Artıq 10 ilə yaxındır bu qəzetdə çalışan və Rəşad Məcidin xarakterinə yəqin ki, hamımızdan çox bələd olan İlhamə Qasımlı əvvəlcədən baş redaktoruna "Ehtiyatlı olun a... Danışdıqlarınız öz qəzetinizdə çap olunacaq" - deyə bildirdi. Söz sarıdan heç zaman korluq çəkməyən Rəşad Məcid 5 jurnalist xanımın əhatəsində özünü itirməyib, təşəbbüsü əlinə aldı.
Rəşad Məcid: Xanımlar, bəlkə ənənəni pozub, əvvəlcə mən Sizə sual verim? Təşkilatınız əsas etibarilə hansı mövzuları çözməyə çalışır?
İlhamiyyə Rzayeva: Hazırda Azərbaycanda ən populyar mövzulardan biri olan qadın problemlərini. Fikir vermisinizsə, qrant verilməsi zamanı prioritet tutulan gender layihələrində həlledici fikir məhz kişilərə məxsusdur. İş o yerə çatıb ki, hətta təhsil kimi ənənəvi qadın sahəsində də qərar qəbul edən vəzifələrdə kişilər çalışır. Jurnalistika mühitində və şəxsən Sizin qəzetinizdə bu balans nə dərəcədə gözlənilir?
Rəşad Məcid: Mən bu yaxınlarda Türkiyədə olarkən, qəribə bir statistika ilə qarşılaşdım. Sən demə, türk mediasında çalışan qadınlar kişilərə nisbətən cəmi 15 faiz təşkil edir. Halbuki ilk baxışda, yəni televiziyanı seyr edərkən, fərqli düşünürük. Bizdə buna baxanda yaxşıdır. Qəzetimizdə kişilərlə xanımların sayı demək olar ki, bərabərdir.
İlhamə Novruzova: Bəs, niyə redaktor heyəti tamamilə kişilərdən ibarətdir? Yəni istedadlı, rəhbər vəzifəyə layiq xanım əməkdaşınız yoxdur?
Rəşad Məcid: Bir dəfə eksperiment apardıq. 8 mart günü baş redaktor oldu İlhamə Qasımlı. Ancaq 1 günlük ha... (gülərək, vurğulayır) Xanımlarımız da oldular redaktor. Biz kişilər isə sıravi müxbir. Mənə də İlhamə xanım tapşırıq verdi. Həm qadın hüquqşünasdan müsahibə götürdüm, həm də sorğu keçirdim. Bilirsiniz, düzgün deyil ki, qarşına məqsəd qoyasan ki, redaktor mütləq qadın olmalıdır. Həm də qəzetin sırf texniki baxımdan qrafiki elədir ki, hər bir qadın bu rejimdə işləyə bilmir.
"Azərbaycanlı istedadlı, işgüzar xanım görəndə sevinirəm"
İlhamiyyə Rzayeva: Maraqlı bir tendensiya var. İndi mediada nədənsə gənc qızları daha həvəslə işə qəbul edirlər. Belə fikir də var ki, yaraşıqlı, gənc xanımların kişi məmurlardan informasiya almaq imkanı daha geniş olar. Onların necə deyərlər, qapı üzünə həmişə açıqdır. Siz buna necə baxırsınız?
Rəşad Məcid: Məndə də nə vaxtsa belə fikir formalaşmışdı. Reklamla bağlı... Lakin praktika göstərdi ki, istər qadın olsun, istər kişi, reklam verəni bu işin effektliliyinə inandırmaq lazımdır. Burada tək xarici görünüşlə heç nə etmək olmaz. Düzdür, Azərbaycan kişisi qadın gözəlliyinə xüsusi ehtiram göstərir. Ancaq iş prosesində bu heç də həmişə uğurlu nəticə vermir. Olub ki, gözəgəlimli xanımdır, gəlib bizə işləməyə. Yoxlayıb görmüşük ki, adi imla yazmaq səviyyəsində savadı yoxdur. 5 gündən sonra sorağı televiziyadan gəlir. Çıxır ekrana, olur ulduz. Ona görə də hazırda mətbuatda peşəkarların sayı gün-gündən azalır.
İlhamiyyə Rzayeva: Siz müşahidə etməmisiniz ki, kişilərin iş yerində qadınlarla münasibətində sanki kişi şovinizmi duyulur?
Rəşad Məcid: Şəxsən mən Azərbaycanda ağıllı, istedadlı, işgüzar xanım görəndə sevinirəm.
İlhamiyyə Rzayeva: Niyə, bu qədər sayları azdır, ona görə?
Rəşad Məcid: Həqiqətən də azdır. Bilirsiniz, qadınla tanış olanda onunla 10 dəqiqəlik söhbət ktifayətdir ki, biləsən ki, münasibətlərdə nə qədər dərinə getmək olar.
İlhamə Qasımlı: Nə mənada?
Rəşad Məcid: O mənada ki, kişilərlə elədiyin hansısa işgüzar söhbəti, ya zarafatı bu xanım normal başa düşər, ya yox? Bu yaxınlarda Türkiyəyə səfərə gedirdim. Təyyarədə Yunanıstana yollanan iki nəfər azərbaycanlı bərbər xanım da vardı. Yolda bir qədər söhbətləşdik. İnanın ki, mən nə qədər sarsıldım. İkisi də ali savadlı, olduqca intellektli qadınlarıydı. Deyirlər ki, əvvəl müəllimə işləyirdik. Gördük dolana bilmirik, keçdik bu peşəyə. Azərbaycandakı ictimai-siyasi vəziyyəti, sosial həyatın çətinliklərini o qədər maraqla, məzmunla şərh etdilər ki, bəzi jurnalistlərdən çox-çox yüksək səviyyədə. Deyirlər ki, insan nəyə görə işləyir? Sakit, rahat yaşasın deyə. Biz də halal çörəyimizi qazanırıq. Ancaq bizdə hazırda o qədər şəxsiyyətin alçaldılır, ya təhqirlə üzləşirsən ki, yaşamaq belə istəmirsən. Qulaq asdım onlara və fikirləşdim ki, cəmiyyət belə xanımları da tanımalıdır. Düşünməyi bacaran, analiz qabiliyyəti olan və eyni zamanda gözəl qadınlarımızı. ..
"Kişilərin qədrini bilin, ay xanımlar, bizimlə işləmək daha asandır"
İlhamə Novruzova: Qəzetinizdə qadın problemləri mütəmadi işıqlandırılırmı?
Rəşad Məcid: Yox, yeri düşəndən-düşənə.
İlhamə Novruzova: Bəlkə elə ona görə ki, sizdə redaktor heyəti kişilərdən ibarətdir. Şəxsən, mən "Panorama" qəzetində çalışarkən, bir dəfə qadına qarşı məişət zəminində zorakılıq mövzusunda yazı hazırlamışdım. Apardım, kişi redaktorumuz baxıb dedi ki, nəyə lazımdır belə yazılar ki, qadınlarımızı ayıltsın. Material uzun müddət yatıb qaldı redaksiyada.
Rəşad Məcid: İşləyərdiz qadın redaktorla, onda görərdiniz bunun ləzzətini. Siz kişilərin yaratdığı şəraiti heç vaxt başqa yerdə tapa bilməzsiniz. Bizim qadınların başlıca mənfi xüsusiyyəti bilirsiz nədir? Məsələn, mənim bir çox qadın dostarım var. Ümumiyyətlə, mən insanlarla dil tapmağı bacarıram. Ancaq bu qadın dostlarımın heç birinin o birindən xoşu gəlmir. Qəribə qısqanclıq olur arada.
İlhamə Qasımlı: Bizim redaksiyada yoxdur, axı.
Rəşad Məcid:Mən tək bizim redaksiyadan danışmıram. Məsələn, İlhamiyyə xanım veriliş apardığı zamanlar o qədər olurdu ki, onun qiybətini edirdilər. O da ondan irəli gəlirdi ki, kiminsə ağıllı olduğunu görəndə, digər qadının gözü götürmür. Odur ki, kişilərin qədrini bilin, ay xanımlar, bizimlə işləmək daha asandır.
İlhamə Novruzova: Axı kişilərdə avtoritarizm daha güclü olur.
Rəşad Məcid: Əksinə, hegemonluq etmək istəyi qadın rəhbərlərdə daha çoxdur.
İlhamiyyə Rzayeva: Mən səmimi şəkildə boynuma alıram. Mənimlə işləmək çətindir. Mənim komandamda 4 - 5 əməkdaş olub və əlimdən necə deyərlər, qan ağlayıblar. Çünki həddən artıq tələbkaram.
İlhamə Novruzova: Məndə də eyni problem olub. Məsələn, "Space"də redaktor olduğum müddətdə mənim növbəmdə digər kişi redaktorun gününə nisbətən daha artıq gərginlik müşahidə olunurdu.
"İşə götürəndə insanın xarici görkəminə yox, daxilinə baxmaq lazımdır"
İlhamə Novruzova: Rəşad müəllim, bəs qadın jurnalistərinizi heç peşə fəaliyyətinə görə təqib halları olubmu?
Rəşad Məcid:Yox, belə bir ciddi nəsə olmayıb.
İlhamiyyə Rzayeva: Bilirsiz, niyə? Çünki buna hamı o qədər adi baxır ki, fikirləşirlər , kişidir də, söz atdı. Nə olar ki? Kimə şikayət edəcəyəm. Lap etsəm də, nə edəcəklər həmin adama, mənim haqqımda nə düşünəcəklər?
İlhamə Qasımlı: Ancaq mən bir şey deyim ki, bizim qəzetdə belə bir hal olmayıb ki, Rəşad müəllim kimisə xarici görkəminə görə işə qəbul etsin. Özüm şahidi olmuşam, qəşəng xanımlar gəlib, müraciət ediblər, ancaq baş tutmayıb.
Rəşad Məcid: Çünki mən özüm jurnalistəm. Və yaxşı bilirəm ki, yaradıcılıq, istedad insanın daxilindən duyulmalıdır, xaricindən deyil. Ümumiyyətlə, mən jurnalistlə tanış olanda, onu qadın, ya kişi olduğuna görə deyil, istedadına görə qiymətləndirirəm.
İlhamiyyə Rzayeva: Hər bir qəzet imzaları ilə tanınır. Sizin qəzetin də tanınmış imzaları məhz qadınlarıdır.
Rəşad Məcid: Bilirsiz, bu özü belə alınıb, çünki peşəkar insanlardır. Bu saat qadınlar var ki, haradansa bir vəsiqə alıb, əlində uşaq düşürlər rayonlara. Deyirlər, jurnalistəm, kömək edin. Mətbuat Şurasında da dəfələrlə bu məsələyə baxılıb, xeyri yoxdur. Çünki bu yalnız jurnalistikanın problemi deyil. Bu, bütün cəmiyyətin sosial bəlasıdır, yoxsulluqdan irəli gəlir. Jurnalistlər hazırda ölkənin ən kasıb təbəqəsini təşkil edir. Qəzetlərin iqtisadi durumu olduqca acınacaqlı vəziyyətdədir. Belə şəraitdə qəzetin peşəkar juranlistə normal maaş verməyə sadəcə, imkanı çatmır.
İlhamə Novruzova: Siz normal maaş nəyə deyirsiniz?
Rəşad Məcid: Heç olmasa 300- 400 manat.
"Hazırda qəzetimiz iqtidara meyllidir"
İlhamə Novruzova: Hazırda qəzet, belə desək, heç də "yaxşı" günlərini yaşamır. Səbəb yalnız dediyiniz maddi durumdur, yaradıcı potensialınız tükənib, ya belə desək, barışdırıcı mövqe tutmusunuz?
Rəşad Məcid: Razıyam ki, bir qədər geri getmişik. Ancaq yenə də rəqabət yox səviyyəsindədir. Biz baxıb görürük ki, qəzetimizin mövqeyi yumşalsa da, yenə də heç nə etməyərək, "525" kimi qalırıq.
İlhamə Novruzova: Bəs tirajınız aşağı düşmürmü və bu vəziyyətin reklam bazarında mövqeyinizə təsiri olmurmu?
Rəşad Məcid: Yox, tirajımız eynidir. Ümumilikdə isə tiraj məsələsi bütün qəzetlər üçün problemdir. Türkiyədə hər 14 nəfərə 1 qəzet düşürsə, bizdə bu rəqəm hər 200 nəfərə 1 qəzet təşkil edir. O ki qaldı reklam haqda düşünməyə, biz indi hansısa iri layihələr haqda düşünmək iqtidarında deyilik. Ancaq əlimizdə olanı qoruyub saxlamaq istəyirik.
İlhamə Novruzova: Dediniz, mövqeyiniz yumşalıb. Hamımız da bilirik ki, hazırda mətbuatda qütbləşmə sürətlə gedir. İqtidar-müxalifət mətbuatı... Vaxtilə "525-ci qəzet" bu baxımdan qızıl ortanı tapmışdı. İndi vəziyyət necədir?
Rəşad Məcid: Bir vaxtlar kifayət qədər kəskin fikirlər, materiallar məhz bizim qəzetdən izlənilirdi. Lakin indi daha çox nəinki ortadayıq, hətta bir qədər hakimiyyətə meylliyik.
İlhamə Novruzova: Bəs bu meyllilik jurnalistlərinizin düzü düz, əyrini əyri yazmaq prinsipinə necə uyğun gəlir?
Rəşad Məcid: Bəzən uyğun gəlmir. Lakin artıq bizim jurnalistlər bu xəttə vərdiş ediblər. Lakin bizdə yenə də çox sərt yazılar gedir. Sadəcə, onu o dərəcədə ehtiyatla, peşəkarcasına veririk ki, məhkəməlik iş olmasın. Diqqətlə oxusanız, "525"də Azərbaycanın demək olar ki, bütün problemləri yer alır. Ancaq çığır-bağırla deyil...
"Özümü ruhən demokrat hesab edirəm"
İlhamə Novruzova: Özünüzü demokrat rəhbər hesab edirsiniz?
Rəşad Məcid: Mən insan kimi ruhən demokratam. (İlhamə Qasımlı gülür) Nə olub, İlhamə, bəlkə düz demədim? Bax, sən də mənim haqqımda nəsə demişdin, nəsə problem yaratdımmı?
İlhamə Qasımlı: Düz deyir Rəşad müəllim. Haqqında başqa qəzetə informasiya vermişdim.
İlhamiyyə Rzayeva: Hə, əgər İlhamə hələ də Sizdə çalışırsa, deməli, doğrudan da demokratsınız.
İlhamə Novruzova: "525" şəksiz öz ənənələri olan bir məktəbdir. Biz bayaqdan kişi-qadın redaktorlardan bəhs etsək də, bu qəzetdə özüm işlədiyim üçün deyə bilərəm ki, olduqcu güclü, peşəkar redaktor heyətilə çalışmaq şərəfinə nail olmuşam. İndiki gəncləri öyrətməyə, indi çox dəbdə olan şou-biznes ya yersiz siyasi qalmaqallar mövzusundan kənara çıxaraq, onlara əsl araşdırma jurnalistikasını təlqin etməyə onların hövsələsi və vaxtı çatırmı?
Rəşad Məcid: Baxın, Yusif Rzayev. Olduqca peşəkar redaktordur. O özü deyir ki, mən heç bir yerdə bu qədər uzun müddətə qala bilməzdim. Doğrudan da "525" məktəbi var. Yubileyimizi keçirəndə hesabladıq, 150-dən artıq vaxtilə bizim qəzetdə fəaliyyətə başlayan tanınmış jurnalistlər var. O ki qaldı öyrətməyə, artıq cəmiyyətdə sözün düzünə olan inam azalıb. Yazılan yazı divara dəyən daşı xatırladır, düşür yerə. Məndə şəxsən hazırda belə hiss var. Odur ki, gənclərə nə deyəsən? Ancaq "525-ci qəzet" bütün istedadlı gənclərin üzünə açıqdır. Əsas odur ki, onlar bu peşəyə nəyinsə xatirinə deyil, istedadları olduğuna, içindəki arzuya görə gəlsinlər.
"WMW"