Bu qanun siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi və bu hüquqların həyata keçirilməsi üçün onlara bərabər imkanların yaradılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun təsir dairəsi
Ailə və digər fərdi xarakterli münasibətlər istisna olmaqla, bu Qanunun müddəaları ictimai həyatın bütün sahələrinə şamil olunur.
Maddə 2. Qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi sahəsində qanunvericilik
Qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Cinsi ayrı-seçkiliyin qadağan edilməsi
3.1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağan edilir.
3.2. Aşağıdakılar cinsi ayrı-seçkilik hesab olunmur:
3.2.1. hamiləlik, doğuş və uşağa qulluq dövründə qadınların xüsusi mühafizəsi;
3.2.2. kişilər uçun qanunla müəyyənləşdirilmiş məcburi hərbi xidmət;
3.2.3. qadın və kişilər üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya yaşı;
3.2.4. qadın orqanizminin fizioloji xüsusiyyətləri nəzərə alınmaqla qadınların sağlamlığının qorunması ilə bağlı iş yerlərində tətbiq edilən təhlükəsizlik tədbirləri;
3.2.5. qadın və kişilərin bərabər sosial statusunun təmin edilməsinə yönəlmiş, qanun əsasında həyata keçirilən müvəqqəti xüsusi tədbirlər;
3.2.6. müxtəlif cinsli şəxslərə cəza təyin edilərkən fərqli qayda və şəraitin tətbiq edilməsi.
3.2.7. yalnız qadın və ya kişi tərəfindən yerinə yetirilə bilən iş və ya xidmət.
3.3. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol vermiş dövlət orqanları və ya vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 4. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri
4.0. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
4.0.1. gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı;
4.0.2. gender bərabərliyinin təmin edilməsinə yönəlmiş dövlətin məqsədli proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.3. gender bərabərliyinin pozulmasına yönəlmiş məlumatlar, təbliğat və ya təşviqatdan cəmiyyətin qorunması;
4.0.4. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin, habelə gender bərabərliyinin təmin edilməsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin yerinə yetirilməsi.
Maddə 5. Qanunvericiliyin gender ekspertizası
5.1. Qadın və kişilərin bərabər sosial statusunun və hüquq bərabərliyinin pozulması hallarının aşkar edilməsi və bu halların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin, qanun layihələrinin və digər normativ hüquqi aktların ekspertizası həyata keçirilir.
5.2. Dövlət qeyri-hökumət təşkilatları tərəfindən qanunvericiliyin gender ekspertizasının həyata keçirilməsini təşviq edir.
II Fəsil
Dövlətin idarə olunmasında və dövlət qulluğunda
qadın və kişilərin gender bərabərliyinin təminatları
Maddə 6. Dövlətin idarə olunmasında gender bərabərliyinin təminatları
Dövlət hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə qadın və kişilərin dövlətin idarə olunmasında bərabər təmsilçiliyinə təminat verir.
Maddə 7. Dövlət qulluğunda gender bərabərliyinin təminatları
7.1. Dövlət qulluğuna qəbul və dövlət orqanlarında qulluq zamanı qadın və kişmlər bərabər hüquq və imkanlara malik olmaqla, bərabər vəzifə və məsuliyyət daşıyırlar.
7.2. Dövlət orqanlarının rəhbərləri, müvafiq vəzifəli şəxslər qadın və kişilər üçün onların qabiliyyətinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğuna qəbulda bərabər imkanlar təmin etməlidirlər.
7.3. Dövlət qulluğuna qəbul və dövlət qulluğunu keçmə zamanı cinsi mənsubiyyətə görə birbaşa və ya dolayısı ilə hər hansı məhdudiyyətlər və ya imtiyazlar tətbiq edilə bilməz.
7.4. Dövlət qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında qadın və kişilər arasında bərabər tərəfdaşlıq münasibətlərinə riayət edilməsini təmin edir.
III Fəsil
İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatları
Maddə 8. Mülkiyyət hüququnun həyata keçirilməsi üçün bərabər imkanlar
Dövlət qadın və kişilərin mülkiyyət hüququnun bərabər həyata keçirilməsinə və bu məqsədlə onlara bərabər imkanların yaradılmasına təminat verir.
Maddə 9. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanlar
9.1. Dövlət qadın və kişilərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasını təmin edir.
9.2. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı cinsi ayrı-seçkilik yolverilməzdir.
Maddə 10. Təsərrüfat subyektlərinin idarə olunmasında bərabər imkanlar
10.1. Dövlət qadın və kişilərə təsərrüfat subyektlərinin idarə olunmasında iştirak etmək üçün bərabər imkanlar yaradır.
10.2. Təsərrüfat subyektlərinin idarə olunması sahəsində cinsi ayrı-seçkilik yolverilməzdir.
Maddə 11. Torpaqdan istifadə olunmasında bərabər imkanlar
11.1. Dövlət qadın və kişilərə onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrindən istifadə edilməsində bərabər imkanlar yaradır.
11.2. Qadın və kişilərin torpaq hüququ eyni səviyyədə müdafiə olunur.
Maddə 12. Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar
12.1. Dövlət qadın və kişilərə təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanlar təmin edir.
12.2. İşəgötürən qadın və kişilərə əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır.
12.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı cinsi ayrı-seçkilik hallarının mövcudluğunu yoxlamaq məqsədi ilə məktəblərdə və digər tədris müəssisələrində tədris proqramlarının, dərsliklərin və başqa tədris vəsamtlərinin ekspertizasını keçirilir.
12.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ali məktəblərin, ixtisasartırma kurslarının tədris proqramlarına gender bərabərliyinə daim fənnlərdaxil edir.
12.5. Dövlət bütün tədris müəssisələrinə qəbulda, şagird və tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində qadın və kişilər üçün bərabər imkanlar yaradılmasını təmin edir.
12.6. Tədris və elmi müəssisələrin fəaliyyətində aşagıdakı hallar cinsi ayrı-seçkilik kimi qiymətləndirilə bilər.
12.6.1. məktəblərə və ya müxtəlif tədris kurslarına qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı qadın və kişilərə qarşı fərqli tələblərin tədbiq edilməsi;
12.6.2. təhsil sahəsinin seçilməsində fərqli imkanların yaradılması.
Maddə 13. İstehlakçıların hüquqlarının qorunması sahəsində gender bərabərliyinin təminatları
13.1 Satıcılar, istehsalçılar və xidmət göstərənlər qadın və kişilərə eyni mal və ya xidmətlər təklif etməli, həmçinin eyni ölçüdə və keyfiyyətdə olan mal və xidmətlərə görə eyni qiymət tətbiq etməli və həmin mal və ya xidmətlərə eyni zamanət verməlidirlər.
13.2. Mal və ya onun qabı üzərində hər hansı məlumat, yaxud reklam yerləşdirərkən bu Qanun 13.1-ci maddəsində sadalanmış subyektlər gender bərabərliyinə riayət etməli, bir cinsin digər cinsdən üstünlüyünü göstərən elan və məlumatların yerləşdirilməsinə yol verməməlidirlər.
13.3 Bu Qanunun 13.1-ci maddəsində göstərilən subyektlərin fəaliyyətində aşagıdakı hallar cinsi ayrı-seçkilik kimi qiymətləndirilə bilər:
13.3.1. eyni mal və xidmətlərə görə qadın və kişilər üçün fərqli qiymətlərin tətbiq edilməsi;
13.3.2. mal və ya onun qabı üzərində məlumat, yaxud reklam yerləşdirilərkən bir cinsin digər cinsdən üstünlüyü göstərən məlumatların verilməsi.
13.4 İstehlakçıların hüquqlarının qorunması sahəsində gender bərabərliyinə riayət olunmasına nəzarəti Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
IV Fəsil Əmək münasibətlərində gender bərabərliyinin təminatları
Maddə 14. Əmək fəaliyyətinin sərbəst seçilməsində bərabər imkanlar
14.1. Dövlət qadın və kişilərə peşə seçimində, peşəkar fəaliyyətlə məşğul olmaqda, əmək şəraitinin yaxşılaşdırılmasında bərabər imkanların yaradılmasını təmin edir.
14.2. İşəgötürən əmək fəaliyyətində qadın və kişilərin hüquq bərabərliyini təmin etməlidir.
14.3. İşə qəbul, irəli çəkilmə, işdən azad etmə və ya işin müvəqqəti olaraq dayandırıldığı zaman işə götürən qadın və kişilərə eyni yanaşmalıdır.
14.4.. İşə qəbul, irəli çəkilmə, işdən azad etmə və ya işin müvəqqəti olaraq dayandırıldığı zaman müxtəlif cinsli şəxslərə fərqli yanaşdıqda, işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını sübut etməlidir.
14.5. İşə qəbul edilmək bərabər müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqaisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir.
14.6. İşçiyə qarşı tədbiq edilmiş ayrı-seçkiliklə bağlı həmin işçinin və ya onun hüquqlarını müdafiə edən şəxsin iddiası üzrə işə baxıldıqda, ayrı-seçkiliyə yol verilmədiyini sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
Maddə 15. Əməyin ödənilməsində bərabərlik
15.1. Cinsindən asılı olmayaraq eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən işçilərə əmək haqqı eyni ödənilməlidir.
15.2. Eyni işi yerinə yetirən qadın və kişilərin əmək haqqı müxtəlif olduqda, işəgötürən əmək haqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını sübuta yetirməlidir.
Maddə 16. İşçilər kütləvi şəkildə işdən azad edildikdə hüquq bərabərliyinin təminatları
İşçilərin kütləvi şəkildə işdən azad edildiyi hallarda işdən azad edilən bir cinsdən olan şəxslərin sayı həmin idarə, müəssisə və təşkilatda bu cinsdən olan işçilərin ümumi sayına mütənasib olmalıdır.
Maddə17. İşəgötürən tərəfindən seksual təqibə məruz qalmış qadın və kişilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi
17.1. İşəgötürənin seksual təqiblərini rədd etmiş və ya cinsi ayrı-seçkilik tətbiq edildiyinə görə iəşgötürəndən şikayət vermiş qadın və ya kişi işəgötürən tərəfindən hər hansı təzyiq və ya təqibə məruz qala bilməzlər.
17.2. Bu Qanun 19.1-ci maddəsində göstərilən əsaslarla işçilərə təzyiq və ya tətbiq göstərən işəgötürən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
V Fəsil Müxtəlif cinsli şəxslərin hüquq bərabərliyinin pozulması
Maddə 18. İşəgötürənin ayrı-seçkili davranışı
18.0. İşəgötürənin aşağıdakı davranışı ayrı-seçkilik hesab olunur:
18.0.1. eyni işə görə qadın və kişilərə fərqli əmək haqqının ödənilməsi və ya iş yerinin verilməsi;
18.0.2. eyni işlə məşğul olan qadın və kişilərə fərqli iş şəraitinin yaradılması;
18.0.3. eyni pozuntuya görə qadın və kişilərə fərqli intizam tənbehi tədbirin tətbiq edilməsi;
18.0.4. hər hansı cinsə mənsub olduğuna görə işçinin başqa işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi;
18.0.5. ayrı-seçkilikdən və seksual təqibdən şikayət edən işçinin təkrar təqib edilməsi;
18.0.6. işin keyfiyyətini qiymətləndirərkən qadın və kişilərin yerinə yetirdiyi eyni işə dair fərqli meyarların tətbiq edilməsi.
Maddə 19. Ayrı-seçkiliyi əks etdirən elan
19.1. İşə qəbul və ya təhsil imkanları haqqında elanlarda qadın və kişilərə fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünülük verilməsinə, iş axtarışında olan şəxslərdən onlarən ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar tələb edilməsinə yol verilmir.
19.2. Alçaldıcı məzmunlu, qadın və kişilərin hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır.
19.3. Bu Qanunun 19.2.-ci maddəsində göstərilən elanın dərc edilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və ya qaydada məsuliyyət daşıyırlar.
Maddə 20. Gender bərabərliyinin pozulması ilə bağlı şikayətlərə baxılması
Gender bərabərliyinin pozulması ilə bağlı şikayətlərə ¨Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında Konstitusiya Qanununa uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) baxır.