Azərbaycanda etik jurnalistikanın inkişafına nail olmağın vasitələrindən biri kimi, "Women?s Media Watch" Qadın Jurnalistlər Birliyi mətbuat orqanlarında ombudsman vəzifəsinin təsis olunmasını təklif edir. Bu, hər bir mətbuat orqanının özü-özünü nizamlaması formasıdır. Bu məsələnin mahiyyəti ondadır ki, özünütənqid yolu ilə mətbu orqanı öz auditoriyası ilə birbaşa dialoq yaradır, həmin orqana, xüsusən də əgər həmin mətbuat orqanının nüfuzu aşağıdırsa, ona inamı artırır. Mətbuatda ombudsmanın yaradılmasının böyük əhəmiyyəti var. O, daxili nəzarətlə keyfiyyəti və peşəkarlığı təmin edir.
Ombudsmanın fəaliyyəti daxili qaydalarla müəyyənləşdirilir. O, informasiyanın maksimal səviyyədə dəqiq, aydın və tam çatdırılmasını, informasiya ilə şərhlərin dəqiq ayrılmasını, buraxılmış səhvlərin düzəldilməsini, plüralizmi və fikir müxtəlifliyini, şəxsi həyatın toxunulmazlığını və şəxsiyyət hüquqlarının qorunmasını təmin edir.
Ombudsmen baş redaktordan asılı deyil, sanksiya vermir, yalnız fikrini bildirir, bəzi hallarda tərəfləri barışdırır. Onun qəzetdəki sütununu heç kim redaktə edə bilməz, dəyişdirə və ya ixtisar edə bilməz.
Biz ombudsman jurnalistikasının Azərbaycanda bütün problemləri həll edəcəyini gözləmirik. Ombudsman jurnalistikası Azərbaycanda etik jurnalistika prinsiplərinə hörmət edən mətbuatın yaranması üçün kiçik, lakin əhəmiyyətli məqamdır.
Kollektivlə ombudsmanın münasibətlərinin tənzimlənməsi üçün ombudsmanın öz etika kodeksi olmalıdır. Elə isə ombudsmanın işini kim görə bilər? Yalnız peşəkar, təcrübəli, ciddi, diplomatik bacarığı olan, ictimaiyyət tərəfindən qəbul edilən və müstəqil olan jurnalist ombudsmanın işini görə bilər.
Əlbəttə ki, bu senzura deyil. Başqa sözlə desək, o, kollektivin vicdanıdır. Bir sıra Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının bəzi mətbuat orqanlarında ombudsman formasının tətbiqindən istifadə olunub və heç də pis olmayan nəticələr əldə edilib. İlk dəfə 1920-ci ildə belə model ABŞ-ın Miçiqan ştatında "Detroyt-nyuz" qəzetində tətbiq olunub. Sonra bu təcrübə tədricən vüsət almağa başlayıb. Bu gün elə aparıcı mətbuat orqanı tapmaq çətindir ki, bu və ya digər formada ombudsman jurnalistikasından istifadə etməsin. Ombudsman yazıları və rubrikalarının adı və forması müxtəlifdir. Onları birləşdirən - mətbuat orqanının özünü, rəhbər tutduğu jurnalistika prinsiplərini sınağa çəkmək qüdrətidir.
Biz mətbuat rəhbərlərinə müraciət edərək, öz səhifələrində və efirində ombudsman ruhunda jurnalistikaya yer ayırmağa çağırırıq. Mətbuatımızda yöksək keyfiyyətlərə malik kifayət qədər dəyərli jurnalist var. Niyə onların potensialından istifadə olunmasın? Etik jurnalistika təbliğ edən təşkilat olaraq, biz bu işdə əlimizdən gələn yardımı göstərməyə hazırıq.