"BÜTÜN CƏMİYYƏTİN SİYASİLƏŞMƏSİNƏ, QADINLARIN HAMISININ SİYASƏTÇİ OLMASINA EHTİYAC YOXDUR"
Sadəlik - gözəllikdir
Məlahət Həsənova: Xarici ölkələrdə millət vəkilləri, senatorlar çox sadədirlər. SSRİ zamanında "Politbüro"nun üzvlərinə, birinci katiblərə yaxın düşmək qeyri-mümkün idi. Vəzifəli şəxslər sanki müqəddəs varlıq kimi toxunulmaz idilər. Bilmirəm bu nə ilə əlaqədar idi. 70-80 il Sovet dövrü istər-istəməz insanların psixologiyasına, şüuruna, davranışına, cəmiyyətdə formalaşmış insan obrazına təsir edib. Bu gün bizim Prezident hədsiz səmimi və sadə insandır. Bu mənada o hər kəsə örnəkdir. Onun müxtəlif səfərlərdəki görüşləri, hətta ucqar kəndlərdə sadə insanlarla ünsiyyətindən bunu görmək olur.

Sevinc Osmanqızı: Siz maraqlı məsələyə toxundunuz. İctimaiyyətə xidmət etməli olan vəzifə sahibləri ictimaiyyət üçün əlçatmaz olmamalıdırlar. Sizcə, niyə həmişə belə olmur?
Məlahət Həsənova: Mən ilk dəfə ABŞ-da olanda, maraqlı müsabiqələrin şahidi oldum. Məsələn, məktəblilər arasında ictimai bir layihə həyata keçirirlər. Deyirlər ki, qalib məktəbli nazir tərəfindən nahar yeməyinə dəvət olunacaq. Təsəvvür edin ki, təhsil naziri məktəblini yeməyə dəvət edir! Yaxud, gənclər arasında bir tədbir keçirilir və elan olunur ki, qalib senatorla birgə çay süfrəsinə dəvət olunacaq. Biz də gənc olmuşuq. Cəmiyyətin tanınmış simalarını özünə ideal hesab etmək gəncliyin xüsusiyyətidir. Bir gəncin cəmiyyətin tanınmış siması ilə nahar etməsi ona stimul verir, özünə inam yaradır, öz amalı uğrunda mübarizəyə ruhlandırır.
Bu mənada cəmiyyətdə vəzifəli şəxslərin sadəliyi onların xalqa yaxınlığını göstərir. Vəzifə səlahiyyətləri, sərvət - həyatda əsas yox, əlavə şeylərdir. Bəzən deyirəm ki, deputat "nişanımı" kanara qoyanda mən Məlahətəm. "Nişan" adamı dəyişməməlidir. Çox təəssüf ki, bəzən müxtəlif səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bu vəzifə onlar üçün daimidir. Bəzən bir məmurla telefonla danışmaq istəyirsən. Zəng vurursan, katibəsinə özünü təqdim edirsən, adının yanına bir neçə titul da əlavə edirsən ki, bəlkə insanlarla necə danışmalı olduğunu dərk edə. Sanki idarədə elə bir mühit var ki, hətta katibə və ya köməkçi də insanlarla necə danışmalı olduğunu dərk etmir. Amma elə məmurlar və yüksək vəzifə sahibləri var ki, çox sadədirlər. Belə də olmalıdır.
Kimi əfv etmək olar?
İlhamə Qasımlı: Məlahət xanım, Əfv Komissiyasnın üzvü kimi, əsas başağrınız nədən ibarətdir?
Məlahət Həsənova: Bizim bir qrup məhbus adlarını "siyasi məhbus" qoyub - hələ dünyanın heç bir ölkəsində "siyasi məhbus" sözü yoxdur - bu məsələdən siyasi təzyiq aləti kimi istifadə edirlər. Həmin şəxslər prezidentə müraciət etmir, amma Qrossa, Herkelə və digərlərinə müraciət edirlər. Adam küçədə, avtobusda birinə toxunanda, hərəkətinə görə üzrxahlıq edir, günahına görə Allahdan bağışlanmasını istəyir. Sən də Azərbaycan Respublikasında bir hadisə törətmisənsə, bağışlanmağın üçün ölkənin prezidentinə müraciət elə.
Sevinc Osmanqızı: Bu müraciətin məğzi odur ki, tutulan cinayət törətdiyini etiraf etməlidir?
Məlahət Həsənova: Mən təsəvvürümə gətirə bilmərəm ki, adamın günahı olmadığı halda tutsunlar. Ola bilər ki, günahın böyüklüyü, kiçikliyi olsun. Əvvəllər deyirdilər ki, polis kiminsə cibinə narkotik atıb həbs edir. Mənə elə gəlir ki, bu gün dünyanın Allahın varlığını dərk etdiyi bir vaxtda hər kəs dərk edir ki, bu, böyük günahdır. İnsanın taleyinə biganə qalaraq kiməsə şər, böhtan atanın cəzası mütləq olur. Ona görə də mən o fikirləri bölüşmürəm ki, kimsə, tamamilə günahsız olduğu halda həbsə atılıb.
Vüsalə Rafiqqızı: Siz məhbusun özünün prezidentə müraciət etməsini mütləq görürsünüz. Amma tanınmış şəxslərin çoxu beynəlxalq təşkilatlar məsələyə qarışandan sonra prezident tərəfindən əfv olunublar.
Məlahət Həsənova: Vallah, bu yanlışdır. Əfv Komisiyası on ildən artıqdır fəaliyyət göstərir. Siz ötən dövrdə imzalanmış fərmanlara baxsanız, özünüz şahidi olarsınız. Əksinə, sonuncu əfv fərmanında beynəlxalq təşkilatlara müraciət edənlərdən bir nəfər belə yox idi. Çox vaxt bu təşkilatlara müraciət edənlərin bir çoxu ağır cinayət törədənlərdir. Bəzi hüquq müdafiəçiləri öz marağından belə fəaliyyət göstərirlər. Belə hallarda, əksinə, bütün materiallar həmin beynəlxalq təşkilatlara göndərilir ki, baxın görün, onların törətdikləri cinayət əməlinə görə əfv oluna bilərlər, ya yox?!
Sevda Güləhmədova: Siz dediniz ki, müraciət edənlərin işinə baxılır. Amma o qədər kimsəsiz, müraciət qaydalarını bilməyən insanlar var ki. Belələri üçün hansısa təşəbbüs göstərilirmi?
Məlahət Həsənova: Mən hesab etmirəm ki, bu sahədə məlumatsızlıq hökm sürür. Mənə elə gəlir ki, dediyiniz arqument əsaslı deyil. Çünki Əfv Komissiyası 10 ildən artıqdır fəaliyyət göstərir, yeni qurum deyil. Ona görə də bu, Əfv Komissiyasına müraciət etməmək üçün əsas ola bilməz. İkincisi, əfv - bağışlanmaq deməkdir. Əfv edəndə yalnız təqsirli tərəfin yox, zərər çəkmiş tərəfin də vəziyyəti və müraciəti nəzərə alınmalıdır. Əks halda, cəmiyyətdə cəzasızlıq mühiti formalaşar.
Sevda Güləhmədova: Əfv olunmuş qadınların sonradan sağlam cəmiyyətə qayıtması üçün nə kimi tədbirlər görülür?
Məlahət Həsənova: Mən bu sualınızla tam razıyam. Bəzən belə fikir səslənir ki, məhkum qadınların hamısı azadlığa buraxılsın. Hətta parlamentdə də bunun tərəfdarı olan qadın deputatlarımız var. İnamla deyə bilərəm ki, həbsdə olan qadınların əksəriyyəti ağır cinayət törətmiş qadınlardır. Elə qadınlar var ki, narkotik alverçisidir. Belə qadını necə bağışlamaq olar? Əksinə, bu gün mətbuat bu sahədə rəy formalaşdırmalıdır. Mətbuatda bəzən o qədər əfvin vacibliyindən yazırlar ki, sanki bizim Qarabağ kimi problemimiz yoxdur. Bu da bəzi hallarda belə fikir formalaşdırırır ki, istənilən cinayəti törətmiş adam müraciət əsasında əfv oluna bilər. Bu, çox pis tendensiyadır.
İlhamə Qasımlı: Bəzən belə təsəvvür yaranır ki, sanki əfv siyasəti cinayətlərin azalmasına yox, çoxalmasına səbəb olur.
Məlahət Həsənova: Əlbəttə. Amma bu, Əfv Komissiyasının yox, mətbuatın günahıdır. Xətrinizə dəyməsin, bu gün ölkəmizdə olan bir çox daha vacib problemlərə mətbuat az diqqət yetirir. Biz kimi əfv etməliyik - mətbuat ilk növbədə bu istiqamətdə çox iş aparmalıdır.
Sevinc Osmanqızı: Görünür, Əfv Komissiyası da iş aparmalıdı ki, kimin bağışlandığı cəmiyyətə aydın olsun. Çünki mətbuatda onların adları dərc olunsa da, nə törətdiyini bilmək olmur. Bəlkə, adam zorlayandı, ya pedofildi?
Məlahət Həsənova: Əfv olunan məhkumun hansı maddə ilə cəza çəkdiyi fərmanda qeyd edilir. Sizinlə razıyam ki, komissiyanın üzvləri bu barədə mətbuatda çıxış etməli, cəmiyyətə daha geniş açıqlama verməlidir. Siyahıya salınan hər bir şəxs haqqında məlumat vermək lazımdır ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Mən bunu nəzərə alacağam.
Qadın bərabərliyi Azərbaycan qanunvericiliyində
İlhamə Qasımlı: İdarəetmə proseslərinə qadının cəlb olunması, sizcə, nəyə təsir edir?
Məlahət Həsənova: Cəmiyyətin bütün təbəqələrində qadının təmsilçiliyi mütləqdir. Bu, bütün dünya üçün önəmlidir. Qadın cəmiyyətin bərabərhüquqlu üzvüdür. Qadının hansısa əlamətə görə hüquqları məhdudlaşmamalıdır. Heç bir sahədə qadınlar diskriminasiya olunmamalıdırlar.
Sevda Güləhmədova: Hərbi sistemdə də eyni fikirdəsinizmi?
Məlahət Həsənova: Baxır, hərbiyyənin hansı sahəsində. Bəzən qadınları çox bütləşdiririk ki, kişilərdən daha çox bacarığa malikdirlər. Mən araşdırmalar aparıb görmüşəm ki, hələ dünyanın elə bir ölkəsi yoxdur ki,orda bir nömrəli cərrah qadın olmasın. Yəni elə sahələr var ki, qadının içindən gəlir. Lazım gəlsə və Ali Baş Komandanımız desə ki, hərbi yolla torpağımızı azad etməliyik, onda qadınlarımız hamısı müsəlləh əsgər kimi əlinə silah alıb akopda durar. Hələ kişilərimiz, gənclərimiz çoxdur. Hesab edirəm ki, indiki zamanda ən tez əldə edəcəyimiz nailiyyət mükəmməl təhsil, yüksək texnologiyalara yiyələnmək, idarəçilik və siyasətdir. Bu sahədə ciddi uğur əldə etmədiyimiz halda, hərbdə yüksək postda ola biləcəyimizi düşünmürəm.
Bəzən deyirlər ki, qadınlar niyə parlamentdə azdırlar? Mən kvotanın əleyhinəyəm. 2005-ci ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş 2 mindən artıq namizədin təxminən 10 faizi qadın idi. Namizədlərin yalnız 10 faizi qadın olduğu halda,niyə parlamentdə qadınlar üçün 20 faiz kvotanın ayrılmasını gözləməliyik ki?!
Sevda Güləhmədova: Çox hallarda təyinatlı vəzifələr də kişilərə tapşırılır. Qadınlara etimad yoxdur, yoxsa necə?
Məlahət Həsənova: Bu məsələdə sizinlə razıyam. Cinslərarası rəqabət də var. Kişilərin bir-birinə lobbiçiliyi və həmrəyliyi qadınlardan daha çoxdur. Bilmirəm, bu, qadınların bioloji təbiətindən irəli gəlir, yoxsa başqa şeydən - qadınlar arasında bir az qısqanclıq olur. Həmrəylik və lobbişilik çox zəif olur və ya heç olmur. Mən millət vəkili olan qadınları demirəm, biz onsuz da birtəhər "buz tavanı" sındırıb parlamentə gəlmişik. Mən hakimiyyətə can atan, dövlət idarəçiliyində irəliyə getmək arzusunda olan qadınlardan danışıram. Ümumiyyətlə, bütün cəmiyyətin siyasiləşməsinə, qadınların hamısının siyasətçi olmasına ehtiyac yoxdur. Əsas hər bir fərdin hansı qabiliyyəti ilə cəmiyyətə fayda verə bilməsidir. Elə analar var ki, ağıllı övladlar böyütməklə, cəmiyyətə mənim kimi siyasətçidən də daha çox xeyir, yararlı insan kapitalı veriblər.
Sevinc Osmanqızı: Bu gün Azərbaycan qanunvericiliyində qadın bərabərliyinin necə əks olunmasından razısınızmı? Avropa ölkələrində hamiləlik dövründən başlamış uşağın qayğısınadək vəzifə və məsuliyyət bölgüsü qanunvericilikdə də öz əksini tapıb. Bizdə necə?
Məlahət Həsənova: Bilirsiniz, hətta Sovet dövründə də körpəyə qulluqla bağlı qadınlarla bərabər, kişilərin də xəstələnmə vərəqi almağa hüququ var idi. Amma bu, çox nadir hallarda tətbiq olunurdu. Xatırlayıram ki, o vaxt mən həkim işləyəndə bir kişi uşağının xəstəliyi ilə bağlı ona xəstəlik vərəqəsinin açılması üçün müraciət etmişdi. O vaxt bu mənə çox qəribə gəlmişdi. Bilirsiniz, ailə də kiçik dövlətdir. Hər ailənin öz qanunu var. Bəzən yazılmamış qanunlar yazılmış qanunlardan keçərli olur. Elə şeylər var ki, onlar fərmanlarla və ya qanunlarla tənzimlənə bilməz. Cəmiyyətin təhsil və mədəniyyət səviyyəsi yüksəldikcə, bu cür məsələlər də tədricən tənzimlənəcək. Bundan ötrü təbliğat və ictimai qınaq güclənməlidir. Bu işdə ziyalılar böyük rol oynaya bilərlər.