AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Conatan Henik: “Mən hər şeyi deməyə bilərəm, amma nə deyirəmsə, səmimi deyirəm”

Arzu Qazıyeva: Conatan, əvvəla, bizə çox xoşdur ki, biz sizinlə Azərbaycanca danışırıq. Siz 3 həftə sonra Azərbaycanı tərk edəcəksiniz. Maraqlıdır, diplomat kimi deyil, dost-tanış sizdən Azərbaycan haqqında soruşanda nə deyəcəksiniz?

 

Conatan Henik: Mən dostlarıma bunu deyə bilərəm ki, Azərbaycan çox maraqlı və mühüm bir ölkədir və hazırda çox vacib dövrünü yaşayır. Azərbaycan neft və qaz gəlirlərinin nəticələrini yaşamaqdadır. Bu gəlirlərdən necə istifadə edildiyini biz hələ görəcəyik. Mən hesab edirəm ki, Azərbaycan sadəcə Qafqaz bölgəsində deyil, daha böyük bir regionda lider rolunu oyanaya bilər. Bu rolun bir neçə işarələrini biz artıq görməkdəyik. Son 2 il ərzində Azərbaycan təxminən 20 səfirlik açıb. Bir çox beynəlxalq konfranslar indi burada keçirilir. Bu göstərir ki, Azərbaycan regionda daha böyük rol oynamaq istəyir. Üzümüz gələn illərdə biz Azərbaycanın necə bir rol oynadığını görəcəyik. Mən dostlarıma deyə bilərəm ki, sizin Azərbaycan haqqında məlumatınız, bəlkə, indi azdır, amma gələcəkdə çox olacaq.

 

Sevinc Muradova:  Dediniz ki, Azərbaycan mühüm bir ölkədir. Bu mühüm ölkədə xidmət etməyiniz sizin şəxsi karyeranızı necə təsirləndirdi?

 

Conatan Henik: Azərbaycan mənim şəxsi karyeramda cox vacib rol oynadı. Mən bundan əvvəl siyasi bölümdə işləyirdim. Azərbaycanda ilk dəfə idi ki, ictimai əlaqələrlə məşğül olmuşam. Bu işi o qədər sevdim ki, daha siyasi işə qayıtmaq istəmirəm və Dövlət Departamentindən icazə aldım ki, indiki sahəni davam etdirim. Mənim Azərbaycanda xidmətim çox uğurlu oldu və mən gələcəkdə daha məsuliyyətli vəzifədə olacağam.

 

İlhamə Qasımova: Azərbaycanı özünüz seçmişdinizmi?

 

Conatan Henik: Dövlət Departamentində sistem belədir ki, əgər Azərbaycana gəlmək istəyirsinizsə, bir il əvvəl müraciət etməlisiniz. O bir il ərzində Azərbaycan dili ilə məşğul olmalısınız. Mən Türkiyədə işləmişəm, türk dilini bilirdim, rus dilini hələ universitetdə öyrənmişdim. Mən Azərbaycana təyinat almazdan çox əvvəl bura gəlmək istədiyirdim.

 

Arzu Qazıyeva: Azərbaycan sizi niyə belə cəlb edirdi?

 

Conatan Henik: Mən Azərbaycanda bir neçə dəfə olmuşdum. 1999-2001-ci illərdə  Amerikanın Minsk Qrupundakı həmsədri Kərri Kavananın nümayəndəsi işləmişəm. 2 il Qarabaq məsələsi ilə məşğul olmuşam. Azərbaycana hələ o zaman 6-8 dəfə səfər etmişəm.

 

Aynur Əhədova: Bildiyimizə görə, övladlarınızdan böyüyü Azərbaycan məktəbində oxuyurdu. İndi Azərbaycanı tərk edirsiniz. Bəs Azərbaycan dilində təhsil necə olacaq?

 

Conatan Henik: Çox təəssüf ki, böyük ehtimalla onlar Azərbaycan dilini unudacaqlar. Uşaqlar çox asanlıqla öyrəndikləri kimi, asanlıqla da yaddan çıxara bilirlər. Amma biz ümid edirik ki, gələcəkdə nə vaxtsa ya Azərbaycan, ya Türkiyə və ya digər türkdilli bir ölkəyə qayıda biləcəyik.

 

Azərbaycana təyinat: Cəza, yoxsa mükafat?

 

İlhamə Qasımlı: Amerika diplomatı üçün Azərbaycan cəzadır, yoxsa mükafat? Türkiyə diplomatları üçün Azərbaycanda xidmət vacib sayılır.

 

Conatan Henik: Bizdə də elədir. Mən Bakıya Türkiyədə 3 il işlədikdən sonra gəlmişəm.  Mənim bir diplomat kimi Azərbaycandakı fəaliyyətim Türkiyədəkindən daha vacib oldu.

 

Azərbaycanda təxminən 80 diplomat çalışır. Azərbaycanda diplomat yerini doldurmaq problemi yoxdur. Hər yeni acılan yer üçün xeyli müraciət olur. Ən istedadlı, ən təcrübəli diplomatları Azərbaycan işləmək üçün seçirlər. Elə ölkələr var ki, Afrikada, yoxsul ölkələr və ya İraqda boş yerləri doldurmaq çətindir. Amma Azərbaycana gəlmək istəyən çoxdur.

 

Sevinc Muradova: Sizcə, yaxşı diplomat olmaq üçün hansı keyfityyətlər lazımdır?

 

Conatan Henik: Amerikada diplomat olmaq üçün tələblər sadədir. Bundan ötrü  Amerika vətəndaşı olmalı, 20 yaşdan yuxarı olmalı və imtahandan keçmək gərəkdir. İmtahan çətindir, çünki Amerikada diplomat olmaq arzusunda olanlar çoxdur. Hər il təxminən 25 min Amerikalı bu işdə işləmək üçün müraciət edir. İmtahan 2 hissədən ibarət olur – yazılı test və müsahibədən. Nəticədə hər il 25 min nəfərin içərisindən ən çoxu 200 adam  Dövlət Departametində işə qəbul olunur. Bu, tələblərdir.

 

O ki qaldı diplomatın şəxsi keyfiyyətlərinə, o, heç şübhəsiz ki, dünya, beynəlxalq siyasət, iqtisadiyyat barədə bilikli olmalı, özünü düzgün ifadə etməyi bacarmalıdır. Bütün keyfiyyətləri sadalamaq çətindir. Bizim sistemimiz elədir ki, imtahanı qəbul edənlər çox təcrübəli diplomatlar olur. Onların hər birinin yəqin öz fikirləri ola bilər ki, bizim gənc diplomatlarımız necə olmalıdırlar. Amma bu, ilbəil dəyişir. Bizim diplomatlarımız Amerikanın əhalisini təmsil etməlidirlər. Bu isə o deməkdir ki, onların ən azından yarısı xanımlar və digər etnik azlıqların nümayəndələri olmalıdırlar.

 

Sevinc Muradova: Qadın diplomatlarınız çoxdurmu?

 

Conatan Henik: Tam yarısı qadın deyil. Amma indi işə götürülən cavan diplomatların, demək olar ki, yarısı qadınlardır.

 

Sevinc Muradova: Qadın diplomatlara qarşı diskriminasiya olurmu?

 

Conatan Henik: Əvvəl olardı. Qadınlar məhkəməyə müraciət etməklə, karyerada irəli çəkilmək, işə qəbul olunmaq porosesində bir sıra dəyişikliklər edilməsinə nail oldular. Bu gün vəziyyətin problemsiz olduğunu deyə bilmərəm, amma gördüyünüz kimi, Azərbaycanda səfirimiz xanımdır.

 

Qadın, yoxsi kişi “bos”?

 

İlhamə Qasımlı: Bundan əvvəl siz Türkiyədə işləyəndə rəhbəriniz kişi idi, indi isə qadındır. Sizin müqayisə imkanlarınız var. Fərqi nədən görürsünüz?

 

Conatan Henik: Bu, təhlükəli sualdir, çünki bu müsahibəni xanım səfir oxuyacaq. (Ümumi gülüş) Mən böyük fərq görmürəm. Təbii ki, hər bir səfir fərqlidir, amma bu, şəxsiyyətdən asılıdır, xanım və ya kişi cinsindən asılı deyil. Mən hesab edirəm ki, xanımlar şəxsi əlaqələri kişilərdən daha effektiv qura bilirlər. Onlar  kişilərdən daha çox qulaq asa bilir və başğalarının hisslərinə, problemlərinə daha həssasdırlar.

 

Sevinc Muradova: Siz siyasətçi qadınları qəbul edirsinizmi?

 

Conatan Henik: Əlbəttə, qəbul edirəm. Qadınlar bütün peşələrdə ən yüksək səviyyədə işləyə bilərlər.

 

Arzu Qazıyeva: Bir diplomat kimi üzləşdiyiniz məhdudiyyətlər sizi yormur ki?

 

Conatan Henik: Düz deyirsiniz. Diplomatların həyatında bir sıra məhdudiyyətlər vardır. Məncə, onlardan ən üzücüsü ailələrimizin bizdən çox uzaq yaşamasıdır. Lakin yeni texnologiyalar sayəsində mən hər gün atamla, anamla danışa bilirəm. Mənim uşaqlarım hər gün kompüterlə nənə-babalarını video-konfransda görə bilirlər.  Səyahət ucuzlaşıb, qohumlarımız bizə səyahət edə bilirlər. Odur ki, müasir texnologiya məhdudiyyətləri azaldır.

 

Amma mən niyə bu peşəni seçdim? Bu işin o qədər üstünlüyü var ki... Xarici dillər öyrənmək, xarici ölkələrdə yaşamaq, oranın mədəniyyətini tanımaq, qaynayıb-qarışmaq imkanları. Həm də siz öz ölkənizi təmsil etmək imkanına malik olursunuz. Siz ölkəniz üçün vacib olan məsələlərlə məşğul olmuş olursiniz. Odur ki, bu peşə mənə mənəvi qida verir və mən özümü başğa heç bir yerdə görə bilmirəm. 

 

Aynur Yaqubova: Siz Azərbaycandan sonra Ermənistana təyinat alsaydınız, Azərbaycanda qazandığınız təcrübəni necə tətbiq edərdiniz?  1 milyon qaçqın, 20 faizi torpağların işğal altında olması və s.

 

Conatan Henik: İlk oncə onu deyim ki, mən Azərbaycandan sonra Ermənistana getməyəcəyəm. Mən Şərqi Timora təyinat almışam və orada səfirin müavini vəzifəsində çalışacağam. Mən son 15 il ərzində bu regionda – Qafqaz, Türkiyə, Orta Asiyada işləmişəm, odur ki, fərqli bir bölgədə olmaq istədim. Amma buna baxmayaraq, sizin sualınız maraqlı sualdır. Mən şəxsən fikirləşirəm ki, bu, yaxşı təcrübə olardı. Azərbaycanda işləmiş dipolomatların Ermənistana, Ermənistanda işləyənlərin Azərbaycana gəlməsi. O diplomatlar Qarabağ məsələsinin həllinə təkan verə bilərdilər.

 

Aynur Yaqubova: Azərbaycanda ən çox bəyəndiyiniz və bəyənmədiyiniz nədir?

 

Conatan Henik: Çətin sualınızdan başlamaq istərdim – bəyənmədiyiklərimdən. Mən Bakıda hər gün öz maşınımı sürürəm. Bakıda maşın sürmək çox çətindir. Ən xoşuma gəlməyən şey, yəqin ki, budur.

 

Bəyəndiklərim isə çoxdur. İlk növbələ Azərbaycanlıların qonaqpərvərliyi. Diplomat üçün bu vacibdir. Biz hər ölkədə yalnız 2-3 il yaşayırıq və bu müddət ərzində dost tapmaq çox çətindir. Azərbaycanlılar isə xaricilərlə, məncə hamı ilə mehribandırlar.  

 

Aynur Yaqubova: İşğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış abidələr, evlər sizə necə təsir göstərib?

 

Conatan Henik: Azərbaycanın tarixi və mədəniyyəti çox zəngindir. Bütün ölkələrdə olduğu kimi, bu mədəniyyəti itirmək fəlakətdir. Ona görə də biz münaqişənin tez bir zamanda həll olunması üşün çox çalışmalıyıq.

 

Sevda Güləhmədova: Azərbaycanda diplomatiyanın inkişaf səviyyəsi barədə nə düşünürsünüz? Ələlxüsus da Qarabağ danışıqları fonunda.

 

Conatan Henik: Mən dünən Azərbaycanın Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevlə söhbət edirdim. Onu, hələ Vaşinqtondan yaxşı tanıyıram. Onun gördüyü iş, yeni Diplomatiya Akademiyası mənə çox maraqlı gəlir. Bu, Azərbaycanın çox ehtiyacı olan bir işdir. Azərbaycanın diplomatik korpusu günbəgün böyüyür. Bundan ötrü resurslar var, xarici ölkələrdə yeni səfirliklər açılmaqdadır. Gənc bir ölkə üçün özünün diplomatik xidmətini yetişdirmək baxımından 16-17 il çox deyil. Bu, Azərbaycanın gələcəyi üçün, bəlkə, ən vacib işlərdən biri olacaqdır. Siz də dediyiniz kimi, Azərbaycan üçün ən vacib milli prioritetit nədir – Qarabağ məsələsidir. Və təbii ki, bu məsələni sülh yolu ilə həll etmək istəyiriksə, Azərbaycanlı diplomatlar çox vacib rol oynamalıdırlar.

 

Başa düşmürəm Bakıda niyə mitinq keçirilə bilmir

 

Sevda Güləhmədova: Azərbaycanın gələcək perspektivlərini necə görürsünüz? 

 

Conatan Henik: Mən ümid edirəm ki, President İlham Əliyevin dediyi kimi, Azərbaycan Qərb və bazar yönlü iqtisadiyyat istiqamətində inkişaf edəcəkdir. ABŞ bu məqsədi tam dəstəkləyir. Biz bir neçə sahədə müsbər dəyişiklik və islahatların şahidi olmaqdayıq, amma eyni zamanda hesab edirik ki, bir sıra sahələrdə, ələlxüsus azad mətbuat, azad toplaşmaq  sahəsində problemlər var. Biz bu iradlarımızı açıq dilə gətiririk. Bu o demək deyil ki, bu, həll oluna bilməyən problemlərdir. Biz Azərbaycanən dostu kimi istəyirik ki, bu problemlər ən yaxın bir vaxtda həllini tapsın. Bundan ötrü biz öz köməyimizi göstərməyə hazırıq. Odur ki, mət hesab edirəm ki, Azətrbaycan bu istiqamətdə inkişafını davam etdirəcəkdir. Bu, maneəsiz bir yol deyil, problemər vardır. Azad mətbuat, azad seçkilər və azad toplaşmaq məsələlərində problemlər vardır.

 

Mən son 1-2 il ərzində Bakıda mitinq görməmişəm. Bu, normal bir vəziyyət deyil. Siz, bəlkə, hər gün, ən azından hər həftə Vaşinqtonda Ağ Evin qarşısında mitinq görə bilərsiniz. Əgər fövqəldövlətin paytaxtında, Ağ Evin önündə mitinqlər keçirilirsə, mən başa düşə bilmirəm ki, Bakıda niyə mitinqlər keçirilə bilmir. Bu, böyük bir problemdir.

 

Amma bu, o, demək deyil ki, biz Azərbaycanın demokratik inkişafını çox aşağı qiymətləndiririk. Biz Azərbaycanın sadəcə öz məqsədlərinə nail olmasına kömək etmək istəyirik. Əgər Azərbaycan, həqiqətən də, demokratik istiqamətdə inkişaf etmək istəyirsə, bu problemlər, təbii ki, həll edilməlidir.

 

Brayzanın, bəlkə, ən böyük arzusu Qarabağı həll etməkdir

 

Sevinc Muradova: Qarabağ münaqişəsinin həllini necə görürsünüz?

 

Conatan Henik: Mən əvvəlllər Amerikalı həmsədrin nümayəndəsi kimi, prosesin tam içərisində idim. İndi bizim tərəfimizdən  həmsədr olan Mətyu Brayza sülh prosesinin perspektivləri barədə məndən daha yaxşı danışa bilər. Mən bu münaqişənin sülh yolu ilə həll olunmasına alternativ görmürəm. Status-kvo Azərbaycana əl vermir. Müharibə tərəflər üçün fəlakət olardı. Ona görə də biz bu münaqişənin sülh yolu ilə həlli üçün işləməliyik və inşallah, yaxın vaxtlarda bəhrəsini görəcəyik.

 

Arzu Qazıyeva: Nəyə görə bu qurumu Minsk Grupu adlandırırlar? Başqa neytral şəhər yox idimi?

 

Conatan Henik:  Minsk adının haradan gəlməsinin tarixçəsi var. Bu prosesi ATƏT çərçivəsində həll etmək istədilər. O vaxt düşünürdülər ki, bu problemi bir neçə ayın içərisində həll edərək və sonda Minskdə konfrans keçirərik. Təbii ki, o vaxtdan siyasi münasibətlər dəyişib. İndi mən məhz Minskdə belə bir konfransın keçirilməsi perspektivini görmürəm.

 

Arzu Qazıyeva: Üç həmsədr ölkənin hərəsinin regionda fərdi və bəzən toqquşan  maraqları var. Bu grupdan effektivlik gözləmək olarmı?

 

Conatan Henik: Yaxşı sualdır. Bəzi münaqişələrdə münaqışə tərəfləri tamamilə neytal vasitəçi istəyirlər. Məsələn, Şri Lankada sülh prosesində Norveç böyük rol oynadı. Bəlkə də, bu nəticə verir. Amma digər tərəfdən, həll yolu çox yaradıcı bir iş deyil. Hər hansı  həll yolu ola bilər, amma bu həll yolunun yerinə yetirilməsi üçün xaricdən dəstək lazım olur. Məsələn, Qarabağ münaqişəsində işğal olunmuş ərazilərdə tamamilə dağıdılmış yerlər var. Əgər Qarabağ münaqişəsini həll etsək, bu rayonlar yenidən bərpa olunacaq. Bundan ötrü beynəlxalq ictimaiyyətin köməyi lazım olacaq. Bu ərazilərdə çoxlu sayda minalar vardır.  Azərbaycanın özünün minadan təmizləmə agentliyi olsa da, bu iş bir agentlik tərəfindən aparıla bilməz.

 

Digər tərəfdən, münaqişənin həlli tərəflər arasında qarşılıqlı etimadın səviyyəsindən asılı olur. Regionda maraqları olan, nüfuzlu ölkələrin vasitəçi olması tərəflər arasında  etimadın səviyyəsini artırmağa kömək edə bilər.  Elə bilirəm ki, nə Azərbaycan, nə Ermənistan sülhümahfizə qüvvələrinin yalnız Türkiyə və ya Rusiya əsgərlərindən ibarət olmasını məqbul saymaz. Hazırki həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa – özləri ilə danışıqlar masasına beynəlxalq ictimaiyyəti səfərbər etmək imkanları gətirirlər. Bu, humanitar yardım tapmaq, sülhümühfizə qüvvələri təşkil etmək, və s. üçün vacibdir.  Amma, sözsüz, bu prosesdə ən nüfuzlu ölkələr münaqişə tərəflərinin özləridir. 

 

Arzu Qazıyeva: ABŞ və digər ölkələr Azərbaycan və Ermənistana bir region kimi baxırlar. Ermənistan Rusiyanın forpostudur. Deməli, güzəştlər Azərbaycan hesabına əldə  olunmalıdır?

 

Conatan Henik: Nəticə etibarilə ölkənin Qərbə inteqrasiya etməsi və ya Qərblə digər ölkələr arasında tarazlı siyasət yürütməsi hər bir ölkənin etdiyi fərdi seçimdir. Bəli, ola bilsin ki ABŞ və digər ölkələr buraya 1 region kimi baxırlar, amma bizim həm də hər bir ölkə ilə fərdi partnyor əlaqələrimiz var. Mən keçmişdə nə olmasından asılı olmayaraq, hesab edirəm ki, Azərbaycan, Ermənistan və hər 3 vasitəçi münaqişənin sülh yolu ilə nizamlanmasını istəyir. Gəlin Rusiyanı götürək. Mən sizinlə mübahisə edə bilərəm ki, Rusiya öz sərhədlərində sürətlə qeyri-sabit vəziyət yarada biləcək bir münaqişənin olmasında maraqlı deyil. Sülh prosesinə baxmayaraq, bu, hələ də sabitlikdən çıxa biləcək bir vəziyyətdir. Bir Azərbaycanlı olaraq, sizdən soruşuram. Düz deyilmi ki, Qarabağ münaqişəsinin həll edilə bilməməsi Azərbaycanla Rusiya əlaqələrinin daha da  yaxşılaşması yolunda bir maneədir?  Rusiya rəhbərliyi yəqin başa düşür ki,  Azərbaycanla möhkəm əlaqələrə nail olmağın ən asan yolu münaqişəni dinc, tərəflərin qəbul etdiyi yolla həll etməkdir. Doğrudur, mən Rusiya rəsmilərinin adından danışa bilmərəm.

 

Arzu Qazıyeva: Mətyu Brayzanın regiona hər bir səfəri mətbuat sıralarında anlaşılmazlıqla müşayiət olunur. Belə çıxır ki, Brayza Bakıya gəlib bir bəyanat verir, Yerevana gedib başqa bəyanat verir. Sizcə, kim ciddi deyil - Mətyu Brayza, ya jurnalistlər? Ya bəlkə, tərcüməçilərdədir problem? (Ümumi gülüş)

 

Conatan Henik: Mətyu Brayza çox ciddi bir diplomatdır. Təbii ki, çox gülümsəyir, mehribandır, lakin bu, onun şəxsi keyfiyyətləridir. Mən Mətyu Brayzanı çox yaxşı tanıyıram. Onun həyatda, bəlkə, ən böyük arzusu Qarabağ problemini həll etməkdir. Buna nail olmaqdan ötrü nə edə bilərsə, onu edəcək.

 

Amma siz düz dediniz ki, Brayza və ya mənim kimi diplomatlar müsahibə verəndə belə hallar olur. Mən demək istəmirəm ki, jurnalsitlər ciddi deyillər və ya peşəkarcasına işləmirlər. Jurnalist ciddi olanda belə, anlaşılmazlıqlar baş verir. Bundan sonra da olacaq. Odur ki, həm jurnalistlər, həm diplomatlar buna yol verməmək üçün daha çox çalışmalıdırlar.

 

Azərbaycanda ən çox hörmət etdiyim adamlar jurnalistlərdir

 

Arzu Qazıyeva: Siz Azərbaycanda jurnalistlərin səviyyəsini necə dəyərləndirirsiniz?

 

Conatan Henik: Əvvəla burada işlədiyim 3 ildən sonra bunu deyə bilərəm ki, Azərbaycanda ən çox hörmət etdiyim adamlar jurnalistlərdir. Bilmirəm, başğa ölkələrdə necədir, amma Azərbaycanda jurnalist işləmək asan deyil. Jurnalistlərin maaşı, təxmin edirəm ki, yüksək deyil. Jurnalistlər təsir altında işləyirlər. Bu, sadəcə Baş Redaktorun və ya ümumi sistemin təsiri ola bilər. Amma buna baxmayaraq, onlar məhsuldar və peşəkarcasına çalışırlar. Amma...bəzi jurnalistlər sırf jurnmalistika məqsədi ilə işləmirlər. Azərbaycanda bəzi mətbuat orqanları siyasi məqsədlərlə işləyirlər. Onlar xəbərin düzgün, obyektiv olmasını deyil, bu xəbərin digər siyasi qüvvəyə ziyan vurmasını istəyirlər. Təbii ki, bu, jurnalistika peşəkarlığı deyil. Mən ümid edirəm ki, Azərbaycanda sözün əsl mənasında müstəqil və peşəkar mətbuat güclənəcək. Amma bu gün bunu demək çətindir.

 

Heydər Əliyev görüşə həmişə hazır idi

 

Arzu Qazıyeva: Siz Amerikalı həmsədrin nümayəndəsi olanda o vaxtki Azərbaycan Presidenti Heydər Əliyevlə ünsiyyətdə olmusunuz. Danışıqlarda və iş prosesində  Heydər Əliyev sizə necə təsir bağışlayıb?

 

Conatan Henik: Həmsədrin nümayəndəsi işlədiyim 2 il ərzində mən Heydər Əliyevlə yaxından tanış olmuşam. Bu müddət ərzində təxminən 45-50 dəfə görüşmüşük. Təbii ki, o, tək mənimlə görüşmürdü, həmsədrlərlə və ya Amerikalı həmsədrlə.  Yadıma gəlir, Bakıya ilk dəfə 1999-cu ilin avqustunda gəlmişdim Amerikalı həmsədr Kavana ilə birgə  President Heydər Əliyevlə görüşdük. Ondan təxminən 2 ay sonra bu dəfə İstanbulda, ATƏT-in Zirvə Toplantısında görüşdük. İstanbulda “Çıran” sarayında President Əliyevlə təsadüfən rastlaşdım. O məni gördü və dərhal adımla müraciət etdi, “Conatan” dedi. Bu, mənim üçün bir şok idi. O iki il ərzində bizə həmişə belə bir münasibət vardı.

 

Bəzən elə olur ki, danışıqları Xarici İşlər naziri, onların köməkçiləri idarə edirlər. President Heydər Əliyev təfərrüatınadək bütün detalları çox yaxşı bilirdi və özü nəzarət edirdi. Biz nə vaxt görüş xahiş etsək, gecə, bazar günü, Bakıda, başğa şəhərlərdə, fərq etməz, President Əliyev həmişə görüşə hazır idi. Bu, yalnız həmsədrlər üçün belə idi. Qarabağla məşğul olmayan Amerikalılar üçün belə deyildi. Qarabağ məsələsi üçün dərhal vaxt ayrılırdı.

 

Görüşlərdə onun şəxsi keyfiyyətlərini də müşahidə edirdim. Mən 100% əminəm ki, o, bu problemi həll etmək istəyirdi. Mənim buna heç bir şübhəm yoxdur. Amma təəssüf ki, bu problemi onun vaxtında həll edə bilmədik. Təəssüf ki, fürsəti qaçırdıq. Düzdür, mən indi sülh prosesi bir qədər uzaqdan müşahidə edirəm, amma deyə bilərəm ki, Prezident İlham Əliyev də bu problemi həll etmək əzmindədir. İnşallah o, atasının başa çatdıra bilmədiyini başa çatdıracaq.

 

Sevinc Osmanqızı: Qaçırılan imkanlar Azərbaycanın, yoxsa Ermənistanın ucbatından qaçırıldı?

 

Conatan Henik: Mən bütün təfərrüatları, təəssüf ki, verə bilmirəm. Proses indi də davam edir. O vaxt reallaşdıra bilmədiyimiz təkliflər yenidən masada ola bilər. Odur ki, onu yalnız həmsədrlər açıqlaya bilərlər. Amma mən deyə bilərəm ki, o 2 il ərzində biz 2 dəfə münaqişənin həllinə çox yaxınlaşmışıq. İlk dəfə 1999-cu il ildə Ermənistan parlamentində bildiyiniz hadisələr baş verdi. İkinci dəfə isə Ki Vestdə. Hərçənd biz Ki Vestdə irəli addım atılacağınl gözləyirdik.

 

Sevinc Osmanqızı: Bu qaçırılmış imkanlardan özünüz üçün çıxardığınız ibrət dərsi nədən ibarətdir? 

 

Conatan Henik: Mənim özüm üçün etdiyim nəticə ondan ibarətdir ki, səbəb çıxış yolunun düzgün olmasında yox, düzgün çıxış yolunun düzgün vaxtda tapılması olur. Müəyyən mənada bu, şans məsələsidir. Seçkilər, yeni rəsmilərin seçilməsi və s. bütün bunlar danışıqları təsirləndirir. İkincisi isə - mən təkcə 2 hadisəni nəzərdə tutmuram – hesab edirəm ki, danışıqlarda uğur tərəflərin siyasi iradəsindən asılıdır. Biz unutmamalıyıq ki, biz bunu bəyənsək də, bəyənməsək də, vasitəçinin rolu mühakimə etmək və qərarı tərəflərə qəbul etdirmək deyil. Vasitəçinin rolu tərəflərə kömək etməkdir ki, onlar çıxış yoluna özləri nail olsunlar. Nə qədər ki, tərəflər düşünürlər ki, vasitəçi o biri tərəfi güzəştə gətirməyə məcbur etməlidir, siyasi iradə olmayacaq.

 

Arzu Qazıyeva: Siz səmimisinizmi?

 

Conatan Henik: Bəli. Mən hər şeyi deməyə bilərəm, amma nə deyirəmsə, səmimi deyirəm.

 

Sevinc Muradova: Amerikada president seçkiləri yaxınlaşır. Sizcə, hansı namizədin seçilməsi Azərbaycanı necə təsirləndirə bilər?

 

Conatan Henik: Bu seçkilərdə mən Azərbaycan üçün böyük bir fərq görmürəm. Mən oxumuşam Azərbaycan mətbuatında yazılanları ki, bu olsa, belə olar və s. Mən buna inanmıram. Həm Makkeyn, həm Obama hakimiyyətə gəldikdən sonra qəbul edəcəklər ki, Azərbaycanla münasibətlərimiz çox vacibdir, milli maraqlarımız həll olunur və siyasətimiz davam etməlidir. Mən bundan narahat deyiləm.

 

Sevinc Muradova: Qadın presidentə inanırsınızmi?

 

Conatan Henik: Mən qadın presidentə inanıram. Mən hesab edirəm bu, bizim hələ qadın presidentimizin olmaması bizim üçün utandırıcı faktdır.

 

Sevinc Osmanqızı: Azərbaycanda bu 3 ildə gördüyünüz elə bir şey varmı ki, onu siz başlamısıniz və nə vaxtsa aqibəti ilə maraqlanacaqsınız?

 

Conatan Henik: Əlbəttə. Yalnız bir neçəsini sadalayım. Xarici Dillər Universitetində yaradılan Amerika Mərkəzi. Mən onun yaradılmasında balaca bir rol oynamışam. Ümid edirəm ki, Amerika Mərkəzi bütün Azərbaycanlılar üçün açıq olacaq və münasibətlərimizin inkişafına kömək edəcək. İkincisi, Çingiz Mustafayev Fondu ilə olan layihəmiz,Azərbaycan-Amerika Jurnalistika Akademiyası indi ilk addımlarını atmaqdadır. Ümid edirəm ki, o, gələcəkdə Azərbaycanda jurnalistika peşəkarlığının səviyyəsini qaldırmaq sahəsində mühüm rol oynayacaq. Üçüncüsü, gələn həftə Azərbaycana Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini, xanım Goli Ameri səfər edəcək. Gözlənilir ki, səfər zamanı Amerika ilə Azərbaycan arasında Təhsil sahəsində Əməkdaşlığa dair Müqavilə imzalayacağıq. Bu Müqavilə 2 ölkələrimiz  arasında təhsil və mübadilənin genişlənməsinə təkan verəcək. Bütün bunlar məni çox sevindirir.  

 

 

 

“Women’s Media Watch”

 

Azərbaycan Qadın Jurnalistlər Birliyi

 

 www.wmw-az.org



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC