AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Vüsalə Mahirqızı: "Xoşbəxtəm ki, bacardığım və sevdiyim işlə məşğulam"

Sevinc Osmanqızı: Vüsalə xanım, APA agentliyini yaratmaq ideyası necə yarandı? APA-dan əvvəl qəzetçi idiniz.

   
Vüsalə Mahirqızı: Bu ideya təxminən 2003-cü ildə yarandı. Prezident seçkiləri ili idi. Hələ ilin əvvəllərində - o vaxt mən "Xalq Cəbhəsi" qəzetində baş redaktor işləyirdim - bir informasiya agentliyini yaratmaq barədə ideya irəli sürmüşdüm. Mənə dedilər ki, bu, bir az qeyri-real ideyadır, çünki Azərbaycan mətbuatında artıq möhkəmlənmiş "Turan", "Azərtac" kimi informasiya agentlikləri var idi. Amma hiss edirdim ki, informasiya bazarında bir boşluq var. O zaman bu ideya eləcə qaldı. Sonra iş elə gətirdi ki, prezident seçkilərindən təxminən bir həftə sonra mən "Xalq Cəbhəsi" qəzetindən ayrıldım. İnformasiya agentliyi yaratmaq fikri hələ də ağlımda idi. İinformasiya agentliyinin təsis sənədlərini hazırlamağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. Bu proses təxminən 4-5 aya kimi çəkdi və sonra xeyli müddət imkanlar araşdırmağa başladım. 2004-cü ilin fevral ayında APA qeydiyyatdan keçsə də, fəaliyyətə noyabr ayının 14-də başladıq.

   
Sevinc Osmanqızı: Nəyə görə "Azəri-Press Agentliyi"? Axı, "Azərpress Agentliyi" vardı və fəaliyyət göstərirdi.

   
Vüsalə Mahirqızı: Bunun maraqlı bir tarixçəsi var. Açığı, "Azərpress" çox dar çərçivədə fəaliyyət göstərdiyi üçün mənə belə gəlirdi ki, bu agentlik fəaliyyətini dayandırıb, çünki gündəmdə yox idi. Mən də "Frans Press" və s bənzətmək üçün "Azərpress" adı ilə sənədləri Ədliyyə Nazirliyinə təqdim etdim. Qeydiyyat sənədlərini almağa getdiyim gün Ədliyyə Nazirliyindən mənə zəng edib dedilər ki, Vüsalə xanım, sənədlərdə çox ciddi problem çıxıb, çünki "Azərpress" adlı agentlik var və fəaliyyət göstərir. Gəlin, başqa ad tapın. Dedim ki, yeni ad tapsaq, alternativ nədir? Eyni sənədləri yeni adla yenidən toplamaq lazım idi, bu isə mənim üçün çox ağır bir proses idi. Əvvəlki sənədləri toplamağa təxminən 4 ay vaxt sərf etmişdim. Həmin adam təklif etdi ki, gəlin, "Azərpress"ə "i" hərfi artıraq, "Azəri-Press" olsun. Bu düzəliş mahiyyəti dəyişmirdi və bu adın bazara yeni brend kimi daxil olmasına imkan verirdi. Ona görə fikirləşdim ki, biz ad kimi "Azəri-press agentliyi" sözlərinin qısa abreviaturasını götürək - "APA". Sənədləri yenidən yığmamaq xatirinə razılaşdım buna və indi agentliyin rəsmi adı - Azəri-Press agentliyidir.

   Mən ixtisasca dilçiyəm. Dilçi kimi bilirəm ki, "Azəri" sözü, əslində doğru deyil. Lakin sırf o dediyim bürokratik əngəlləri yenidən keçməmək üçün, agentliyin adının Azəri-Press olması ilə razılaşdım. 

   
Sevinc Osmanqızı: Başlayanda neçə nəfərlə başlamışdınız və indi neçə nəfərsiniz ?

   
Vüsalə Mahirqızı: Başlayanda cəmi 7 nəfər idik. 5 kompyuterimiz var idi. Yadımdadır, çox balaca ofisimiz var idi. Çox kiçik məbləğlə fəaliyyətə başlamışdıq. Sonralar heç kim buna inanmırdı. Mənlə işləyənlər bunu bilirlər. Sonra, təbii ki, 4 illik inikişaf yolu keçdik. İndi APA-nın 110 işçisi var. Balansımızda 70-dən çox kompyuter, video texnika, maşın, ayrıca studiyalarımız var. Dünyanın bir çox ölkələrində və bütün bölgələrimizdə regional bürolarımız fəaliyyət göstərir. Bir neçə fotoqrafımız, operatorumuz var. Çox böyük struktura malikik.

   
İlhamə Qasımlı : Azərbaycanda iqtisadi-siyasi dəstək olmadan, KİV yaratmaq çətindir. Bu faktor sizin fəaliyyətinizdə nə dərəcədə rol oynayıb? APA-nın fəaliyyətinin hansı məqamlarında müstəqilliyinizin məhdudlaşdırıldığını hiss edirsiniz?

   
Vüsalə Mahirqızı: Ümumiyyətlə, mətbuatın iqtisadi müstəqilliyi çox nisbidir, çünki media son dərəcə kapital tələb edən bir sahədir. Xəbər maliyyəni sevir. Xəbərin birinci sənə verilməsini, tez verilməsini, bütün xəbərin verilməsini və hər şeyin səndə olmasını istəyirsənsə, mütləq bunun üçün pul qoymalısan. Yaxşı pul verəcəyin təqdirdə yaxşı xəbər səndə olacaq və yaxşı xəbər səndə olacağı təqdirdə sən pul qazanacaqsan. Media kapital qoyub, kapital götürməyi sevən sahədir.

   Eyni zamanda, media dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da strateji bir vasitədir. Parlament medianı müzakirə edir, hökumət, Azərbaycana gələn beynəlxalq təşkilatlar, diplomatik korpus medianı müzakirə edir. Və nəhayət, media da medianı müzakirə edir. Müxalifət də medianı müzakirə edir. Deməli, media bu ölkədə son dərəcə strateji əhəmiyyət daşıyır və dünyanın hər yerində belədir. Buna görə də mediadan güclü olanlar həmişə istəyəcəklər ki, ona siyası nəzarət eləsinlər.

   Bizdə problem ondan ibarətdir ki, media iqtisadi cəhətdən asılıdır. Və iqtisadi cəhətdən asılı olduğuna görə də, hansı iqtisadi dairəyə bağlıdırsa, həmin dairənin siyasi maraqlarına cavab vermək zorundadır. Amma bu məsələ informasiya agentlikləri və televiziyalar üçün qəzetlərdən daha rahatdır. Əgər normal və ağıllı idarəetmə sistemi qurmasaq, məsələn deyək, 500-ə qədər abunəçimiz var, biz onların ancaq 100-150-ni APA-nın abunəçisi kimi saxlaya bilərik, digər hissəsini mütləq itirəcəyik. "Siz yalnız hökumətin və ya yalnız müxalifətin maraqlarına cavab verirsiz, biz sizi almırıq" deyərlər. Azərbaycanda diplomatik korpusun çox önəmli hissəsi APA-nın abunəçisidir. Əgər biz siyasi xəttimizi sırf hökumət və ya müxalifət yönümlü qursaq, bu qətiyyən onların maraqlarında olmayacaq və onlar bizi almayacaqlar. 

   
İlhamə Qasımlı: Mənə maraqlıdır, hansı məqamlarda sizin hökumət yönümlü mövqeyiniz özünü biruzə verir? Mən də razıyam ki, APA-ya baxanda iqtidaryönümlü olduğu o qədər də hiss olunmur.

   
Vüsalə Mahirqızı: Yox, bilirisiniz, mən heç vaxt o fikirləri qəbul etməmişəm ki, biz hökumətyönümlüyük. Biz heç kim yönümlü deyilik. Azərbaycanda bu gün özünü müstəqil hesab edən 2-3 media orqanı varsa, mən iddia edirəm ki, onlardan biri və birincisi APA-dır. Çünki biz Prezidentin tədbirlərini də, hüquq-mühafizə orqanlarında baş verənləri də, müxalifət nümayəndəsinin mövqeyini də eyni məmnuniyyətlə işıqlandırırıq. Və biz burada heç vaxt fikirlərimizi ortaya qoymuruq, qarşı tərəfin mövqeyini veririk. Müxalifət nümayəndəsi durub deyirsə ki, məni ölümlə hədədəyirlər, biz bunu yazırıq, amma o yazıya öz şərhimizi vermirik. Biz buna görə konkret heç kimi hədəfə almırıq. Bunu heç vaxt da etməyəcəyik. Çünki bu bizim işimiz deyil. Eyni zamanda bu gün Azərbaycan mediasının bir hissəsi də hökumətin təmsilçisi kimi çıxış edir. Mən Azərbaycanda medianın təmsilçisiyəm və heç kim, heç bir siyasi qüvvə qarşısında elə bir öhdəliyim yoxdu ki, onun əvəzinə mübarizə aparmalıyam. Xəbər varsa, o yazılacaq. 

   İlhamə Qasımlı : Mən müşahidə edirəm ki, agentliklər arasında rəqabətdən daha çox aqressiv münasibət, düşmənçilik mövcuddur. Bir-birini ittiham edirlər və qəbul eləmirlər. Bu, sizin üçün problemdirmi?

   
Vüsalə Mahirqızı: Yox, Azərbaycan mətbuatında elə bir adam yoxdur ki, mən deyim onu qəbul eləmirəm. Əməkdaşlarıma da tövsiyə edirəm ki, bizim münasibətlərimiz çox normal olmalıdır. Mənim şəxsən bütün agentliklərin direktorları ilə münasibətlərim son dərəcə normaldır. Amma söhbət fırlanıb gəlir peşəkarlıq məsələsinə, Agentliklərin başında duran adamlar xəbəri bilən və bu sahənin adamları olsa, sizin dediyiniz məsələləri yoluna qoymaq asan olar. Amma çox təəssüf ki, bizdə çox fərqli peşələrdən gəlmiş adamlardır. Onların iddiaları bir az fərqlidir. Yəni hər kəs özünü çox böyük hesab edir.

   Bəlkə də, bu, bir tərəfdən yaxışıdır. Çox yaxşı rəqabət mühiti yaranır. Əslində sizə deyim ki, Azərbaycanda agentlik sektorunda inkişafın əsas səbəblərindən biri budur ki, bu sektorda çox ciddi rəqabət var. Hamı özünü birinci hesab edir və təbii ki, birinci olmaq uğründa yarış başlayır. Amma razıyam ki, əməkdaşlıq münasibətlərində xoşagəlməz mühit, təəssüf ki, var. Dünyada ən qəbul etmədiyim şeydir ki, bir media orqanının rəhbəri özünü böyük göstərmək üçün deyir: "Mən, ümumiyyətlə, başqasının yazdığını oxumuram." Bu, çox böyük eyibdir. Media orqanının rəhbəri kimi, mən hər şeyə baxıram, bütün portalları oxuyuram, hamını da özümə rəqib hesab edirəm. Bu mübarizə sağlam yollarla, dostcasına aparılmalıdır.

   
Sevinc Osmanqızı: Xarici partnyorlarınız varmı?

   
Vüsalə Mahirqızı: Təbii, BBC, "Azadlıq" radiosu abunəçimizdir, "Əlcəzairə" ilə münasibətlərimiz yaxşıdır. "Cihan" xəbər agentliyi, "Anadolu", TRT - bunlardan bəziləri bizim abunəçimizdir, bəziləri ilə qarşılıqlı xəbər mübadiləsi aparırıq. Regionun , məsələn, Gürcüstanın, Rusiyanın agentlikləri var ki, onlar bizim xəbərlərdən istifadə edirlər. Bizim ölkəmizdə olan hansısa agentliyin xəbərlərini dünyanın tanınmış agentliklərinə çox böyük qiymətlərlə satması və yaxud burada çox böyük beynəlxalq agentlik yaradılması çətindir. Kim bunu deyirsə, çox böyük illüziya ilə məşğul olur. Azərbaycanda yalnız Qafqazın böyük agentliyini yaratmaq olar. Bizim siyasi və strateji mövqeyimiz bundan artığına imkan vermir.

   Bir müddət əvvəl Türkiyənin "Cihan" xəbər agentliyinin Pazarlama müdiri yanıma gəlmişdi. O mənə bəzi rəqəmlər dedi. Deyir, İstanbulun özündə Türkiyənin tanınan 30 TV-si onların abunəçisidir, hətta birinin qiymətini də açıqladı ki, CNN Türk onlara hər il 100 000 dollar verir və bu cür 30 abunəçiləri var. Biz bu dəqiqə Azərbaycanda ən çox abunəçisi olan agentliyik, amma bununla belə çox çətindir. Bizim saytda olan reklamlara çox böyük ehtiyacımız var. Məsələn, bu gün biz Azərbaycanda bir ay ərzində qəzetlərə təxminən 3000-4000 xəbər veririk. Biz xəbərimizin birini 1 dollardan hesablasaq, qəzetlər bizə 3000-4000 dollar verməli olarlar. Hansı ki bu bəzi qəzetlərin aylıq xərcidir. Yəni, hardandı qəzetlərdə o qədər pul ki, onu da bizim bülletenlərə versinlər.

   
Sevda Güləhmədova: Maraqlıdır, sizə borclu qalan çoxdurmu?

   
Vüsalə Mahirqızı: O qədər. Qəzetlər çox borclu qalır. Təbii ki, işimizi diplomatik korpus, iqtisadi şirkətlər və dövlət orqanları üzərində qurmuşuq, yoxsa tamamilə məhv olmaq mümkündür. Mən əslində onları başa düşürəm. Dediyim kimi, ölkədə həftəlikdən tutmuş gündəlik qəzetlərə qədər bütün qəzetlər bizim abunəçimizdir - müxalifət, iqtidar, müstəqil - bütün media bizim abunəçimizdir. Biz yoldaşıq , həmkarıq, telefon açıb bildirirlər ki, problemləri var və s. Məsələn, belə olmuşdu ki, biz qəzetə 5-6 ay informasiyanı pulsuz vermişdik ki, sonra ödəsinlər.

   
Sevda Güləhmədova: Etimadı qoruyub saxlamaq üçün nə edirsiniz?

   
Vüsalə Mahirqızı: Qarşılıqlı etibarı itirməmək və özünə çox arxayınlaşmamaq. Biz liderik, bu bazarı nəzarətdə saxlayırıq deyib, əlimizi qulağımızın dibinə atıb yatmamaq. Bu iki şey məni qorxudur. Buna görə mən özüm də, rəhbərlikdə təmsil olunan insanlar da bilavasitə tələb edirik ki, xəbər mümkün qədər tez, dəqiq və hərtərəfli yazılmalıdır. Çünki mən digərlərindən fərqimizin və uğurumuzun nədən ibarət olduğunu bilirəm. Onu itirmək istəmirəm. O da etimad məsələsindəndir. İnsan ağzından çıxan sözü 5-10 dəqiqə sonra sənin İnternet səhifəndə oxuya bilmirsə və yaxud tamam başqa şey oxuyursa, onun sənə etimadı qalmayacaq. Bu, çox ciddi problemdir.

   
İlhamə Qasımlı: Əgər müsahibin dediyi başqa cür yazılırsa, nəticə nə olur?

   
Vüsalə Mahirqızı: Nəticə o olur ki, müsahibin fikrini təhrif edən jurnalist birinci dəfə maaşı kəsilməklə cəzalandırılır. Əgər ikinci dəfə bu halı təkrar edirsə, onda o daha APA-da işləmir.

   
İlhamə Qasımlı: Bütün hallarda sübut olunurmu ki, bu, jurnalistin günahıdır?

   
Vüsalə Mahirqızı: Təbii. Redaksiyadan istənilən yerə zəng ediləndə yazılır. Müxbir deyirsə ki, mən səsi diktofon lentinə yazmamışam, yenə də günah müxbirindir. Çünki onlara tapşırılıb ki, bütün danışıqlarını yazsınlar. Telefon, diktafon, hamısı redaksiyanın hesabına təmin olunur. İstənilən vaxt istənilən müxbir audiokaseti arxivə verib, yeni kasset götürə bilər. Orada ən azı boş 50 kaset var ki, istənilən halda götürülsün.

   Bir neçə belə insident olub. Məsələn, bir dəfə mənim çox hörmət etdiyim baş redaktor həmkarlarımdan biri müsahibəsinin təhrif olunduğunu iddia edirdi. Amma mən müsahibəni ona dinlətdirdim və o, sözbəsöz qulaq asaraq gördü ki, müsahibəsi təhrif olunmayıb.

   
İlhamə Qasımlı: Vüsalə xanım, Mətbuat Şurasının ilk qurultayında Təşkilat Komitəsinin üzvü olmusunuz, amma Siz İdarə Heyətinə seçilə bilmədiniz. Mətbuat Şurasında qadınların təmsilçilik imkanlarının genişlənməsi üçün nə isə etmək fikrindəsinizmi?

   
Vüsalə Mahirqızı: Mən ordan başlayım ki, birinci qurultayda mənim Mətbuat Şurasının İdarə Heyətinə düşə bilməməyimin səbəbi, mən bunu həmişə açıq demişəm, o vaxt "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru olmağım və o qəzetin bir çox dairələr tərəfindən qəbul olunmaması idi. Orada heç bir qadın-kişi prinsipləri yox idi.

   Mətbuat Şurasının İdarə Heyətində Nizamnaməni müzakirə edəndə, mən tək xanım idim. Təşkilat Komitəsinin 15 üzvü var idi. Kvota məsələsi ortaya çıxdı və mən etiraz elədim ki, kvotanı zəif, gücsüz, hüququ olmayan zümrəyə verirlər. Azərbaycanda mətbuatın əziyyətini, qara işini xanımlar daha çox görürlər. Mən ona o vaxt etiraz elədim, amma sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə dedim ki, mən burada Azərbaycan kişilərinin mentalitetini nəzərə almadım, gərək çox bərk dayanaydım ki, siz xanımlara kvota verəsiniz.

   
Sevinc Osmanqızı: Bu dəfə bunu edəcəksinizmi?

   
Vüsalə Mahirqızı: Bəli, bu dəfə təklif edəcəyəm ki, xanımlara kvota verilsin. Təkcə Mətbuat Şurasında deyil, bütün sahələrdə belədir. Şərq qadınları, xüsusən də Azərbaycan qadınları son dərəcə çalışqan, əzmkardırlar. Çox təəssüf ki, bizim kişilər prinsipial məqam gələndə, nəinki bir yeri xanımlara qurban vermirlər, çox balaca bir yerin üstündə mübarizəyə qalxırlar. Amma mən indiyə qədər öz karyeram dövründə hansısa xanımın belə mübarizəyə əl atdığını görməmişəm. Xanımlarda bəzən qısqanclıq olur, amma bu, heç vaxt etik və mənəvi baxımdan qəbul olunmayan üsullarla aparılan mübarizəyə çevrilmir.

   
Sevinc Osmanqızı: Vüsalə xanım, siz Ucarın Lək kəndində anadan olmusunuz. 29 yaşınız var. Bakıda Azərbaycanın aparıcı mətbuat orqanlarından birinin təsisçi direktorusunuz. Bu, qadın üçün şox parlaq karyeradır. Bu yolu mümkün edən həlledici məqamlar, sizcə, hansılar olub?

   
Vüsalə Mahirqızı: Mən həmişə çox razı olmuşam ki, qarşıma xeyirxah insanlar çıxıb. Amma mənim üçün ən həlledici məqam, hesab edirəm ki, ailəmin təsiridir. Xüsusilə valideynlərimi vurğulamaq istəyirəm. Babam Əlisahib Abışov rayonda çox tanınmış adam, respublikanın əməkdar müəllimi olub.

   Bizim ailəmizdə oxumamaq ayıb sayılıb. Mən evin birinci uşağı, babamın ən böyük nəvəsi idim. Mənə xüsusi bir sevgisi var idi. Eyni zamanda ailədə oxumamaq, öyrənməmək eyib sayılan bir şey idi. Bizdə indiyə qədər olmayıb ki, kimsə məktəbi qurtarsın, ali məktəbə daxil olmasın. Bütün ailəmiz müəllim ailəsidir, bircə atam mühəndisdir. Anam da müəllimədir. Müəllimlərin maaşı onsuz da həmişə aşağı olub. O vaxt lap pis idi, dörd uşaq saxlamaq çox çətin idi. Sovet İttifaqı yeni dağılmışdı, atam işsiz qalmışdı. Zavodda Baş Mexanik işləyirdi, müavin idi. Sonra zavod dağıldı, hər şey bağlandı. Çox ağır idi iqtisadi vəziyyətimiz. Yadımdadır ki, kağızları kəsirdik, tikirdik, dəftər düzəldirdik özümüzə...

   Bir neçə dəfə mətbuatda mənim haqqımda yazıblar ki, "dünən kənddən gələn" və s. Amma mən bunları deməkdən hec vaxt utanmamışam. Mən universitetə çox ağır vəziyyətdə daxil olmuşam. Anam bizi ali məktəbə hazırlaşdırmaq və çətin günlərdə dolanışığımız üçün bütün qızıllarını satmışdı, yalnız nişandan yadigar bir boyunbağısı qalmışdı. Məni universitetə imtahan verməyə gətirmək üçün o boyunbağını aparıb 24 manata satdı, onun 6 manatına evə un aldı, qoydu evdəkilər üçün, qalanını yol pulu edib məni Bakıya imtahan verməyə gətirdi. O vaxt qohumlarımızın bəziləri buna qarşı çıxırdılar. Bu vəziyyətdə niyə aparırsınız oxumağa, deyirdilər. Anam deyirdi ki, mən bunu aparmaya bilmərəm. Fərqlənmə ilə bitirmiş uşaqdır. Testdir, özü verəcək. Ən azı bunun günahı mənə bəsdir. Doğrudan da, gəldim və ən yüksək balla BDU-nun filologiya fakültəsinə qəbul olundum.

   1-2-ci kursda oxuyanda, dolanmaq üçün özümdən yuxarı kurs tələbələrinə kurs işi yazırdım. Bir neçə nəfərlə bir yerdə kirayə qalırdıq. İnşaatçılar metrosunun yanında qalırdım. Bəzən elə olub ki, pulum olmayıb, bilmişəm ki, anam axşamüstü rayondan gələcək, təxminən bir neçə km yolu piyada getmişəm. İndi mənim bir neçə qrup yoldaşım müxbir işləyir, onlar da təsdiqləyə bilərlər.

   Çox ağır şəraitdə oxumuşam. Mən görürdüm ki, anam çatdıra bilmir, atam Rusiyada qazanc üçün çalışmağa getmişdi, bacım univeristetə hazırlaşır. Buna baxmayaraq, hamımız bilirdik ki, bunlar bizim oxumağımıza maneə ola bilməz. Bu, dəyişməz prinsip idi. Həmişə həyatım boyu minnətdar olacağam və fəxrlə deyəcəm ki, mənim atam iki diplomunu evdə qoydu, daş atdı, ustalıq etdi, məhz bizi oxutmaq üçün. Bu gün də mən məhz bunun bəhrəsini görürəm. Bir valideyn övladı üçün nə edə bilərdisə, mənim valideynlərim onu çox artıqlaması ilə bizə ediblər. Atam həmişə deyirdi ki, mənim evdə 4 diplomum var, demək 4 maşınım var. Bizə diplom verdi, oxutdurdu. İndi də düşünürəm ki, karyeramın bu qədər uğurlu olmasında bu çətinliklərin çox böyük rolu olub.

   Çünki mən bilirdim ki, vaxtım yoxdur, özümü doğrultmalıyam. Hesab edirəm ki, indi bir çox yaşıdlarımdan çox qabaqdayam. Bəlkə də, çətinliklər olmasaydı, rahatlıq olsaydı, düşünərdim ki, hər şey var və heç bir şey eləməyə gərək yoxdur. Amma düşünürdüm ki, özümü, ailəmi qurtarmalıyam , məndən sonra gələnlər üçün şərait yaratmalıyam. Mənim ən böyük xoşbəxtliyim ondadır ki, gördüyüm işi, xəbəri sevirəm. Yəni özümü başqa yerdə təsəvvür edə bilmərəm. Çox xoşbəxtəm ki, çox bacardığım və sevdiyim işlə məşğulam.

   
İlhamə Qasımlı: Ailəniz sizinlədirmi?

   
Vüsalə Mahirqızı: Valideynlərim buradadır. Atam inşaat firmalarının birində işləyir. Qardaşım da oxuyub qurtarıb, işləyir. Bacılarım da burada ailə qurublar, müəllimədirlər. Özüm artıq ailə qurmuşam, bir qızım var.

   
Sevinc Osmanqızı: Bəlkə də, tezdi bunu soruşmaq. Həyatda ən böyük arzunuz nədir? Yəqin ki, APA ilə kifayətlənməyəcəksiniz.

   
Vüsalə Mahirqızı: Xeyr, APA ilə kifayətlənmək istəmirəm. Böyük bir Media Holdinq yaratmaq arzusundayam. APA-nı yaşatmaq, əbədi eləmək istəyirəm. Bəzən xarici ölkəyə gedəndə, sizi aparırlar 150 yaşı olan bir qəzetə. Bu qəzetin ilk qurucularından heç kim yoxdur, amma qəzet yaşayır, tarixi var. Mən istəyirəm ki, Azərbaycanda da tarixi olan media orqanları olsun və onlardan biri də mənim özülünü qoyduğum şirkət olsun. Biz APA-nı bu ümidlə qurmuşuq. Məndən 4 il əvvəl soruşsaydılar, APA-nın bu qədər sürətlə irəliləyəcəyinin, populyar olacağının proqnozunu verə bilməzdim. Amma deyə bilərdim ki, APA-nın özülünü Azərbaycan mətbuatının tarixində yaşayacaq mətbuat orqanı kimi qoymuşuq. İstəyirəm ki, ölümsüzləşən mətbuat orqanlarından biri olsun. Baş redaktorlar, rəhbərlik, bunlar hamısı şərti şeylərdir. Ən böyük arzum odur ki, Azərbaycanda yaratdığım qurumun uzun tarixi və inkişafı olsun.

 



 
 
 

Şərhlər
    Rufat Abbasov
  • Cox maraqli musahibedir. Musahibenin axiri cox teesirlidir.
    Tesekkur edirem
     
  • Anar
  • Mwsahibe almaga adam tapmadiniz?
     

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh: