çıxış yolu kimi əməliyyata razılıq verdik".
Söhbət əsnasında müsahibim qeyd etdi ki, həkimlərin normal doğuşu aparmaq üçün yetərincə təcrübəsi olmadığından, müxtəlif vasitələrlə gənc anaları qeysər kəsiyi əməliyyatı etdirmək faktı qarşısında qoyurlar. Zərifənin daha bir etirazı əməliyyat zamanı ananın bədənində qoyulan həddindən artıq kobud tikiş izlərindəndir: "Əlbəttə ki, bunu hamıya şamil etmək olmaz. Amma eşitdiklərimə əsasən, deyə bilərəm ki, həkimlər bu əməliyyatı həyata keçirərkən qarşısındakının insan olduğunu unudurlar. Bəzən yaranı lazımi səviyyədə təmizləmirlər, kobud tikişlər qoyurlar. Halbuki, Avropada belə əməliyyat keçirən qadının bədənində qısa müddətdən sonra bu əməliyyatdan nişanə belə qalmır".
Ekspertlər isə qeyd edirlər ki, bəzi hallarda qadınlar özləri həkimləri belə bir əməliyyatın keçirilməsinə təhrik edirlər. Nigar deyir ki, üçüncü övladını dünyaya gətirəndə yaşı 40-ı keçmişdi. "Düşündüm ki, bu yaşda təbii doğuş mənim üçün çətin olar. Odur ki, ilk gündən özünü məhz əməliyyata hazırlaşdırdım. Düşündüm ki, bu, həm mənim, həm də körpənin gələcək həyatının təhlükəsizliyini təmin etmiş olar. Əlbəttə ki, əməliyyat bir az çətin keçdi. Həm də əməliyyatdan sonra müəyyən qaydalar var ki, ana ona əməl etmə lidir. Amma mənim üçün ən çətini ilk aylarda uşağımı qucağıma ala bilməməyim idi. Çünki yara sağalana qədər həkim ehtiyatlı olmağımı tövsiyə etmişdi. İndi hər şey qaydasındadır və mən özümü normal hiss edirəm", - deyə o bildirdi.
Ümumiyyətlə, qeysər kəsiyi əməliyyatından bütövlükdə imtina edilməlidirmi? Ginekoloq Zemfira Topçubaşova isə hesab edir ki, bu əməliyyatdan tamamilə imtina edilməsi düzgün olmaz. Onun sözlərinə görə, bəzi hamiləlik müddətində bu əməliyyatın zəruriliyi qaçılmaz olur. Lakin ginekoloq qeyd etdi ki, bu əməliyyatın zəruriliyi və tarixi barədə ana deyil, həkim qərar verməlidir. "Bu proses tibbi göstəriş əsasında həyata keçirilməlidir", - deyə o əlavə edib.
Belə bir fikrə tez-tez rast gəlirik ki, müasir qadınların sağlamlıq durumu əvvəlkilərlə müqayisədə zəif olduğundan onlar təbii doğuşdan imtina edirlər. Ginekoloq Zərifə Topçubaşova tez-tez söylənilən bu fikirlərlə razılaşmadı. "Hesab edirəm ki, qadınlar hamiləlik müddətində lazım olan müayinələrdən vaxtlı-vaxtında keçməli, həkimin məsləhətlərinə əməl etməlidirlər. Əlbəttə ki, təbii doğuşa üstünlük verilməlidir", - deyə ginekoloq vurğuladı.