AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Tamam Bayatlı:”Biz özümüzə hörmət etməsək, xaricilər hörmət edərmi?”

Sevda Güləhmədova: Tamam xanım, bir qadın olaraq, karyerada inkişafınızda yetişdiyiniz səviyyədən razısınızmı? Daha yüksək pilləyə yüksəlməyiniz üçün maneələrlə üzləşmisinizmi?

 

Tamam Bayatlı: İndiki məqamda maneələr yoxdur. Mənə elə gəlir ki, gözlədiyim səviyyəyə gəlib çata bilmişəm. Təvazökarlıqdan kənar da olsa, mən həyatda ən azı bunu gözləmişəm. Ailəmin istedadımı görərək mənə yetirdiyi diqqət, anamın çox vaxt özü yeməyib məni yedirtməsi, yatmayıb məni nəyi isə oxumağa yönəltməsi və s. ən azı bu yerə gətirməli idi məni.

 

Sevda Güləhmədova: Uşaqlıqda oxumağa məcbur edilmisinizmi?

 

Tamam Bayatlı: Yox, əksinə, ai ləm məndən həkim olmağımı gözləyib, mən isə başqa sənətə gəlib çıxmışam. Beş yaşında məktəbə getmişəm. Atam Fərman İsmayılov jurnalist olub, əvvəllər Qərbi Azərbaycanın Vedi bölgəsində Azərbaycan dilində çıxan yerli qəzetin redaktoru, daha sonra isə İrəvanda Azərbaycan türkcəsində nəşr olunan «Sovet Ermənistanı» qəzetində şöbə müdürü olub, İrəvanın tanınmış ziyalılarından idi. O, bir ziyalı kimi övladlarını düzgün istiqamətə yönəltməyi bilirdi. Məndən böyük bacım 5-6 il əvvəl Bakıya gələrək Tibb İnstitutuna daxil olmuşdu.  O dövr üçün İrəvan azərbaycanlıları arasında bu, səs-küyə səbəb olmuşdu. Ailədə bu uğurdan ruhlanmışdılar, ona görə məni də Tibb İnstitutuna yönəldirdilər.

 

Mən orta məktəbi 15 yaşımda qızıl medalla bitirdim və bundan da mənə ümüdlər daha da artdı - çünki bircə imtahan verməklə ali məktəbə daxil ola bilərdim. Amma birdən qəfil dedim ki, mən Xarici Dillər İnstitutuna gedəcəm. Ailədə şok oldu - atam dedi ki, nə danışırsan, biz neçə illərdir ki, səni yönəltmişik, bacın institutdakı mühazirə dəftərlərini səninçün saxlayıb. Amma, nədənsə, mən hey istəyirdim ki, ingiliscə danışım.

 

Bir qohumumuz vardı, Bakıda ingilis dili ixtisası üzrə oxuyurdu. Bizə gələndə ona deyirdim ki, «Siz bir az ingiliscə danışarsınız?» (gülür) Bu istəyimə görə evdə xeyli müddət qarışıqlıq yaranmışdı. Axırda atam dedi ki, sən xarici dil öyrənmək istəyirsənsə, heç olmasa, şərq dillərinə get. Çünki sovet dövründə ingilis dilinin o qədər də böyük önəmi yox idi. Mən isə cavabında atama dedim ki, siz məni səhv başa düşdünüz - söhbət hansısa xarici dili öyrənməkdən getmir, mən məhz ingilis dilini istəyirəm.

 

Üstündən xeyli illər keçəndən sonra atam radioda mənimlə müsahibələri eşidəndə sevinər, fəxr edərdi. Bir dəfə ona dedim ki, ata, yadındadır, deyirdin ki, ingilis dilinin dalınca getmə. Dedi ki, ay qızım, mən nə biləydim ki, Sovetlər dağılacaq, ingilis dili lazımlı olacaq… Mən bu dilin özünü sevirdim. Bu qərarı verəndə düşünməmişdim ki, bu dilin tərcüməçisimi, müəllimimi, yoxsa bu dildə danışa bilən mütəxəssisimi olacağam. İndi isə istəsək də, istəməsək də bütün dünyanın yolu ingilis dilindən keçir.

 

İlhamə Qasımlı: Tamam Bayatlının adı gələndə həm də müasir poeziyamızın ən görkəmli şairlərindən biri Vaqif Bayatlı Odəri düşünürük.

 

Tamam Bayatlı: Sizin üçün ən görkəmlilərindən biri, mənim üçünsə ən görkəmlisi...(gülür)

 

İlhamə Qasımlı: Vaqif Bayatlı onun haqqında çəkilmiş “Üç çinar yarpağı” filmdə ailə qurmamasının səbəbini «dükan-bazara getmək, uşaqlara baxmaq» istəməməsi ilə izah etmişdi. Evlənmək barədə qətiyyən düşünməyən bir insanın ürəyini ələ almaq Sizə necə nəsib oldu?

 

Tamam Bayatlı:Vaqif bəylə tanışlıq o qədər sirli bir şeydir ki… Görünür ki, tale yazısı var ki, hamımız ona inanmalıyıq. Hara getsək də, gəlib bizi tapacaq. Həmin filmdən bir il sonra rastlaşdıq. Vaqif müəllimin özünün dediyinə görə, o məni evlənməyimizdən 10 il əvvəl görüb. O vaxtlar mən institutda oxuyurdum, tez-tez Axundov kitabxanasına gedirdim. O da Yazıçılar İttifaqına gedib-gəlirmiş, onda məni görüb. Təsadüfən, bizim institutda məndən bir-iki kurs yuxarıda oxuyan bir qohumu da məni ona tərifləyib deyirmiş ki, əlaçı qızdır, Lenin təqaüdü alır,   qəzetlərdə yazıları çıxır və s. Hətta qəzetdə çıxan şəklimi də ona göstəribmiş. Amma evlənməsi üçün yox, sadəcə, institutun nümunəvi tələbəsini tanıtmaq üçün. Bundan başqa, müxtəlif vaxtlarda da qardaşlarımla instituta gedib-gələndə məni görüb.

 

Vaqif muəllimin bir şeiri var, ”Qara qız - qar qız». « On ildi bir qara qız əlində qar topu dayanıb illərin o başında vurmaq istəyir məni, ancaq, qıyammır, qıyammır.» Bu şeiri biz evlənəndən sonra mən oxuyanda çox təəccübləndim: Vaqif müəllim 10 il qabaq taleyinə çıxacaq qara qızı, yəni məni dəqiqliklə təsvir eləmişdi.

 

Vaqif müəllimin ən çox sevdiyim şeiri isə «Qeysin Leylini gördüyü gündən bir gün əvvəl» şeiridir. Nədənsə, mən bu şeiri oxuyarkən Leyli kimi məhəbbətlə sevəcək qızların və Qeys kimi oğlanların bir-birini görməmişdən əvvəlki vəziyyəti barədə düşünürəm, gözlərim yaşarır.

 

Hələ qanadı yoxdu,

hələ yerüzünün oğludu o,

Sabah qanadı çıxacaq,

Sabah ayın, ulduzun,

eşqin oğlu o olacaq ancaq,

Hələ Qeysdi onun adı,

Sabah məktəbə gedəcək,

Sabah bu dünyada

Hamıdan çox o sevəcək,

Çünki bu dünyadakı

çiçəklərin ən gözəlini

təkcə o görəcək,

İndi hamıdan çox  gülür,

Bir də heç vaxt gülməyəcək o,

İndidən görünür eşqin dövləti, varı-

gülən gözlərinin dibində

gizlənib titrəyən göz yaşları,

 

Bu gün gəlincikdən ötrü

ağlayıb gülən Leylinin,

Eşqin dilindən xəbərsiz

pərvanənin, şamın

dilini bilən Leylinin

xəbəri yox, sabah bir qanadlı otaqda

bir səf qönçə oğlan düzüləcək,

bir səf qönçə qız.

 

İlhamə Qasımlı: Qiyabi tanışlığınız nə vaxt şəxsi tanışlığa keçdi?

 

Tamam Bayatlı: Hamı filmdə olduğu kimi,  ata-anası evlənməsini istəyirmiş. Özü deyir ki, uşaqlıqdan bu yana o, Yer üzünün oğlu deyil, hamı ilə qəlbində danışır. Ona görə Yer insanlarını görmür. Ona görə də evlənmək istəmirdi. Qorxurdu ki, ai lə onu məişətləşdirər. Onunla eyni səviyyədə söhbət edən dostları evlənəndən sonra işıq pulundan, evdə yağ olmamasından  danışıb, belə söhbətlər onu qorxudub. Amma kim onu görürdüsə ilk sözü «gecdi, evlən» olurmuş. Hamı da qız təklif edirmiş. Bir dəfə də dostları ilə bir məclisdə oturublar, yenə belə söhbətlər başlayanda professor Kamal Abdulla «sən heç kimə fikir vermə, gələrsən institututumuzda bir qız var, ona baxarsan», deyir. O vaxt mən Xarici Dillər İnstitutunda müəllim, Kamal müəllim isə kafedra müdürü işləyirdi. Üstündən 1-2 ay keçəndən sonra yenə bir məclisdə Vaqifin evlənmək söhbəti ortaya gəlir, Kamal müəllim yenə deyir ki, «bəs, mən sənə demədimmi ki, instituta gəl, bir qız var, ona bax». Bəxtim onda gətirib ki, hamı məni tanıyıb və hamı tərifləyib. Vaqif deyir ki, məndə maraq yarandı ki, necə ola bilər ki, bir adam haqqında hamı birdən xoş söz desin. Elə həmin maraqla da institutumuza gəlib. Kamal müəllim məni çalışdığım qrammatika kafedrasının  otağından dəhlizə çağırıb nəsə soruşub. Sən demə, həmin vaxt Vaqif də pilləkanların başında durub bizə baxırmış. Mən içəri keçəndən sonra Vaqif pilləkanlardan tez aşağı düşüb və «Kamal, mən bilmirəm sən dediyin qız hansıdır, amma mən bunu istəyirəm. Elə bil onu uşaqlıqdan tanıyıram… Sevdiyin adam sənə uşaqlıqdan tanıdığın kimi gəlməlidi bir az da …» deyib.

 

Bundan sonra hər gün institutun qabağında məni gözləyirdi. Günlərin birində isə yenə yol gəldiyimiz zaman - həmişəki kimi o qabaqda, mən isə arxada gedirdik - o poeziyadanmı, yaxud başqa bir mövzudamı danışdığı vaxtda birdən onun səsi mənə çox doğma, əziz göründü... O vaxtdan bəri Vaqif müəllimin səsi məni həmişə öz doğmalığıyla diksindirir, mən bu səsi sanki çox-çox  qədimlərdə də uzun zaman hər gün eşitmişəm.

 

Sevinc Osmanqızı: Neçə ildir xarici şirkətdə çalışırsınız?

 

Tamam Bayatlı:Müstəqilliyin ilk illərində mən öz əsas işimdən başqa, həm də repititorluqla məşğul olurdum - xaricilərə Azərbaycan türkcəsi dərsi deyirdim. Mənim dərslərim əsasında dərs dediyim Cim adlı amerikalı ilə birlikdə Azərbaycan dilinin qrammatikasını ingiliscə yazdıq və bir kitab alındı. Kitab hazır olandan sonra o dedi ki, xaricdə belə kitabları sponsor hesabına nəşr etdirirlər. İlk dəfə «sponsor» sözünü həmin kişidən eşitmişəm. Dedi, YUNOKAL şirkətinin prezidenti ilə əlaqələrim var, ona deyərəm. Düzdür, YUNOKAL kitabın nəşrinə sponsorluq eləmədi, amma şirktəin prezidenti kitabın əhəmiyyətini anlayıb onu yeni yaranmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirktəinə (ABƏŞ) yönəltdi. O vaxt ABƏŞ-də azərbaycanlılar üçün ingilis, ingilislər üçün isə Azərbaycan dili dərsi keçirdilər. ABƏŞ-in kadrlar şöbəsinin müdürü Maykl Bromlinqlə görüşümüz oldu. Bromlinq kitabla tanış olandan sonra dedi ki, bu bizə lazım olan kitabdır, onun nəşrinə sponsorluq edərik. Qəfldən mənə dedi ki, «bəs, Siz özünüz bizim şirkətdə işləmək istəmirsiniz?» Məndən əvvəl Cim bunun çox yaxşı təklif olduğunu başa düşərək «əlbəttə istəyir!» dedi. Mən isə dedim «gedim evdə həyat yoldaşımla məsləhətləşim, sonra cavab verərəm». Evdə Vaqif müəllimə dedim ki, xaricilər kitabımı bəyəndilər, mənə iş də təklif etdilər. Dedi, gedək baxaq.

 

Axşamtərəfi Vaqiflə birlikdə Bromlinqlə görüşdük, xeyli söhbət elədik. Mən ABƏŞ-də azərbaycanlılara ingilis, ingilislərə isə Azərbaycan dili dərsi keçməli idim. Vaqif müəllim mənim həm də radio və televiziyada işlədiyimi bildirdi. Bromlinq dedi ki, saat 4-ə qədər bizdə dərslərini keçər, 4-dən sonra imkan verərik, verilişlərini hazırlayar. Maaşımı dedilər. Bu məbləğ o vaxt üçün bizə çox yaxşı göründü. Evdə doldurmaq üçün ərizə forması verdi. Qapıdan çıxanda isə Bromlinq dedi ki, «bilirsinizmi, Siz maaşınızdan 57 f ai z vergi verəcəksiniz?» Yadımdadır ki, ağlıma gələn ilk fikir bu oldu ki, mən həmin məbləğin yarısından da azını alacağam. 57 f ai z çıxsalar da, o vaxt aldığım maaş pis deyildi. 1995-cü il mayın 19-da ABƏŞ-də işə başladım.

 

Sevinc Osmanqızı: Amma hələ neçə il televiziya aparıcısı kimi fəaliyyətinizi davam etdirirdiniz…

 

Tamam Bayatlı: Hə. O vaxtlar şirkətdəki vəzifəm məsul deyildi. Amma indiki işimdə təkcə mətbuat xidməti yox, şirkətin ümumi əlaqələri üçün məsulam - şirkət daxilində əməkdaşlarla, şirkət xaricində isə media ilə əlaqələrə məsulam. Yəni indi işlərimin çoxluğundan televiziyaya vaxtım qalmır.

 

Sevinc Osmanqızı: Şirkətdə neçə prezidentlə işləmisiniz?

 

Tamam Bayatlı: İlk prezidentdən başlayaraq, hamısı ilə. İlk prezidentim Terri Adams olmuşdu. 60 yaşı tamam olanda onu təqaüdə göndərdilər. Yaxşı fəaliyyətinə görə onu «Şöhrət» ordeni ilə təltif etdilər. Ondan sonra Devid Pritçardı şirkətə rəhbər təyin etdilər. Həddən artıq gözəl insan idi. Mən 100 f ai z əminəm ki, o əvvəlki həyatında azərbaycanlı olub. Alyaskalı idi. Azərbaycanlıları çox sevirdi, Azərbaycan dilini elə həvəslə öyrənirdi ki. Bir məclisdə olanda xaricilərin arasında durmurdu, gəlib azərbaycanlılarla bir masada otururdu. Azərbaycanlı əməkdaşlarımızın toyunda elə oynayırdı ki, elə bil burada xüsusi rəqs dərsi keçib. 907-ci maddənin aradan qaldırılması ilə bağlı müzakirələr aparılanda o öz təşəbbəsü ilə ABŞ Konqresinə böyük bir məktub yazmışdı. Son dərəcə həyəcanlı, təsirli məktub idi. «Azərbaycanın torpağı işğal olunduğu halda, Azərbaycana qarşı sanksiya tətbiq etmisiniz», yazmışdı. Xanımı da daxil olmaqla, bir neçə xaricinin də imzalarını toplamışdı. Təəssüf ki, səhhəti ilə əlaqədar o, ABƏŞ-in prezidenti vəzifəsində az işlədi. Çox həssas, hər şeyi ürəyinə salan adam idi.

 

Hər gün şirkətin əməkdaşlarının otağına gəlirdi. Yadımdadır ki, bir dəfə otağıma gəldi. Masamın üstündə 1 qutab vardı. Onu o qədər özümə doğma saydım ki, qutabı ona təklif elədim. Əvvəlcə fikirləşdim ki, yəqin «çox sağ olun» deyib götürməyəcək. Amma götürdü. Yüz f ai z əminəm ki, o, qutabı yemədi, sadəcə qəlbimi sındırmamaq üçün götürdü.  Sonra o xəstələnib Azərbaycandan gedəndən sonra bir dəfə də Bakıya qayıtdı və Vaqif onu qaldığı oteldən taksi ilə gətirərək ona yaxın olan adamlarla görüşdürdü – ona Azərbaycan türkcəsini öyrətmiş müəllimi, mən və Azərbaycanda bizim dilimizi bizdən də yaxşı danışan məşhur Riçard Peqq. Bu görüşə o, iflic olmuş tərəfindəki ayağını çəkə-çəkə gəlmişdi və mən onun müəlliməsi ilə dayanıb onun taksidən düşərək Vaqif bəyin qolundan tutub bizə tərəf gəldiyinə baxa-baxa ağladım.  Sonralar Vaqif bəy bu görüşün təəssüratını mənimlə  dəfələrlə bölüşüb, qəribədir ki, bizim hər ikimiz onu ta qədim zamanlardan tanıdığımız kimi hisslər keçirmişik. Sanki o bizim dilimizdə danışan bir Alyaskalı yox, əvvəllər bizlərdən biri olmuş amma bizdən uzaq düşmüş bir qərib idi və məncə, o da Bakıda eyni hissləri yaşayırdı.

 

Ondan sonra hazırki prezidentimiz Bill Şreyder də daxil olmaqla dörd prezidentlə işləmişəm.

 

İlhamə Qasımlı: Tamam xanım, belə fikirlər var ki, qərblilər bəzən bizə 2-ci, 3-cü dərəcəli millət kimi baxırlar. Nə etmək lazımdır ki, dünyanın aparıcı şirkətində Sizin kimi yüksək vəzifə tutmağa müvəffəq olasan?

 

Tamam Bayatlı: Mən ayrılıqda bu münasibəti təhlil etməmişəm, amma bilirəm ki, hər bir millət haqqında fikir o millətin ayrı-ayrı nümayəndələrinin səndə doğurduğu təəssüratdan yaranır. Mən Gürcüstanda elmi iş müdafiə etdiym vaxtdan bu millətə məndə hörmət yarandı. Gürcülər öz mədəniyyətlərini, dillərini, tarixlərini çox yüksək dəyərləndlirirlər, elə yüksək  ki, adam istər-istəməz bu mədəniyyətlə maraqlanır və deyir ki, görəsən bu qədər yüksək dəyər verilən nədir ki, mən onu bilmirəm.

 

Hər bir xalqa münasibət onun fərdinin yaratdığı təəssüratdan başlayır. 13 ildən çoxdur ki, xarici şirkətdə işləyirəm, amma bir dəfə hiss eləməmişəm ki, vəzifəsindən, cinsindən, yaşından asılı olmayaraq, xaricilərdən kimsə mənə yuxarıdan aşağı baxsın. Mən əgər öz dilimi təmiz danışıb, gözəl təqdim eləməsəm xarici o dildə danışmaq həvəsinə necə düşər, mənə, mənim millətimə necə hörmət edər, əlbəttə, gedib rus dilini öyrənər.

 

Bir dəfə bir xarici mənə yaxınlaşıb dedi ki, mən ölkənizə təzə gəlmişəm, dil öyrənmək istəyirəm. Hansı dili öyrənsəm, yaxşı olar? Dedim, əlbəttə, Azərbaycan dilini! Dedi, axı, deyirlər ki, Azərbaycan dili Azərbaycandan başqa heç yerdə işlənmir. Dedim, özünüz planlışdırın - əgər sizin gələcək planlarınız, iş yerlərniz Türkiyə, Güney Azərbaycan Orta Asiya ölkələri, 250 milyonluq bütün türk dünyası ilə bağlıdırsa, mütləq Azərbaycan dilini öyrənməlisiniz. Yox, əgər 2-3 illik bura gəlibsinizsə və sonra heç vaxt bu mədəniyyət, tarixlə əlaqəniz olmaycaqsa, özünüz  bilərsiniz. Azərbaycan dilini öyrənməklə 60 milyonluq Türkiyənin dilini də öyrənmiş olacaqsınız. Həmin adam başladı Azərbaycan dili öyrənməyə.

 

Bir aydan sonra o məni yeməkxanada gördü və az qala dava edirmiş kimi «sən niyə məni aldadırsan? Deyirsən, hamı burda Azərbaycan dilində danışır, bu dili öyrənmək lazımdır, amma görürəm ki, çoxu rus dilində danışır». Dedim, sizə kim deyib ki, burada hamı rusca danışır? Bu vaxt yanımızda duran şirkətimizdə rus dilini tədris edən biri azərbaycanlı, digəri isə qeyri-azərbaycanlı olan iki qadın səbəbkar kimi gülüşdülər. Mən elə Dərilin yanında onlara ingiliscə dedim ki, sizin öz dilinizi təbliğ etmək hüququnuz var, amma mən yol vermərəm ki, siz mənim dilimin bahasına, mənim dilimə ziyan vurmaqla, mənim dilimi alçaltmaqla, onu arx ai k adlandırmaqla  öz dilinizi təşviq edəsiniz.

 

Biz özümüzə hörmət qoymasaq, xaricilər bizə hörmət qoyarmı? «Xaricilər bizə hörmət eləmir» deyən adamın özü o hörmətsizliyə layiqdir. İş almaq üçün o qədər yaltağı, xariciyə ərə gedən kimi dərhal hər şeyindən imtina edib, özünü sanki doğulandan ingilisiymiş kimi aparanı var ki… Təəssüf ki, bəzi qızlarımız xaricilərə ərə gedəndən sonra azərbaycanlı olduğunu unudur, bəlkə də azərbaycanlı kökü-soyu  barədə uşağına heç nə demir. Mən inanmıram ki, belələrinə ərləri hörmət qoysun.

Xarici təşkilatda uğurlu karyera qurmaq istəyən adam ilk növbədə mütləq öz millətinə, xalqına və öz şəxsiyyətinə hörmət etməlidir, belə olmayan başqasından hörmət gözləməməlidir.

 

Sevinc Osmanqızı: Tamam xanım, sizcə, qadının qərar verən vəzifəyə böyüməsi və rəqabətə tab gətirməsi üçün hansı keyfiyyətlərə malik olmalıdır? Biz eşitmişik ki, Siz işdə çox tələbkarsınız…

 

Tamam Bayatlı: Mən özümə qarşı da tələbkaram. Çünki özün tələbkar olmayıb bunu başqasından tələb etsən, çox gülünc olar. Mənə elə gəlir ki, qərar verən vəzifədə, xüsusilə neft sahəsində çalışmaq istəyən qadın özündən vəzifəli şəxslər arasında sözünün ciddi qəbul olunmasını istəyirsə, özünü qadınlarla yox, öz ranqında olan hər hansı bir kəslə və ya daha yüksək vəzifəli şəxslərlə müqayisə etməlidir. Yəni, «onların ağlı itidir, kişidirlər, mənim sözümə də qadın olduğuma görə hörmət edirlər» kimi düşünsən, sözükeçən menecer ola bilməzsən. Ümumiyyətlə, ciddi şirkətlərdə qadın-kişi seçimi olmur. Əgər vacib iş varsa, fikirləşmək olmaz ki, mən qadınam evə tez getməliyəm və s. İş və zərurət varsa, lap gec saatlaradək də kompyuterin qarşısında oturmalıyam.

 

Arzu Qazıyeva: Bu rejim sizi yormur ki?

 

Tamam Bayatlı: Açığını desəm, yormur. Bəlkə də yorardı, amma işimin nəticəsi gözəl olanda, heç bir yorğunluq hiss eləmirəm. Həm də İnsanın özündə liderlik, işində qabağa getmək istəyi olmalıdır. Sonradan bu, tutduğun mövqeyə uyğun məsuliyyətə çevrilir. Bu məsuliyyət səni çatışmayan cəhətini gizlətməyə, bacarmadığını da bacarmağa məcbur edir. Bir də görürsən, işçilərimdən birinə tapşırıq verirəm, deyir, mən bunu bir saata çatdıra bilmərəm. Deyirəm, sən bunu mənə deməməliydin. Əgər sənin işin üçün tələb olunan qabilyyətdə bir adam bir saata bu tapşırığı yerinə yetirə bilmirsə, onda sən bunu məndən gizlətməliydin. Çünki səndən gözlənti budur.

 

İlhamə Qasımlı: Sizin tərcüməçi həmkarlarınız sonradan özlərinin şəxsi bizneslərini yaradıblar. Nədən özünüzü bu sahədə sınamadınız?

 

Tamam Bayatlı: Bilmirəm, uşaqlıqdan, yoxsa Vaqif müəllimdən gələn xüsusiyyətdir, bizi maddiyyat maraqlandırmır. Xüsusilə Vaqif müəllimin yanında maddi məsələdən danışsam xəcalət çəkərəm. Məndə biznes anlayışı və bacarığı yoxdur. Qadınların vicdanlı biznesin dalınca getməsinə çox yaxşı baxıram. Amma özüm belə ola bilmərəm.

 

İlhamə QASIMLI: Təqaüdə çıxandan sonra görmək istədiyniz işlər varmı? Adətən, avropalılar təqaüd yaşını səbirsizliklə gözləyirlər ki, istirahət etsinlər. Bizimkilər isə təqaüd yaşında da işləməkdə davam edirlər. Siz təqaüd planlarınızı Avropa, yoxsa Azərbaycan sayağı planlaşdırırsınız?

 

Tam