Arzu Qazıyeva: Bəxtiyar müəllim, “Azərbaycan” qəzetinin Baş Redaktoru olduğunuz 6 il ərzində qəzetdə nə dəyişib? Plüralizm əvvəl çox idi, yoxsa indi ?
Bəxtiyar Sadıxov: Bir redaktor kimi buna qiymət verməyim obyektiv olmaz. Bunu oxucular və mütəxəssis jurnalistlər daha yaxşı bilər. Amma onu deyə bilərəm ki, “Azərbaycan” qəzetinə gələndən bəri bir sıra ciddi islahatlar aparmışam - həm struktur, həm mövzu dəyişikliyi baxımından.
Bizim statusumuz - rəsmi dövlət qəzetidir. 2-cisi, biz Milli Məclisin orqanıyıq. Hər ikisinə görə üzərimizə mühüm vəzifələr düşür. “Azərbaycan” qəzeti yeganə qəzetdir ki, onun sonuncu səhifəsinin axırında biz yazmışıq: “Qəzetdə gedən bütün fikirlər Azərbaycan dövlətinin mövqeyinə uyğun gəlməlidir.” Yəni plüralizm istəsək də, qəzetimizin öz prinsipləri var. “Azərbaycan” - dövlət qəzetidir. Biz müxtəlif fikirlərə hörmətlə yanaşırıq, amma eyni zamanda məsələləri dövlətçilk mövqeyindən işıqlandırırıq.
Biz eyni zamanda Milli Məclisin orqanıyıq. Parlamentdə müxalifət və ya digər partiyalardan olan elə bir deputat yoxdur ki,bizim qəzetdə çıxış etməsin. Amma, məsələn, millət vəkili Pənah Hüseyn bizim qəzetdə çıxış edib, Müsavat ideyalarını təblığ edərsə, o plüralizmi mən qəbul etmərəm. Amma əgər Pənah müəllimin çıxışları Azərbaycan dövlətinin mövqeyinə uyğundursa, biz o çıxişlara yer veririk.
İlhamə Qasımlı: Bəs Sizdən əvvəl qəzetin mövqeyi necə idi ?
Bəxtiyar Sadıxov: Mənə qədər “Azərbaycan” qəzeti daha çox hər şeydən yazan qəzet idi, mən isə çalışdım onu gündəlik siyası qəzetə çevirim. Bizim açıq-aşkar bir mövqeyimiz var -Azərbaycan dövlətçiliyinin mövqeyi. Biz bütün məsələlərə bu prinsiplə yanaşırıq və bu mövqedən işıqlandırırıq. Qəzet Azərbaycan iqtıdarının rəsmi dövlət qəzeti olduğu üçün əsas funksiyamız milli dövlət quruculuğu prosesini işıqlandımaqdır. Biz Prezidentin bütün fəaliyyətini işıqlandırırıq. Burada Prezidentin qəbul etdiyi bütün fərman və sərəncamlar dərc olunur. Prezidentin xarici səfərləri, xarici siyasəti incəliklərinə qədər şərh edilir. Prezidentin daxili siyasəti ,qəbul etdiyi dövlət proqramları,yəni Prezidentlə bağlı bütün məsələlər bizim qəzetdədir. Milli Məclisin komissiya və sessiya iclasları, qəbulu,deputatların çıxışları, yəni Milli Məclisin fəaliiyətini planauyğun şəkildə tam olaraq işıqlandırırıq.
Sevinc Osmanqızı: Necə olur ki, parlamentin orqanı ola-ola, icra hakimiyətini, iqtidarı təbliğ edirsiniz? Parlament iqtidardan müstəqil olmamalidimi?
Bəxtiyar Sadıxov: Burada 2 məqam var. Əvvəla, rəsmi dövlət qəzeti olaraq, bu statusa görə biz dövlətin, Azərbaycan iqtidarının gördüyü işləri təbliğ etməliyik. İkincisi, parlamentlə Azərbaycan iqtidarı arasında heç bir ziddiyyət yoxdur. Əksinə, parlamentin əksəriyyəti - YAP tərəfindən seçılmış 80-ə yaxın deputatdır. YAP sədri də bizim hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Orada qoyulan məsələ ilə dövlət tərəfindən qoyulan məsələ arasında heç vaxt ziddiyyət olmayıb. Əgər söhbət müxalifətdən gedirsə, o müxalifət partiyalarının hər birinin öz siyasi qəzeti var. İstədikləri kimi də iqtidar və dövlət məmurları haqqında yazırlar və onların iqtidarı, Prezidentin fəaliyyətini tənqid etmək heç bir problemləri yoxdur.
Sevinc Osmanqızı: Sabah demokratik seçkilər keçırılərsə və müxtəlif siyasi partiyaların nümayəndələri parlamentdə təmsil olunarsa, “Azərbaycan” qəzeti nə edəcək?
Bəxtiyar Sadıxov: Heç vaxt arzu etməzdim ki,Azərbaycan iqtidarı ilə Azərbaycan parlamenti arasında qarşıdurma və ziddiyyət olsun.
Sevinc Osmanqızı: Demokratiya elə bu deyilmi?
Bəxtiyar Sadıxov: Yox, o xaosdur. Bu gün biz görürük ki, Gürcüstanda insanlar meydana çıxırlar, bizim üzdəniraq qonşumuz Ermənistanda jurnalistlərə güllə atılır, qəzetlərin fəaliyyəti dayandırılır, fövqəladə vəziyyət elan olun, hətta Parlament deputatları həbs olunurlar. Mən heç vaxt arzu etməzdim ki,Azərbaycanda o vəziyyət yaransın. Biz də o xaosu görmüşük. O günləri yaşamışıq ki, AXC qadın batalyonları Parlamenti mühasirəyə alıblar, gecə səhərə qədər deputatları saxlayıblar, buraxmayıblar. Mən bunu arzu etmirəm və hesab edirəm ki,belə vəziyyət heç vaxt olmayacaq.
Arzu Qazıyeva: “Azərbaycan” qəzetində bəzən müxalifət nümayəndələri, müstəqil fikirləri olan şəxslər təngid atəşinə tutulur, “xain”, “satqın” və s. adlandırılırlar. Bu, “dövlətin siyasətinə uyğundurmu”?
Bəxtiyar Sadıxov : Bir deyim var, deyirlər, mənə istinad nöqtəsi verin, yer kürəsini yerindən oynadım. Bizim üçün yeganə istinad nöqtəsi dövlətçilik mövqeyidir. Jurnalistikada faktlara istənilən sahədən baxış var. Bizim isə yeganə baxış nöqtəmiz dövlətçilikdir. O insanın, o müxalifətçinin söylədiyi fikir Azərbaycan dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edirsə, biz o mövqeyi tənqid edib, qəbul etmirik. Xalqın etimadından istifadə edərək, dövləti anarxiya vəziyyətinə çatdıranlar, Azərbaycanın bütün maddi-mənəvi sərvətlərini çapıb, talayanlar, xaricə daşıyanlar bu gün yenidən hakimiyyətə iddia edirləsə, biz xalqın yadına salmalıyıq ki,bu adamlar hakimiyyətə gəldilər, idarə edə bilmədilər, sonra yalvarıb, bizim ümummilli liderimiz Heydər Əliyevi dəvət etdilər hakimiyyətə. Bunu nə ziyalılar, nə xalq, nə də heç birimiz unutmalı deyilik. Ona görə də mən belə hesab edirəm ki biz düzgün yol tutmuşuq ki, xalqımızın yaddaşını təzəliyirik.
Sevic Osmanqızı: İstər müxalifət nümayəndəsi, istər iqtidar partiya nümayəndəsi olan millət vəkilinin arxasında minlərlə seçici dayanır. Siz bu qərarı nəyə əsasən verirsiniz ki, bir adamın fikirlərini xalq bilməlidir, digərininkini isə atmaq lazımdır?
Bəxtiyar Sadıxov: Burada bir neçə məqam var. 1-ci məqam ondan ibarətdir ki,müxalifətin dediyi əksər məsələlər, əksər fikirlər populizmdir. Tutaq ki,müxalifət deputatı bunları söyləyir:”Bu gün həddindən çox insan yoxsulluq səviyəsində yaşayır,onlara kömək etmək lazımdır,dövlət məmuru yüksək maaş alır,amma insanların pensiyası aşağıdır, pensiyalar dərhal qaldırılmalıdır”. Mən bunu populizm sayıram. Pensiyanı qaldırmaq və ya yoxsulluğun səviyəsini azaltmaq üçün dövlətin ağıllı iqtisadi siyasəti olmalıdır, bu siyasət bəhrəsini verməlidir. Bu bəhrə əsasında dövlət büdcəsinə vəsait gəlməlidir. Bu vəsait gələndən sonra hesablanmalıdır ki, bunun nə qədəri əmək haqqının qaldırılmasına, nə qədəri pensiyaların qaldırılmasına yönəldilməlidir. Birdən birə pul kütləsini pensiya,əmək haqqına yönəltsək, inflasiya elə qalxar ki, heç bir xeyri olmaz .Belə məsələlər sözlə yox, işlə həll olunur.
İlhamə Qasımlı: Sizcə, dövlət qəzetinin olması nəyə gərəkdir?
Bəxtiyar Sadıxov: Azərbaycan qəzeti - qurucu qəzetdir. Həmkarlarım tez-tez səsləndirirlər ki,dövlətin özünün qəzeti olmalı deyil, mətbuat azad olmalıdır, müstəqil olmalıdır və s. Mən belə hesab etmirəm. Hər bir siyasi partiyanın öz qəzeti var, kim istəyirsə qəzet təsis edir, öz fikrini, mövqeyini, liderini təbliğ edir, iqtidarı da tənqid edir. Bu iqtidar bu qədər iş görür. Artıq 5 ildir Prezidentimiz fəaliyyət göstərir. Bəs iqtidarın gördüyü işi kim göstərməlidir?
Sevda Həsənova: YAP-ın qəzetləri.
Bəxtiyar Sadıxov: Dövlətin, iqtidarın gördüyü işdən gedir söhbət..Dövlət proqramı qəbul olundu, o necə icra olunur? Bəs bunu kim təbliğ etməlidir? Bizim Rəsmi dövlət qəzeti statusundan irəli gəlir ki,biz qəbul olunmuş dövlət proqramlarının icrasını nəzarətdə saxlayırıq.
Sevda Həsənova: “Azərbaycan” qəzeti hakimiyyət və parlament üçündür, yoxsa xalq üçün?
Bəxtiyar Sadıxov: Yox, “Azərbaycan” qəzeti xalq üçün buraxılır. Bizim 8 mindən yuxarı tirajımız var, amma oxucu hansı qəzeti seçir, öz işidir.
Arzu Qazıyeva: Məsələlərə yanaşmada Siz etik jurnalistika prinsiplərindən kənara çıxmaqla, Redaktor kimi səlahiyyətlərinizi aşmırsınız ki?
Bəxtiyar Sadığov: Yox, səlahiyətyətlərdən sui-istifadə etmək olmaz. Məsələlərə yanaşmaya gəldikdə, mən eyni zamanda YAP üzvüyəm,millət vəkiliyəm və iqtidar komandasının üzvüyəm. İqtıdarın mənafeyi mənim üçün qiymətlidir. 2cisi o insanlar hakimiyyətdə olanda özləri-özlərini qiymətləndiriblər. Özləri-özlərinin iç üzünü açıblar və onda Azərbaycan nə vəziyyətə düşmüşdü, artıq bir dövlət kimi itmək asanasında idi. Az-n yox idi parçalanmışdı.Bir vətəndaş kimi də mən elə insanların iqtidara gəlməsinə razı ola bilmərəm.Mən anarxiya dövrünün qayıtmasına razı ola bilmərəm.Mən hərbi müxbir olmuşam,3 il Qarabağ bölgəsində müharibənin gedişində iştirak etmişəm. Mən o dəhşətləri görməmişəm - yaşamışam! Ona görə də mən o cür Azərbaycana rəhbərlik edən insanlarin təzədən hakimiyyətə gəlməsinə heç cür razı ola bilmərəm və nə qədər qüvvəm varsa, o tipli insanlara qarşı mübarizə aparacağam!
Sevinc Osmanqızı: İnkişaf etmiz ölkələrdə nə dövlət qəzetləri var, nə də partiya qəzetləri. Müstəqil mətbuat var. Azərbaycanda belə bir mənzərəni təsəvvür edirsinizmi?
Bəxtiyar Sadığov: Çox gözəl təsəvvür edirəm. Biz keçid dövrünü yaşayırıq.Bizim Ermənistan-Azərbaycan Dağliq Qarabaq münaqişəmiz davam etdiyindən, torpaqlarımız işğal altında olduğundan və müstəqil dövlət qurduğumuzdan, bizim keçid dövrümüz uzanır. Əminəm ki,biz torpaqlarımızı da qaytaracağıq, keçid dövrünü də başa çatdıracağıq, Azərbaycanda bizim arzuladığımız səviyyədə demokratiya da olacaq, tam müstəqil qəzetlər də olacaq .Və onda təbii ki.iqtidar mətbuatına, partiyanın siyasi qəzetlərinə ehtiyac qalmayacaq. Mən o dövrə hazıram və istəyirəm ki, qəzet, həqiqətən, müstəqil, iqtisadi cəhətdən heç kimdən asılı olmasın, qəzet –obyektiv, jurnalist - vicdanlı olsun. Ən vacib jurnalist prinsiplərindən biri budur ki, jurnalist heç kimin əlinə və cibinə baxmamalıdır, mənən də hamıdan yüksəkdə durmalıdır! Allah etsin mən də o dövrü görüm!
İlhamə Qasimli: Yeri gəlmişkən, qəzetiniz dövlət qəzetidir, amma işçilərinizin dövlət qulluqçusu statusu yoxdur. Niyə?
Bəxtiyar Sadıxov: Bilmirəm, bəlkə də, AŞPA nin prinsiplərindən irəli gəlir - o yerdə ki mətbuat var, onu dövlətə qatmayaq və mətbuat azadliğina mane olmayaq. Əslində prisipcə götürsək, rəsmi dövlət qəzetinin redaktoru kimi mən o statusda olmaliyam.
Sevinc Osmanqızı: 2012 ci ildən sonra rəsmi qəzetləri maliyələşdırməmək barədə söhbətlər gəzir. Siz 2012-ci ildə özünüzü harada görürsünüz?
Bəxtiyar Sadıxov: Mən çoxdan özümü 2012-ci ildə görürəm, çünki biz rəsmi dövlət qəzeti olsaq da, rəsmi büdcədə deyilik. Parlament bizə indiyə qədər bir manat da pul verməyib.Biz abunə hesabına yaşayırıq. Amma etiraf edirəm ki, dövlət abunə məsələsində bizə kömək edir. Bizim reklamımız da var. Əsas gəlirimiz - baş sağlığındadır (gülür). Bu bazar bizdədir.
Sevinc Osmaqızı: Abunə məcburidir, deyilmi?
Bəxtiyar Sadıxov: Əvvəla, könüllü yazılanlar da var. 2-cisi, gəlin açıq danışaq. Sən necə dövlət məmurusan ki, “Azərbaycan” qəzetini alıb, Prezidentin sərəncamları, dövlət proqramları, dövlətin gördüyü işlərlə maraqlanmırsan? Bu da anormaldır.
İlhamə Qasımlı: Necə oldu ki, baş sağlığı bazarını ələ aldınız?
Bəxtiyar Sadıxov: Bir ara “Xalq” qəzeti çıxmadı, hamı başsağlığını verdi “Azərbaycan” qəzetinə. O vaxtdan o bazar bizdədir. Hətta bir neçə dəfə başqa qəzetə başsağlığı veriblər, sonra idarənin müdürü deyib “a kişi, axı mən demişdim sənə ‘Azərbaycan’ qəzetində ver”. Oradan gəlir götürürük, qiyməti də artırmışıq. Bizdə 12 manat idi, indi isə 17 manat olub. Bir az da artıracağıq.
2-cisi, reklam sarıdan vəziyyət ağırdı. Bu, Mətbuat Şurasında da müzakirə olunub. MŞ uzun- uzadı müzakirələrdən sonra biz Azərbaycanda KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasını hazırladı, artıq Prezident Aparatina təqdim olunub. Daxili inamım var, əminəm ki yaxşı bir fərman və dövlət proqramı ola bilər və bütün mətbuata yardım olacaq.
Aynur Yaqubova: Qəzetinizdə səhv gedəndə, hansı tədbirlər görürsünüz? Kəskin yoxsa humanistcəsinə həll edirsiz?
Bəxtiyar Sadıxov: Əfsuslar olsun ki, bəzən orfoqrafik səhv siyasi məna verir. Ən ciddi ölçünü götürürəm.Qəddar deyiləm. Mənim qəzetdə işləmədiyim vəzifə qalmayıb. Mən universiteti fərqlənmə diplomu ilə bitirib, “Abşeron” qəzetində korrektor kimi işə qəbul olunmuşam. Müxbir, şöbə müdiri olmuşam, məsul katibi əvəz etmişəm, sonra redaktor-müavini olmuşam. Ondan sonra “Kommunist” qəzetinə dəvət olunmuşam müxbir, şöbə müdiri, sonra “Həyat”a keçmişəm bölğə müxbiri kimi...Qəzetdə gedən hər hansı səhvə baxan kimi, dərhal bilirəm ki,bu, kimin səhvidir...
Arzu Qazıyeva: Qarşıdan Mətbua Şurasının qurultayı gəlir. Siz bu qurultaydan nə gözləyisiniz ?
Bəxtiyar Sadıxov Mən qurultayın yaxşı keçəcəyini proqnozlaşdırıram. 1-ci Qurultay keçiriləndə hamı bir biri ilə mübahisə edirdi, qruplaşma və s. gecə saat 2-də səsvermə bitdi və MŞ Idarə Heyəti formalaşmış oldu. Fikir ayrııqları olsa da 1-ci qurultayımız son dərəcə demokratik keçdi. Hər qurultaydan sonra təkmilləşmə getdiyindən, hesab edirəm ki, 5-ci qurultay bir az da irəli addım olacaq.
Arzu Qazıyeva: Mətbuat Şurasında qadın jurnalistlərin təmsil olunmasına necə baxırsınız?
Bəxtiyar Sadıxov: Bir kişi olaraq istəyirəm ki,MŞ-da qadın jurnalistlər iştirak etsin. Qadın jurnalistin orada iştirakı bizim özümüzü səfərbər etməyimizə, bir-birimizlə bir az da mədəni davranmağa sövg edərdi. Mətbuat Şurasının 150 üzvü var. İdarə Heyətinə seçilən 1-ci növbədə Şuraya üzv olmalıdır. Bu, 1-ci tələb, 2-cisi, elə iş aparmalısan ki, sən 1-ci mərhələdən keçəsən və qurultaydaki səsverməyə buraxılasan, ondan sona qurultay nümayəndələri o məsələni həll edə bilər. Yəni bu baş redaktorun və ya MŞ sədrinin əmri ilə olan məsələ deyil .Bilmirəm MŞ Nizamnaməsində belə bir dəyişiklik etmək mümkündürmü? Ona da qərək qurultay baxa, orada dəyişiklik apara, növbəti dəfə onu nəzərə ala. Mexanizm olmadığı üçün biz istədiyimiz xanımı hələ ki MŞ-da görə bilmirik, amma mən istəyirəm...
Xatirə Qasımova: Arada özəl kanallarla bağlı bir məqalə yazdınız və o məqalə böyük rezonans doğurdu. Necə oldu o məqaləni yazdınız?
Bəxtiyar Sadıxov: Həyat yoldaşım da jurnalistdir, düzdü Təhsil Nazirliyində çalışır. Mən şöbə müdiri olanda deyirdi ki,hamı mənə deyir Bəxtiyar hara gedir-gəlirsə, biz dərhal bilirik,çünki getdiyi yerdən tənqid yazır. Deyirəm ki,ay Afət, hamı gəlir-keçir, görür ki, orada nöqsan var, amma fikir vermir. Mən gedirəm, dözə bilmirəm, istəyirəm ki, o nöqsan olmasın,onu qəzetə çıxarıram.
Birincisi, o mənim xarakterimdədir. 2-cisi, üslübumdur , prinsipial yanaşmam var. Şou əsasında qurulan biznesi-şoubiznesi mən qəbul etmirəm. Əslində televiziya kanalının işçiləri ilə “palatka müğənniləri” arasında alver qurulub –bu cür izah etmışəm mən şoubiznesi öz məqaləmdə. Burda söhbət nədən gedir? Mətbuat azadlığıdır, söz azadlığıdır, özəl kanalların proqram siyasəti var, kimi dəvət edirlər verilişə, özləri bilərlər. Aparıcılığı kimə həvalə edirlər, öz işləridir. Amma bu veriliş mənim ağlıma,mənim yeniyetməmə, mənim cavanıma ünvanlanır. Mənim mədəniyətimi korlayırsansa, mən buna necə biganə qala bilərəm? Sən burada reklam edib, pul qazanırsan, itirən isə mənim musiqim, mədəniyyətim olur! Biz heç birimiz istəmərik ki bizim övladlarımız mənəviyyatsız olsun. Dövlət buna biganə qalmalı deyil. Mən məsələni belə qoydum.
Bizim adət-ənənələrimizi götürün. Bundan gözəl nə ola bilər ki,valideyn ömür-gününü həsr edir övladina, hətta evlənəndən sonra da əlini onun üstündən çəkmir, nəvələrinə də kömək edir?! Bundan gözəl nə ola bilər ki,övlad axıra qədər valideynin əlindən tutur? Qadına bizdən böyük hörmət edən millət var? Fikir verin iki kişi xəncərini çəkir bir birini öldürsün, qadın yaylığını atır, onlar dayanırlar. Böyük gələndə yer verirsən,böyük qardaş nə deyirsə, ona tabesən. KİV, mətbuat bizi marifləndirməli, zənginləşdirməlidir.