Ötən ilin iyulunda "Jurnalist tədqiqatı" nominasiyası üzrə "Media açarı" mükafatını alarkən ilk düşündüyüm fikir bu oldu ki, istər mənim, istərsə də bu nominasiya üzrə mükafat alan digər həmkarlarımın yazısı beynəlxalq peşəkar standartlara nə dərəcədə cavab verərdi. Ona görə yox ki, mən bizim peşəkar səviyyəmizə və bacarığımıza şübhə ilə yanaşıram. Məsələ burasındadır ki, redaksiya rəhbərləri araşdırma jurnalistikasının inkişafı üçün səylər göstərmədiyindən, mətbuat və söz azadlığının əsas göstəricisi kimi qiymətləndirilən bu sahə inkişafdan geri qalıb. Redaktorlar hər bir araşdırma yazısı üçün fərdi büdcənin ayrılması zəruri olduğu halda, jurnalistə ən yaxşı halda, səhifə üçün ayrılmış qonorardan cüzi fərqlənən məbləğ vəd edirlər. Ehtimal olunan məbləğ isə jurnalistlərdə bu sahəyə stimul yarada bilməz.
Son iki ildə ictimaiyyətə təqdim olunmuş jurnalist tədqiqatlarının böyük əksəriyyətinin beynəlxalq donor təşkilatlarının ayırdığı qrant hesabına başa gəlib.
Güclü araşdırma jurnalistikası - güclü cəmiyyət deməkdir. Media rəhbərləri bu cəmiyyəti qurmaq üçün ciddi səylər göstərməlidirlər. Tədqiqat jurnalistikasının inkişafı çoxsaylı mətbuat problemləri sırasında prioritet xətt kimi qəbul edilməlildir.
Redaktorlar araşdırmaçılığa mövcud münasibətlərini iqtisadi amillərlə izah edirlər. Biz başa düşürük ki, mətbuat müstəqil gəlirlərinin məbləği çox cüzidir. Lakin araşdırma yazıları qəzetin hər nömrəsi üçün çox, 1-2 aydan bir ərsəyə gəldiyindən jurnalistikanın bu sahəsi üçün fəaliyyəti maliyyələşdirmək redaksiyaları müflisləşdirməz, əksinə, cəmiyyətdə oxuculuq marağını təşviq etmiş olardı. İnformasiyanın alınması sahəsində mövcud problemlər, informasiya şəffaflığının olmaması isə iş prosesi üçün ciddi problemlər yaradır.
Mətbuatın iqtisadi müstəqilliyinin olmaması onun siyasi müstəqilliyini də əldən verməsinə gətirib çıxarıb. Mətbuatın iqtisadi inkişafını dövlət yardımı ilə məhdudlaşdırmaq isə onun iqtisadi müstəqilliyinin qeyri-leqal himayə altında olmasının ömrünü uzada bilər. KİV rəhbərləri hökumətdən balıq istəməkdənsə, balıq tutmağı öyrənmək istiqamətində addımlar atmalı, başqa sözlə, reklam bazarını inkişaf etdirməklə müəyyən qədər iqtisadi müstəqilliyə nail olmalıdırlar. Bu mənada KİV rəhbərlərinin mətbuatda reklam qiymətlərinin minimum həddini müəyyənləşdirən sənədi qəbul etmələri məqsədəuyğun olardı.
© 2008-2009 Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə edərkən "Women's Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinə istinad zəruridir.